Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8130/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs SOCAR-ın “Azneft” İstehsalat Birliyi cəlb olunmaqla) “torpaq sahəsi üzərində çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvandakı yaşayış evinə bitişik sahələr daxil olmaqla evi ilə birlikdə onun yerləşdiyi 1103,9 kv.m təşkil edən torpaq sahəsinə də hüququnun qeydə alınmaqla yeni çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçının məhkəməyə təqdim etdiyi sonuncu dəqiqləşmə ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi 1103,9 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 19 iyun 1993-cü il tarixli, 1205 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən 167 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1000,0 kv.m torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti və həmin rayonun digər qurumlarının komissyasının 06 oktyabr 1997-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən 167 nömrəli sahədə inşa etdiyi evi mülkiyyət hüququnun qeydə alınmasına və istifadəyə verilməsinə icazə verilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən reyestr nömrəsi 30/2115 saylı 27 dekabr 1997-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir. Layihə əsasında tikdiyi və ona məxsus olan evə Bakı şəhəri, ünvan 2 ünvan verilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 19 avqust 1998-ci il tarixli 1409 nömrəli sərəncamına əsasən o, 1000,0 kv.m torpaq sahəsində yerləşmiş, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 167 nömrəli yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. Həmin sərəncama əsasən əlavə olunmuş 103,9 kv.m torpaq sahəsinin iddiaçının istifadəsində saxlanılması və həmin torpaq sahəsinin 1103,9 kv.m torpaq sahəsində yerləşmiş hesab olunması qərara alınmışdır. Bundan sonra Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 167 nömrəli evi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 06 nömrəli reyestr kitabında 803cü səhifəsində qeydə alınıb və ona MH Seryalı 154908 nömrəli xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin evi Suraxanı rayonu, Bülbülə qəsəbəsi nümayəndəliyində qeydə alınıb. Daha sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2296 nömrəli sərəncamına əsasən evinə bitişik köməkçi otaqların tikintisinə də icazə verilmişdir. Evin yerləşdiyi və ümumilikdə ona ayrılan torpaq sahəsi 1103,9 kv.m təşkil edir. Həmin torpaq sahəsi uzun illərdir onun istifadəsindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi 30/2115 saylı 27 dekabr 1997-ci il tarixli texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin ölçüləri qeyd edilmişdir. İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədin (qeydiyyat vəsiqəsinin) yenilənməsi və evinin yerləşdiyi torpaq sahəsinə də hüqularının qeydə alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin təmin edilməmişdir. Cavabdeh nəzərə almayıb ki, ona ayrılan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilməyib və verilməsi də mümkün deyil. Belə ki, torpaq sahəsi xx.xx.1993-cü il tarixli 1205 və xx.xx.1998-ci il tarixli 1409 nömrəli sərəncamlara əsasən ona verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə SOCAR-ın “Azneft” İB üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (Balaxanı Ə.Ş). Fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində işlək vəziyyətdə olmayan üstü betonla bağlanmış neft quyusu mövcuddur. Aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sorğuya cavab olaraq göndərdiyi SoCaR**********60040033b00126 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti təmin edilməmişdir. -Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1993-cü il tarixli 1205 nömrəli sərəncamının arxiv çıxarışından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən, 169 nömrəli sahədə 1000,0 kv.m torpaq sahəsi ayrılmışdır. -xx.xx.1993-cü il tarixli aktdan görünür ki, Suraxanı RİHB aparatının 1-ci dərəcəli mütəxəssisi, Suraxanı İHB-nin Bülbülə qəsəbə nümayəndəsinin və iddiaçının iştirakı ilə yuxarıda göstərilən sərəncam əsasında iddiaçıya ayrılmış sahə iddiaçıya təhvil verilmiş və həmin sahənin cizgisi tərtib edilmişdir. -Suraxanı RİHB-nin 1409 saylı, xx.xx.1998-ci il tarixli sərəncamının surətindən görünür ki, iddiaçının 1993-cü ildə tikdiyi 1000 kv.m torpaq sahəsində yerləşən Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 167 nömrəli yaşayış evinin mülkiyyətçisi hesab edilmişdir. Həmin sərəncamın 2-ci bəndində göstərilmişdir ki, əlavə olunmuş 103,9 kv.m torpaq sahəsi vətəndaş Kazımovun istifadəsində saxlanılsın və həmin mülk 1103,9 kv.m torpaq sahəsində yerləşmiş hesab olunsun. -Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 154908 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. -Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 noyabr 1999-cu il tarixli 2296 nömrəli sərəncamına əsasən İddiaçı öz həyətində A tikilisinə bitişik (6,3x3,5+ 4,5x5 m) iki yaşayış otağının, köməkçi otağın tikintisinə icazə verilmişdir. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş dekabr 1997-ci il tarixli Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən küçəsi, 167 saylı sahəyə dair texniki pasportun surətindən görünür ki, torpaq sahəsinin sənədlə ölçüsünün 1000.0, həqiqi sahənin 1103,9, tikinti altı sahənin 180,9 olduğu qeyd edilmişdir. -ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin, həmin torpaq sahəsinə bitişik olan (qonşuluqda olan) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınmasına dair müvafiq çıxarışların verilməsinə dair sənədlər, sahənin ortofoto görüntüləri cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə təqdim edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi ünvan 1 ünvanda yerləşən və istifadəsində olan 1103,09 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasınaa yönəlmişdir. Bununla bağlı yuxarıda istinad olunan sənədlərə istinad edərək cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin dəlilləri belə olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi neft şirkətinin istifadəsinə verilmiş ərazidir, həmçinin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində işlək vəziyyətdə olmayan üstü betonla bağlanmış neft quyusu mövcuddur. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin imtinasında qeyd olunan halların yoxlanılması məqsədilə İddiaçı iddia etdiyi torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə ayrılmış ərazilərin hüdudları daxilində yerləşib-yerləşmədiyinə dair məlumat verilməsi barədə SOCAR-a sorğu verilmişdir. SOCAR-ın cavab məktubunda bildirilmişdir ki, təqdim edilən koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və həmçinin 1825 (torpaq sahəsinin daxilində) və 1654 (46 metr) nömrəli ləğv olunmuş neft quyularının mühafizə zonası daxilində yerləşir. Sorğuya həmçinin, iddia olunan sahənin “Azneft” İB-nin rəis müavini tərəfindən xx.xx.1976-cı il tarixdə təsdiq edilmiş 1976-cı il vəziyyətinə görə Abşeron yarımadasında neft və qaz yataqlarının sərhədləri və hazırda Azneft İB-nin “Balaxanıneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin daxilində olduğunu təsdiq edən xəritələrdən çıxarışlar əlavə edilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsinin daxilində (1825 saylı) və 46 metr məsafədə (1654) 2 ədəd neft quyusunun yerləşməsi barədə cavabdeh inzibati orqanın dəlilləri neft şirkətinin təqdim etdiyi məlumatlar və xəritədən çıxarışlarla təsdiq olunduğundan təhlükə potensiallı ərazi baxımından iddiaçının tələbinin təmin edilməsini istisna edir. Belə olan halda, iddiaçının və ailə üzvlərinin təhlükəsizliyi baxımından həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını məhkəmə qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinə görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, yanacaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8130/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8130/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver