Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8136/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası filoloq, "xxxx" MMC-də işləyir), cavabdehin nümayəndələri X12 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir)və X9 (Bakı qeydiyyatdadır, ixtisası mühəndis, arxiv sektor müdiri vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinin mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinin mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağ massivindəki D-4 saylı bağ sahəsi onun anası X4 istifadəsinə verilmişdir. Protokoldan çıxarışa əsasən bağın ümumi sahəsi 0,05 hektardır, anası cəmiyyətin nizamnaməsinə, kollektiv bağçılıqla bağlı normativ və digər aktlara əməl etməli, üzvlük haqqını vaxtlı-vaxtında ödəməlidir və s. protokoldan çıxarış "Gəmitəmirçisi" BYC-nin təmsilçisi İbadullayev U. tərəfindən imzalanıb və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Anası 17 yanvar 2021-ci ildə "Covid 19" xəstəliyindən vəfat edib. 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş 07 dekabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şədahətnaməyə əsasən iddiaçı, anasının vərəsəsidir. xx.xx.2022-ci ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (cavabdeh) ərizə ilə müraciət edərək, mərhum anası X3 miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh qurumun rəisi Mustafa Rəşidovun xx.xx.2022-ci il tarixli **********71 saylı bildirişi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina cavabında imtinanın əsası kimi aşağıdakılar qeyd edilib: X4 adına "Gəmitəmirçi" Bağçılıq-Yoldaşlıq Birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,5 ha torpaq sahəsi olan D-4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) İdarənin arxivində aşkar olunmayıb. xx.xx.2022-ci il tarixli məktubda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilib. O, xx.xx.2022-ci il tarixli Bildirişi 19 aprel 2022-ci ildə əldə etmişdir. Cavabdeh orqan X4 adına "Gəmitəmirçi" Bağçılıq-Yoldaşlıq Cəmiyyəti nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,5 ha torpaq sahəsi olan D-4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənədin (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) İdarənin arxivində aşkar olunmadığını qeyd edir. Ancaq, arxivdə sözügedən məlumatın aşkar olunmaması sözügedən torpaq sahəsinin anasının istifadəsinə verilməməsi anlamına gəlmir. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazilər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komistəsinə verilməsi vəzifəsi Nazirlər Kabinetinə həvalə edilib. Bu səbəbdən də 1997-ci ildən anasının istifadəsinə verilmiş D-4 saylı bağ sahəsinin arxiv sənədlərinin cavabdeh qurumun arxivində olmamasının məsuliyyəti və nəticələri də anasının üzərinə qoyulmamalıdır. Sözgedən bağ sahəsinin onların istifadəsində olduğunu digər qanuni sənədlər də təsdiq edir. Belə ki, "Gəmitəmirçisi" BYC-nin İdarə Heyətinin sədri X6 xx.xx.2021-ci il tarixli arayışında da qeyd edilir ki, "X7 Bakı şəhəri, Hovsan qəsəbəsi "Gəmitəmirçisi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin D-4 saylı bağ sahəsinin istifadəçisidir". Eyni tarixli "Gəmitəmirçisi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sol tərəf bağ sahələrinin situasiya planında da D-4 saylı bağ sahəsinin X4 istifadəsində olduğu qeyd edilir. Hər iki sənəd cəmiyyətin möhürü ilə təsdiq edilib. Cəmiyyətin İdarə Heyətinin sədri Musaxan Kazımovun imzası və möhürü ilə təqsdiqlənmiş xx.xx.2021-ci il tarixli sənədlə də D-4 saylı bağ sahəsinin X4 istifadəsinə verildiyi təsdiq edilib. Bakı şəhəri Hövsan Bələdiyyəsinin 09 və 10 iyul 2005-ci il tarixli Əhalidən vergilərin qəbulu qəbzlərində (qəbz № 002265 və 002266) X4 2000-2005-ci illər üçün Bələdiyyəyə D-4 saylı bağ sahəsi üçün müvafiq olaraq 25.000 (iyirmi beş min) və 50.000 (əlli min) manat topraq vergisini ödədiyi qeyd edilir. Hövsan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 61 saylı Arayışına əsasən X2 bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair torpaq vergisini ödəyib və hazırda Hövsan Bələdiyyəsinə borcu yoxdur. İkincisi, sözügedən bağ sahəsi üzərində hər hansı mübahisə mövcud deyil, digər fiziki şəxs və yaxud da qurumun bağa dair hər hansı iddiası mövcud deyil, dəmir qapı və daş hasarla qonşu bağlardan ayrılıb. Bu isə o deməkdir ki, cavabdeh orqanın torpaq üzərində hüququ qeydə almaqdan imtinası qanuni və əsaslı deyil və formal mülahizələrə əsaslanır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi ilə bağlı mərhum X4 adına “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən, 0.05 ha torpaq sahəsi olan D-4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, X4 adı arxiv siyahısında aşkar edilməmişdir. Həmçinin “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6288/21 saylı, xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən sənədlərin bir çoxu 2021 -ci il tarixində verilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********71 saylı cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri T.F.Əliyev və N.S.Səmədov iddia ərizəsinə etirazın məzmununa uyğun izahat və çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: "Gəmitəmirçi" Bağçılıq-Yoldaşlıq Cəmiyyəti xx.xx.2021-ci il tarixli arayışına əsasən X7 Bakı şəhəri, Hövsan qəsəbəsi, "Gəmitəmirçi" BYC-nin D-4 saylı bağ sahəsinin istifadəçisidir. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etmək üçün verilir. Hövsan bələdiyyəsinin 61 nömrəli xx.xx.2005-ci il tarixli arayışına əsasən X2 bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair torpaq vergisini ödəmişdir və hazırda Hövsan Bələdiyyəsinə borcu yoxdur. Arayış Bakı şəhəri Bağlar Departamentinə təqdim etmək üçün verilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********71 saylı məktubuna əsasən, sözügedən torpaq sahəsi ilə bağlı mərhum X4 adına “Gəmitəmirçisi" bağçılıqyoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən, 0.05 ha torpaq sahəsi olan D-4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) İdarənin arxivində aşkar edilməmişdir. AZ-İİ 160575 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X7 17 yanvar 2032-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X5 verilmiş **********45-05101-093081 reyestr nömrəli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.84 kv/m olan mənzildən ibarətdir. "Gəmi təmirçisi" Yoldaşlıq Bağçılığının 1997-ci il tarixli üzvlük biletinə əsasən X1 rayonu, Hövsan qəsəbəsində yerləşən Yoldaşlıq bağçılığın üzvüdür, ona ümumi sahəsi 0,05 hektar olan D-4 saylı sahə ayrılmışdır. "Xəzər dəniz gəmi təmiri" BİB-nin fəhlə və qulluqçularının bağçılıq cəmiyyətinin Nizamnaməsindən xx.xx.2021-ci il tarixli çıxarışına əsasən D-4 saylı bağ sahəsinin X4 istifadəsinə verildiyi "Gəmi təmirçisi" BYC-nin sədri Musaxan Kazımov tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2022-ci il tarixli **********94 nömrəli məktubu ilə bildirmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2022-ci il tarixli, **********71 qeydiyyat nömrəli məktubla münasibət bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2022-ci il tarixli **********95 nömrəli məktubu ilə bildirmişdir ki, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) idarənin arxivində aşkar olunmamışdır. Hövsan Bələdiyyəsinin seriya APE 002266 nömrəli 10 iyul 2005-ci il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzinə əsasən X7 tərəfindən 2002-2005-ci illər üçün 50000 (əlli min) manat torpaq vergisi ödənilmişdir. Məkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən mərhum X5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinin üzərində hüquqların əldə edilməsini təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində göstərilən hər hansı sənədi cavabdehə və məhkəməyə təqdim etməmiş, həmin sənədlərin mövcud olması barədə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının, üzərində mərhum anası X4 mülkiyyət hüququnun tanınması və bu haqda arayış verilməsini istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair qanunvericilikdə göstərilən sənədlər mövcud deyil. Beləki iddiaçı tərəfindən bağ sahəsinin mərhum anasına ayrılmasına dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını və ya üzvlərin iclasının protokolundan çıxarışını təqdim etməmiş, bu sənədlər cavabdehin arxivində saxlanılan “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına dair 343 nömrəli arxiv qovluğunda da aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının arxiv sənədlərində saxlanılan bağçılıq yoldaşlığının üzvlərin siyahısında X4 adı aşkar edilməmişdir. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş “üzvlük bileti” və “nizamnadən çıxarışı”na gəldikdə isə qeyd olunmalıdır ki, bu sənədlər qanun tələblərinə cavab vermədiyi üçün mötəbər sübutlar deyil və daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd sayılmır,. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Cavabdeh haqlı olaraq daşınmaz əmlakın- bağ sahəsinin- iddiaçının mərhum anasına məxsus olmasına dair arayışın verilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinin mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehə həvalə olunması haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8136/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8136/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver