Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8132/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarı və B/C saylı order əsasında ayrılmış və Bakı şəhəri, Xəzər rayonu, X7 sahəsində, 178 saylı ВТК nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2Q/32 saylı bağ sahəsinə hüququn vəfat etmiş X2 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/26 saylı qərarı və B/C saylı order əsasında keçmiş Bağlar İdarəsi tərəfindən Xəzər rayonu, X7 sahəsində, 178 saylı ВТК nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2Q/32 saylı bağ sahəsi həyat yoldaşı X2 verilmişdir. Həyat yoldaşı X4 xx.xx.2019-cu ildə vəfat etmişdir. Qeyd olunan vaxtdan o həmin bağ sahəsindən təyinatı üzrə istifadə edir. Mülkiyyət və vərəsəlik hüquqlarının bərpası məqsədilə tərəfindən Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizə ilə müraciət edilmiş, həmin notariat kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 899 saylı saylı məktub ilə onun xx.xx.2019-cu ildə vəfat etmiş X1 vərəsəsi olmağı müəyyən edilərək vərəsəlik işi açılmış və vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün Xəzər rayonu, X7 sahəsində, 178 saylı ВТК nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2Q/32 saylı bağ sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Hazırda mərhumun vərəsələrinin həmin bağ sahəsində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün, həmin bağ sahəsinə müvafiq arayışın verilməsinə zərurət yaranmışdır. Bu barədə əvvəlki müraciətə cavab olaraq xx.xx.2020-ci ildə imtina edilmiş, bildirişdə yazılmışdır ki, bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Sonradan xx.xx.2021-ci il tarixli bildirişlə təkrarən imtina edilmiş və qeyd edilmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin bağ torpaq sahəsinin bir hissəsi 110 kv.luq elektrik xəttinin və digər hissəsi isə dəmiryolunun mühafizə zolağına düşür. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina bildirişi müvafiq yoxlama aparılmadan və formal olaraq verilmişdir. Belə ki, "xxxx" QSC-nin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xəzər rayonu, X7 sahəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2Q/32 saylı bağ sahəsi dəmir yolunun mühafizə zolağına düşmür. Cavabdehin imtinası əsassız və qanunsuz olmaqla onun hüquqlarını məhdudlaşdırır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənləri təkrarlayaraq iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 44 saylı bağ sahəsinin və indekslərinin əraziləridir. Həmçinin təqdim olunan sənədlər əsasında 2q/32 saylı bağ nömrəsinin faktiki göstərilən əraziyə aidiyyatı yoxdur və bağ sahəsinin bir hissəsi 110 kv-luq elelktrik xəttinin, digər hissəsi isə dəmir yol xəttinin mühafizəsi zonasında yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlıdır ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 saylı qərarından görünür ki, 178 nömrəli Çöl-Şüvəlan bağ tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş, bağçılığın 24 nəfər üzvünün olduğu göstərilmişdir. - Bakı şəhər XDS İK-nın 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarından görünür ki, X2 Şüvəlan massivində 178 saylı BTK-nın tərkibində bağ sahəsinin ayrılması qərara alınmışdır. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 178 №-li kooperativinin B/C saylı orderindən görünür ki, Bakı şəhər İKnın 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, X7 sahəsində, 178 saylı ВТК nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2Q/32 saylı bağ sahəsi X2 ayrılmışdır. - Cavabdehin xx.xx.2024-cü il tarixli, **********44 nömrəli məktubundan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 1200.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən “2q/32” saylı torpaq sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Təqdim olunan sənədlərə və məktubda göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən torpaq sahəsinin bir hissəsi 6 kvt-lıq elektrik xəttinin, digər hissəsi isə dəmir yol xəttinin mühafizə zonasında yerləşir. - xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2019cu ildə ölmüşdür. - Bakı şəhər 7 saylı xüsusi notariat ofisinin 10 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, X1 xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2020-ci il tarixli ərizəsi əsasında mərhumun varisi əri İddiaçı olması barədə cavabdehə məlumat verilmişdir. İddiaçı hazırda qeyd olunanlara istinad edərək, arvadı E.Gülümovaya ayrılmış 0,12 ha sahəsi olan 2q/32 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun E.Gülümovaya məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən arvadına bağçılıq tikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılması barədə qərarı və orderi təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçı E.Gülümovaya ayrılmış bağ sahəsi ilə bağlı hüquqların qeydə alınmasını tələb etməkdə haqlıdır. Belə ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 2q/32 saylı bağ sahəsinin iddiaçının arvadına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. İşdən görünür ki, cavabdeh də iddiaçının təqdim etdiyi qərar və orderi qəbul etmiş, həmin sənədləri mübahisələndirməmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakı dəlillərə istinad etmişdir:
1. iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 44 saylı bağ sahəsinin və indekslərinin əraziləridir və 2q/32 saylı bağ nömrəsinin faktiki göstərilən əraziyə aidiyyəti yoxdur;
2. bağ sahəsinin bir hissəsi 110 kv-luq elektrik xəttinin, digər hissəsi isə dəmir yol xəttinin mühafizəsi zonasında yerləşir. Məhkəmə iddiaçının ilkin dəlilli ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğunsuzluq təşkil etdiyini bildirsə də, həmin sahənin dəqiq hansı nömrəli bağ sahəsi olmasını, habelə iddiaçıya ayrılmış 2q/32 saylı bağ sahəsinin harada yerləşməsini göstərə bilməmiş, ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, 178 saylı BTK üzvlərinin 24 nəfərdən ibarət siyahısı və həmin şəxslərə ayrılmış 24 ədəd bağ sahəsinin yerləşmə planı 19 aprel 1990-cı ildə təsdiq edilmiş, həmin bağların içərisində 1-dən 103-ə qədər fərqli nömrələrdə bağ sahəsi olmuşdur. İddiaçıya mübahisəli bağ sahəsi həmin vaxt deyil, daha sonra - xx.xx.1990-cı ildə ayrılmış və ayrılan bağ sahəsinin nömrəsi 178 nömrəli BTK-nın Çöl Şüvəlan massivində yerləşən bağlarının yerləşmə planına daxil edilməmişdir. Buna görə də məhkəmə cavabdehin qeyd edilən dəlilinin iş materialları ilə sübuta yetmədiyini nəzərə alaraq hesab edir ki, bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. 3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə həmin torpaq sahəsinin xəritə və elektron kadastr üzrə yerləşmə məlumatlarını müəyyən etmək hazırkı iş üzrə cavabdeh olan Xidmətin vəzifələrinə aid edilmişdir. İkinci dəlilə gəldikdə, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 2q/32 saylı bağ sahəsi 6 kv-lıq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir. Bundan əlavə, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Buna görə də məhkəmə cavabdehin bağ sahəsinin bir hissəsi 110 kv-luq elektrik xəttinin mühafizə sonasında yerləşməsi barədə dəlilini əsaslı hesab etmir. Lakin işdə olan Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, X7 sahəsində yerləşən (dəmir yolunun Qala-Dübəndi mənzilinin 22-ci km pk7-də (əvvəlki 4-cü km pk4) torpaq sahəsinin 170 kv.m-lik hissəsi dəmiryolunun mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"na əsasən: - bənd 2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan terminlər: xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır; təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; sanitariya-mühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır; -bənd 15. Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. -bənd 16. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. - bənd 17. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. İstinad olunan normalardan görünür ki, dəmiryolunun mühafizə zolağında yerləşən ərazi şəxsin mülkiyyətinə verilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi 0,12 ha torpaq sahəsinin dəmiryolunun mühafizə zolağında yerləşən 170 kv.m-lik hissəsinə münasibətdə təmin edilməməlidir. Cavabdehin imtinası bu hissədə qanunidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia qismən təmin olunsun. İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, X7 sahəsində, 178 saylı ВТК nəzdində yerləşən 0,1030 ha torpaq sahəsindən ibarət 2Q/32 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi torpaq sahəsinin dəmiryolunun mühafizə zolağında yerləşən 170 kv.metr hissəsinə münasibət rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova