Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8128/2024 06.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxs: "xxxx" MTK) “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 7 №-li, üç otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və xx.xx.2023-cü il tarixində qəbul edilmiş, **********572200 saylı imtina qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0173 saylı Payçı müqaviləsini bağlamışıq. Həmin Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu,A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 7 №li, üç otaqlı olan mənzili almışam və bu mənzilə görə ƏDV daxil 150 844 (bir yüz əlli min səkkiz yüz qırx dörd) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. İddiaçı ƏDV-nin geri qaytarılması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********572200 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasf'nm (bundan sonra"Qayda’’) 5.1.2-ci bəndinə əsasən Ahcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qərarı əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 0173 nömrəli müqavilə və bank mədaxil qəbzləri əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Bununla da onun müraciəti üzrə “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixində qəbul edilmiş **********572200 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş İddiaçı göndərlimişdir. Lakin iddiaçı tərəf məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia öhdəliyin icrası növündə iddia olduğundan müddətlə bağlı şərtin də tətbiq edilməsi zərurəti mövcud olmamışdır. Belə ki, iddia tələbindən də göründüyü kimi hazırkı iddia ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi ilə əlaqədardır ki, göstərilən məlumatın ötürülməsinə dair iddianın inzibati aktın qəbul edilməsinə dair iddia kimi qiymətləndirilməsi istisna edilməlidir. Məlumatın ötürülməsinə dair inzibati aktın qəbul edilməsi nəzərdə tutulmadığından, həmin növ iddia öhdəliyin icrası növündə iddia hesab edilir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edilmədiyindən məlumatın ötürülməsindən imtinaya dair qərarın mübahisələndirilibmübahisələndirilməsindən asılı olmayaraq məlumatın ötürülməsinə dair iddiaya mahiyyəti üzrə qiymət verilməsi zəruridir. Beləliklə də, öhdəliyin icrası növündə iddia üzrə cavabdehin imtinası qərar formasında olub-olmamasından asılı olmayaraq mübahisələndirmə növündə iddiadan fərqli olaraq iddiaçı həmin qərar və imtinanın ləğvini tələb etmədən də onun hüquq və mənafelərinin təmini üçün cavabdehdən aktiv hərəkətlərin edilməsini, başqa sözlə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin tələb isə inzibati aktın qəbulu ilə əlaqədar olmadığından həmin növ mübahisələrə müddət şamil edilmir. Hazırkı iş üzrə də iddiaçının hüquqi marağı məlumatın müvəkkil banka ötürülməsi ilə əlaqədardır ki, məlumatın ötürülməsinə dair hazırkı iddia öhdəliyin icrası növündə iddiadır və iddia müddəti şamil edilməyən iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 aprel 2022-ci il tarixli 0173 №-li payçı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən: -1.1 “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan“AVANT PARK” yaşayış kompleksinin 4-cü binasında, 4cü blok, 13-cü mərtəbə, 7 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”-nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürür. -1.2 “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin -cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 7 №-li, 3 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. -2.5 “Payçı” Müqavilənin ümumi dəyərinin qalıq 104.800 (bir yüz dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini, “Payçı” və “MTK” arasında bağlanmış bu müqavilənin 1 saylı əlavəsi üzrə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürür. - 2.7 "Payçı" ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir. Mədaxil qəbzlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə ümumilikdə 150.844 manat ödəniş edərək "xxxx" MTK-nın bank hesabına köçürmüşdür. Son ödəniş xx.xx.2023cü il tarixdə 15.000 manat məbləğində həyata keçirilmişdir. "xxxx" MTK-nın 22 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 150.844 (bir yüz əlli min səkkiz yüz qırx dörd) manat məbləğin 23.010,10 (iyirmi üç min on) manat 10 qəpik ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Qərarda qeyd olunmuşdur ki: - “Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir.” Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, AR VM-nin: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Fərmanın icrası ilə bağlı fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan Qaydalarda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması mexanizmi müəyyən edilmiş, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetin yaradılması, elektron kabinet vasitəsilə müraciətinin edilməsi və zəruri olan sənədlərin əhatə dairəsi şərtləndirilmişdir. Yuxarıda adıçəkilən Qaydaların tələblərini rəhbər tutaraq, iddiaçı yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə, imtinanın əsassız olması ilə bağlı aşağıdakiları diqqətə çatdırmağı zəruri hesab edir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı ilə "xxxx" MTK arasında müqavilə bağlanmış, həmin müqavilə münasibətləri zənnində iddiaçı Bakı şəhəri, Yasamal rayonu,A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 7 №-li, 3 otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 150.844 manat məbləğində pul vəsaitlərini MTK-nın hesabına mədaxil edilmişdir. Doğrudur ki, iddiaçı tərəfindən ödənilən mənzilin dəyəri (ƏDV daxil) "xxxx" MTK-nın bank hesabına köçürülmüşdür. Lakin göstərilən bu hal hazırki iddianın təminin istisna etmir. Belə ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. İddiaçının nail olmaq istədiyi məqsəd mənzilin dəyərini ödəmək və müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri icra etməkdən ibarət olmuşdur. Yəni, faktiki olaraq, iddiaçının mənzilin dəyərinin (ƏDV daxil olmaqla) "xxxx" MTK-nın bank hesabına ödənilməsi ona güzəşt vermir. Başqa sözlə desək, mənzilin ƏDV məbləğinin "xxxx" MTK-nın bank hesabına yoxsa ƏDV hesabına ödənilməsindən asılı olmayaraq ona hər hansı güzəşt tətbiq olunmamışdır. Məhkəmə qeyd edir ki, təqsir konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. İddiaçinin isə bu davranışları etməkdə, yuxarıda da qeyd olunduğu kimi mənzilin ƏDV daxil dəyəri MTK-nın bank hesabına köçürməkdə hər hansı marağı olmamışdır. Odur ki, iddiaçı tərəfindən "xxxx" MTK-nın bank hesabına ödənişin həyata keçirilməsi onun təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa Məhkəmə bildirir ki, "xxxx" MTK iddiaçıya ünvanladığı məktubda mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsinin tələb olunmadığında istinad edərək ona e-qaimə təqdim etmədiyini təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, e-qaimənin iddiaçıya təqdim edib-edilməməsindən asılı olmayaraq, "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabatın təqdim edilməsi və depozit hesabına köçürülmüş olması hər hansı şübhə və mübahisə yoxdur. Əgər belə bir hal olsa idi, cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergiyayınma halına görə MTKya maliyyə sanksiyası tətbiq etmiş olardır. Məhkəmə yuxarıda göstərilən bütün hallara və əsaslara məcmu şəkildə qiymət verərək hesab edir ki, cavabdehin yanaşması düzgün olmamışdır. Məhkəmə həmçinin, onun da qeyd edilməsini zəruri hesab edir ki, Qaydaların tələbindən də müəyyən edildiyi kimi qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq müraciət edilməsi ilə əlaqədar şərt də hazırkı halda pozulmamış, iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MTK ilə alqı-satqı müqaviləsi bağlanmış, qəbzlərdən də göründüyü kimi son ödəniş xx.xx.2023-cü il tarixində Azərbaycan Beynəlxalq Bankının hesabdan MTK-nın hesabına pul köçürülmüş və daha sonra iddiaçı tərəfindən 90 gün müddət keçmədən cavabdehə müraciət etmişdir. Tərəflər arasında müddət məsələsi mübahisə doğurmamışdır. Məhkəmə son olaraq qeyd edir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir və Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatışmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdehin xx.xx.2023-cü il tarixində qəbul edilmiş, **********572200 saylı qərarı ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 7 №-li, üç otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov