Məhkəmə qərarları › İş №2-1(112)-8129/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8129/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8129/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə, üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Fuad Fərhadoğlu adına 230 №-li Tam Orta Məktəbinə qarşı əmrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə, üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Fuad Fərhadoğlu adına 230 №-li Tam Orta Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbin əmrlərin qeydiyyatı kitabında onun işdən cıxarılmağı barədə 474 №-li, 30.12.2014-cü il tarixli əmrin qeyd olunub-olunmamasının araşdırılması öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını, qeyd olunan əmrin mənbəyinin olmadığı müəyyən edildiyi təqdirdə əmrdən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15.09.2012-ci il tarixli 111 saylı əmrilə Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbə coğrafıya müəllimi təyin edilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Təhsil Nazirliyinin müsabiqə komissiyasının müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi imtahanın nəticəsi olmuşdur. Məktəbin direktoru ilə münasibətləri korlandığından heç bir əsas olmadan 30.12.2014-cü il tarixdə işdən azad olunmağı barədə 474 №-li əmr verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 85-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamlar, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatı aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən qeydiyyat kitabı xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbin direktoru Elşən Qafarovun 474 №-li əmrinə əsasən 30.12.2014-cü il tarixdə işdən azad olunsa da ona hazırda məlum olmuşdur ki, həmin əmr Əmək Məcəlləsinin 85-ci maddəsinin tələbinə uyğun olaraq əmrlərin qeydiyyatı aparılmalı olan xüsusi kitabda qeydə alınmamışdır. Qanunla bağlı məktəbin rəhbərliyinə dəfələrlə müraciət edərək onun işdən çıxarılmağı barədə 474 №-li, 30.12.2014-cü il tarixli əmrin məktəbin əmr kitabından mənbə göstərilməklə çıxarışın ona təqdim edilməsini xahiş etsə də qeyd olunan əmrdən çıxarış kserosurəti ona təqdim edilsə də, həmin əmrin mənbəyi ilə əmrlərin qeydiyyatı kitabında onun tanış olmağına şərait yaradılmamışdır. Çünki onda olan məlumata əsasən qeyd etdiyi kimi onun işdən çıxarılmağı barədə əmr qanunvericiliyin tələbinə uyğun olaraq əmrlərin qeydiyyatı kitabında qeyd olunmamış və ona mənbəyi olmayan əmrdən cıxarış təqdim edilmişdir. Onun işdən azad olunmağı barədə 474 №-li əmr 30.12.2014-cii il tarixdə verilsə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş 13.01.2015-ci il tarixdə xxxxxxx0001xo qeydiyyat nömrəli bildirşlə elektron informasiya sisteminə daxil edilmişdir. Onun işdən çıxarılmağı barədə 474 №-li, 30.12.2015-cü il tarixli əmrin mənbəyi ona təqdim olunmadığından və onda olan məlumata əsasən həmin əmr ümumiyyətlə əmrlərin qeydiyyatı kitabında olmadığından həmin məsələnin araşdırılması üçün müvafiq orqana, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etsə də heç bir araşdırma aparılmamış, yalnız müraciətilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi və Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəb tərəfindən ona cavab yazılaraq əsası olmayan əmrdən çıxarış təqdim edilmişdir. Həmçinin onun müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlandığı 19.03.2021-ci il tarixli, 21-0090-01-01-020400 saylı məktub belə nəzərə alınmamışdır. Üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia tələbində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin əmrlərin qeydiyyatı kitabında iddiaçının işdən çıxarılmağı barədə 30.12.2014-cü il tarixli, 474 nömrəli əmrin qeyd olunub-olunmamasının araşdırılması öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını, qeyd olunan əmrin mənbəyinin olmadığı müəyyən edildiyi təqdirdə əmrdən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbi tamamilə əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ilə bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri, habelə digər əmrləri xüsusi kitab və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatı aparılmalıdır. Həmin məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq- hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə görə “Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq mürıasibətləri, təbii ehtiyatlardarı istifadə olurıması və ya ətraf mühitirı qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır”. X2 Məcəllənin 2.2-ci maddəsində isə inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların siyahısı verilir. Həmin siyahıya əsasən də yuxarıda adı çəkilən iddianın inzibati iş olmadığı aşkar olunur. İddiaçının ərizəsinin məzmunundan göründüyü kimi, iddia tələbi əmək mübahisəsi ilə bağlıdır və işdən azad olunma barədə əmrin əmrlərin qeydiyyat kitabında qeyd olunubolunmamasının araşdırılması və bu barədə işçiyə rəsmi məlumat verilməsi işəgötürənin publik səlahiyyətlərinə aid olan məsələ deyil. Həmçinin qeyd olunan əmrin mənbəyinin olmadığı müəyyən edildiyi təqdirdə əmrdən çıxarışın etibarsız hesab edilməsi tələbi əmək mübahisəsı hesab olunur. Bu səbəbdən iddia ərizəsi məhkəmə aidiyyətinə dair qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Qeyd olunanlara əsasən hesab etmişlər ki, iddia ərizəsinə inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 15.3 bəndində vurğulanır ki, “Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır”. Bu bənddən də görünür ki, iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırki iddia ərizəsindəki göstərdiyi tələbi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmiş, oradan isə ərizəsi aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə iclasında üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi nümayəndəsi X1 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və digər üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə cavabdehin və digər üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 230 saylı məktəbin 30.12.2014-cü il tarixli, 474 №-li əmrdən çıxarışın surətindən görünür ki, məktəbin coğrafiya müəllimi İddiaçı üzürlü səbəb olmadan 1-29 dekabr tarixlərində işə gəlmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - Məhkəmə qərarlarının surətlərindən görünür ki, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 25.05.2015-ci il tarixli, 2(003)-2616/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Bakı şəhəri, Xəzər rayonu, 230 saylı tam orta məktəbə qarşı 230 saylı tam orta məktəbin direktoru E.Qafarov tərəfindən imzalanmış və təsdiq edilmiş 30.12.2014-cü il tarixli, 474 nömrəli əmrin ləğv edilməsinə, onun bu məktəbdə tutduğu vəzifəyə bərpa olunmasına dair, habelə məcburi buraxılmış günlər üçün nəzərdə tutulan əmək haqqının alınıb ona qaytarılması tələbinə iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(103)-5827/2015 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 25.05.2015-ci il tarixli, 2(003)-2616/2015 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2016-cı il tarixli, 2(102)-2069/2016 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(103)-5827/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27.04.2021-ci il tarixli, Ə-5074/02/10 nömrəli məktubun surətindən görünür ki, əmək müqaviləsinin ləğvi barədə verilmiş əmrin məktəbin əmr kitabında qeydiyyatının aparılmamasına dair Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlandığı və baxılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə yönləndirilmiş ərizələrinə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri, habelə digər əmrləri xüsusi kitab və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Nəzərinə çatdırılır ki, Bakı şəhəri 230 nömrəli tam orta məktəb üzrə verilmiş 30.12.2014-cü il tarixli, 747 nömrəli əmrə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi (13.01.2015-ci il tarixdə, xxxxxxx0001xo qeydiyyat nömrəli bildiriş) elektron informasiya sisteminə daxil edilmişdir. Əlavə olaraq nəzərinə çatdırılır ki, onun Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlandığı eyni məzmunlu ərizəsinə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 29.10.2020-ci il tarixli, Ə-9069/02/10 qeydiyyat nömrəli məktubu ilə cavab verilmişdir. Hüquqlarının pozulduğunu hesab edirsə müvafiq qaydada məhkəmə orqanlarına müraciət edə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 230 nömrəli tam orta məktəb üzrə verilmiş 30.12.2014-cü il tarixli, 747 nömrəli əmrə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş və iddiası məhkəmələr tərəfindən təmin edilməmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbin əmrlərin qeydiyyatı kitabında onun işdən cıxarılmağı barədə 474 №-li, 30.12.2014-cü il tarixli əmrin qeyd olunub-olunmamasının araşdırılması öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını, qeyd olunan əmrin mənbəyinin olmadığı müəyyən edildiyi təqdirdə əmrdən çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının: - 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır - 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı hüququ marağı, yəni çatmaq istədiyi məqsədi barəsində qəbul edilmiş 474 №-li, 30.12.2014-cü il tarixli əmrin ləvğ edilməsi və işə bərpa olunmasının təmin edilməsindən ibarətdir. Bu hal isə artıq məhkəmələr tərəfindən baxılmış və qiymətləndirilmişdir. Bundan əlavə İddiaçı mübahisələndirdiyi hal inzibati hüquq münasibətləri ilə bağlı deyil, əmək münasibətlərində irəli gələn haldır ki, bu da inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi inzibati icraat çərçivəsində mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar