Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8131/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 36 kv.m. torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 04 saylı qərarının və bu qərar əsasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinin ləğv edilməsinə dair Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 05 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 04 saylı qərarı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun 11.8ci maddəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Qanunla təsdiq edilmiş Əsasnamənin 9-cu bəndinə əsasən A.M.Şərifzadə küçəsi 37a/182 ünvanında yerləşən ictimai-iaşə obyektinə bitişik ümumi istifadədə olan torpaq sahəsindən 36 kv.m. sahə şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaq ayırma qaydası tətbiq edilmədən icarə hüquqları əsasında İddiaçı ayrılmış və icarə müqaviləsi bağlanılmışdır. Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 05 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən 36 kv.m. torpaq sahəsinin İddiaçı icarəyə verilməsi barədə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 04 saylı qərarı və bu qərar əsasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 04 saylı qərarı qəbul edilərkən və bu qərar əsasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi imzalanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin onun tərəfindən qeyd olunan qərarın və həmin qərar əsasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinin bütün şərtlərinə əməl edilmişdir. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli, 05 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən 36 kv.m. torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 04 saylı qərarı və bu qərar əsasında bağlanmış xx.xx.2012-ci il tarixli 14 nömrəli icarə müqaviləsi qanunsuz və əsassız olaraq ləğv edilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən Bakı şəhəri Cavabdeh həmin qərarı və icarə müqaviləsini ləğv etmək səlahiyyəti yoxdur. Həmin qərar və icarə müqaviləsi yalnız məhkəmə qaydasında mübahisələndirilə və ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya münasibət bildirərək göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən 36 kv.m. torpaq sahəsinə Cavabdeh xx.xx.2012-ci il tarixli 04 saylı iclasının Qərarı ilə İddiaçı icarəyə verilmiş və İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 14 saylı Torpaq İcarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi icarəyə verilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd alınmamış, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi təmin edilməmiş, bağlanmış icarə müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən, dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli 04 saylı iclasının Qərarı ilə İddiaçı icarəsinə verilmiş, xx.xx.2012-ci il tarixdə 14 saylı Torpaq İcarə müqaviləsi xx.xx.2022-ci il tarixdə bələdiyyənin ümumi iclasında müzakirəyə çıxarılmış və İcarə Müqaviləsi iclasın xx.xx.2022-ci il tarixli 05/01 saylı Qərarı ilə ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Cavabdeh xx.xx.2012ci il tarixli 04 saylı 4/1 №-li qərarı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.8-ci maddəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Qanunla təsdiq edilmiş Əsasnamənin 9-cu bəndinə əsasən A.M.Şərifzadə küçəsi 37a/182 ünvanda yerləşən ictimai-iaşə obyektinə bitişik ümumi istifadədə olan torpaq sahəsindən 36 m2 şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaq ayırma qaydası tətbiq edilmədən icarə hüquqları əsasında İddiaçı ayrılması və icarə müqaviləsi bağlanması qərara alınmışdır; xx.xx.2012-ci il tarixli 14 №-li “Torpaq icarə müqaviləsi”nə əsasən Cavabdeh ilə İddiaçı arasında ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 36 kv.m olan torpaq sahəsinin İddiaçı müvəqqəti istifadəyə verilmişdir; Cavabdeh 07 aprel 2022-ci il tarixli 05 saylı iclas Protokolundan 05/01 №-li çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən 36 kv.metr torpaq sahəsinin İddiaçı icarəyə verilməsi barədə Cavabdeh xx.xx.2012-ci il tarixli 04 saylı qərarı və bu qərar əsasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli 04 saylı 4/1 №-li qərarı ilə iddiaçıya torpaq sahəsi ayrılmış və həmin qərar əsasında xx.xx.2012-ci il tarixli 14 №-li “Torpaq icarə müqaviləsi” bağlanmışdır. Lakin cavabdeh 07 aprel 2022-ci il tarixli 05 saylı qərarla iddiaçıya torpaq ayrılması barədə qərarı və həmin qərar əsasında bağlanmış icarə müqaviləsini ləğv etmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 21.1-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2-ci maddəsinə əsasən, Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur; 57.1-ci maddəsinə əsasən, Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir; 58.3-cü maddəsinə əsasən, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İş materiallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı qərar və icarə müqaviləsi mübahisələndirilən qərarla ləğv edilmişdir. Lakin həmin qərarın qəbul edilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yəni, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, qeyd olunan qərarla iddiaçının qanunla qorunan əşya hüquqlarına qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh torpaq sahəsinin icarəyə verilməsi barədə qərarın ləğv edilməsi məsələsini həll edərkən həm “Bələdiyyələrin statusu haqqında” Qanunun, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə mübahisələndirilən qərarın “icarə müqaviləsinin ləğv edilməsi”nə dair hissəsinə münasibətdə aşağıdakıların da qeyd ediləməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; 423.2-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərində göstərilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iş üzrə cavabdehin tərəfi olduğu müqaviləni inzibati akt qəbul etməklə birtərəfli qaydada ləğv etmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin müqavilə tərəflərin razılaşması ilə və ya mülki məhkəmə icraatı qaydasında ləğv oluna bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 04 saylı qərarının və bu qərar əsasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 05 saylı qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 04 saylı qərarının və bu qərar əsasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 05 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8131/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8131/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver