Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8135/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh X1 Xidmətinə qarşı “əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh X1 Xidmətinə qarşı “əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin “əmək və məşğulluq” altsisteminə daxil edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılırmışdır ki, o, işləmək üçün əmək müqaviləsi bağlamaq istərkən müəyyən etmişdir ki, ləğv edilmiş hüquqi şəxs ilə onun arasında bağlanılmış əmək müqaviləsi elektron informasiya sistemində qalmaqdadır. Bununla bağlı cavabdeh orqana müraciəti heç bir əsaslı səbəb olmadan təmin edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Cavabdehin imtina məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir. X2 Qeydiyyat İdarəsinin məktubundan görünür ki, İddiaçının əmək müqaviləsi olduğu "xxxx" MMC ləğv edilmiş və həmin qurum kommersiya X2 reyestrindən çıxarılmışdır. Vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, iddiaçı mək müqaviləsi bağlanılmaqla həmin müəssisənin direktorudur. Elektron informasiya sistemindən cavabdeh tərəfindən verilmiş çıxarışdan görünür ki, iddiaçının əmək müqavilöəsi 08 may 2021-ci il tarixdən sistemə əlavə edilməklə halhazırda qüvvədədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;
1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. 1-2. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar”ın: 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 3.1. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. 3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi. 6.2. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. 6.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti haqqında Əsasnamə”nin: 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.3-2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda işçinin elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etmək, bununla bağlı işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparmaq Qanunvericiliyin tələbindən də göründüyü kimi işçinin əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etmək və bu barədə məlumatları elektron informasiya sistemində yerləşdirmək Əsasnamə ilə cavabdehin vəzifəsi qismində tanınmışdır. Lakin, bu zaman əmək müqaviləsinin qüvvədən düşməsinin hər bir halı yox, yuxarıda qeyd olunan qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallar mövcud olmalıdır ki, həmin halların fiziki şəxs olan işəgötürənin vəfat etməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi, fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməsi, yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edilməsi, fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi, Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışının elan olunması, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilməsi formasında konkret siyahısı Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsi ilə müəyyən edilmişdir. Maddənin və aidiyyəti digər qanunvericilik aktlarının tələblərindən də görünür ki, işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilməsi və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılması yalnız həmin hallardan biri olduqda cavabdeh tərəfindən həyata keçirilə bilər. Digər hallarda isə cavabdehin elektron informasiya sistemində hər hansı məlumat dəyişikliyi etməsi, o cümlədən əmək müqaviləsinin qüvvədən salınmasına yönələn hərəkətlər etməsi və ya inzibati akt qəbul etməsi yol verilməzdir. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, iddiaçı barəsində əmək müqaviləsinin ləğv edilməsinə dair məlumatın elektron sistemə daxil edilməsi ilə bağlı konkret siyahıda müəyyən olunan hər hansı hal mövcud olmamışdır. Bu zaman həmin hallardan hazırkı işin faktiki halları ilə oxşarlıq təşkil edən fiziki şəxs olan işəgötürənin vəfat etməsi halının da analogiya üzrə tətbiqini məhkəmə yolverilməz hesab edir. Belə ki, qanunvericilikdə edilmiş dəyişiklikdən də göründüyü kimi hüquqi şəxsin ləğvi ilə bağlı yox, məhz işəgötürənin vəfat edilməsi halı ilə bağlı konkret tənzimləmə müəyyən edilmişdir ki, oxşarlıq olsa da işəgötürənin vəfat etməsi halı ilə hüquqi şəxsin ləğv edilməsi və dövlət reyestrindən çıxarılması anlayışlarının ən azından yuxarıda istinad olunan maddənin və cavabdehə hər hansı vəzifənin həvalə edilməsinin məqsədləri baxımından eyniləşdirilməsini məhkəmə yolverilməz hesab edir. Odur ki, iddiaçının əmək münasibətində olmuş olduğu hüquqi şəxslə bağladığı müqavilənin qüvvədən salınmasına dair məlumatın elektron informasiya sisteminə daxil edilməsi nə qədər ki qanunvericiliyin göstərilən müddəaları qeyd olunan redaksiyada qalmaqdadır cavabdehin səlahiyyətlərindən kənar hərəkət kimi qiymətləndirilməklə onun məsuliyyət sferasına daxil edilməsinin yolverilməzliyinə dair mövqeyin formalaşmasına əsas verir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olan maddi və prosessual hüquq normalarının tətbiqi nəticəsində qiymətləndirmə aparmaq səlahiyyətinə malikdir ki, yuxarıda adıçəkilən maddədə işəgötürən fiziki şəxsin vəfat etməsi halında müəyyən edilmiş tənzimləməni hüquqi şəxs ləğv edildiyi halda olan tənzimləmə ilə eyniləşdirmək səlahiyyətinə malik deyildir. Əks halda, həmin hal məhkəmənin maddi və prosessual hüquq normasının şərhi yox, onun dəyişdirilməsi deməkdir. Lakin, məhkəmə hesab edir ki, mövcud formalaşmış mülki praktikada hazırkı vəziyyətdə hazırkı işin faktiki hallarına münasibətdə iddiaçının hüquqi marağına uyğun tənzimləmə müəyyən etmişdir ki, iddiaçı məhz mülki müqavilənin qüvvədən düşmüş heab edilməsi barədə ərizə ilə maraqlı şəxs X1 Xidmətini müəyyən etməklə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququna malikdir. Xüsusi icraat qaydasında baxılan həmin iş üzrə qətnamələr isə iddiaçının hazırkı iş üzrə hüquqi marağına uyğun olmaqla son nəticədə əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi üçün altsistemdə məlumatların daxil edilməsinə əsas verir. Lakin, həmin prosedur qaydalar keçilmədən məhkəməyə xüsusi icraat qaydasında müraciət edilmədən, iddianın təmini barədə qətnamə qəbul edilmədən inzibati icraat qaydasında cavabdehin hər hansı qanunsuz hərəkət və hərəkətsizliyindən və onun səlahiyyətinə aid olmayan sahə ilə bağlı vəzifə müəyyən edilməsindən məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. İddiaçıya xüsusi icraat qaydasında maraqlı şəxs qismində cavabdeh müəyyən edilməklə əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsinin tanıdılması ilə bağlı aidiyyəti rayon məhkəməsinə müraciət etmək hüququ izah edilir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov