Məhkəmə qərarları › İş №2-1(112)-8138/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8138/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8138/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsinə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma üçün razılıq məktubunun verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsinə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı onun ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınamsı üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə razılıq məktubunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsinə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci il tarixdən mərhum əri X2 Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və ehtiyata buraxılmışdır. Hal-hazırda yaşadığı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində olan yataqxananın 50 nömrəli mənzil mərhum ərinə verilmişdir. Həmin vaxtdan onlar ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüşlər və bütün kommunal xərclərini vaxtı-vaxtında ödəyirlər. Lakin, buna baxmayaraq, həmin ünvana order vermədilər, kirayə müqaviləsi bağlamadılar, nə də, pasport qeydiyyatına almadılar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərinə əsasən vətəndaşlar yaşadığları yeri üzrə pasport qeydiyyatına alınmalıdırlar. Bununla əlaqədar olaraq, yaşayış yeri üzrə pasport qeydiyyatına alınması üçün hər iki cavabdehlərə ərizə ilə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 05 dekabr 2023-cü il tarixli 3-13-53/2-Q-72469/11/23 nömrəli məktubu ilə ərizəsini təmin etməyərək mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidməti isə 15 dekabr 2023-cü il tarixli 5926 nömrəli məktubu ilə yaşadığı xidməti mənzili Bakı Qarnizonu üzrə mənzil komissiyasının protokolu əsasında verilmədiyindən, həmçinin Müdafiə Nazirliyi ilə xidməti münasibəti olmadığından kirayə müqaviləsinin bağlanması səlahiyyətlərinə aid olmamasını bildirilmişdir. Hesab edir ki, hər iki cavabdehlərin imtina məktubları əsassızdır. İlk növbədə qeyd edir ki, o, cavabdehdən kirayə müqaviləsinin bağlanılmasını tələb etməmiş, o, həmin mənzilə pasport qeydiyyatına alınması üçün müraciət etmişdir. Həmçinin qeyd edir ki, məhrum həyat yoldaşı X2 Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və Müdafiə nazirinin müvafiq əmrinə əsasən 30 aprel 2008-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “B” bəndinə (xəstəliyə görə) əsasən istefaya buraxılmışdır. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçu 3 (üç) ay müddətində xidmət yeri üzrə ailə tərkibi ilə birlikdə xidməti mənzillə təmin edilirlər və hərbi qulluqçuların ailə üzvləri eyni hüquqa malikdirlər. Həmin Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçular istefaya buraxıldığı gündən 6 ay müddətində daimi yaşayış sahəsi ilə təmin edilirlər. Yaşayış sahəsi təmin edilənə kimi onu ailə üzvləri ilə birlikdə pasport qeydiyyatına almalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 104cü maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin 6 (altı) kv.metr az olmamaqla verilir. Onlar özbaşına həmin yataqxanaya yerləşməmişlər, onların yataqxanada yerləşməsi üçün Müdafiə Nazirliyinin mənzil orqanları tərəfindən razılıq verilmişdir və mənzilə olan kommunal xidmətlərini Müdafiə Nazirliyinin mənzil idarəsinin tabeliyində olan evlər idarəsinə ödəyirlər. Məhrum həyat yoldaşının əmək münasibətlərinə xitam verilsə də, o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102-ci maddəsinə əsasən mənzillə təmin olduqdan sonra yataqxananı boşaldacaqdır. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Mənzil orqanların onun həmin mənzildən çıxarılmasına hüquqları olmadığından müvəqqəti pasport qeydiyyatına almalıdırlar. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Azərbaycan Respublikası Cavabdeh1 tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 5926 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının 01,10.2009-cu il tarixində qüvvəyə minmiş Mənzil Məcəlləsinə əsasən mənzillərə orderlərin verilməsi dayandırılmışdır. Azərbaycan Ordusunun hərbi qulluqçuları, mülki işçiləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında xüsusi təyinatlı mənzil fondunun xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin edilirlər. Hərbi qulluqçu xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini aldıqdan sonra, həmin müqavilə əsasında mənzilə yerləşməli və ailə üzvləri ilə birlikdə pasport qeydiyyatına düşməlidirlər. Sözügedən müqavilə Bakı şəhəri Bakı Qarnizonu üzrə mənzil komissiyasının protokolu əsasında tərtib olunaraq və qarnizon rəisinin imzası ilə təsdiqlənmiş siyahı ilə verilir. Hazırda yaşadıqları xidməti mənzil Bakı Qarnizonu üzrə mənzil komissiyasının protokolu əsasında verilmədiyindən, həmçinin Müdafiə Nazirliyi ilə xidməti münasibətlərinin olmaması səbəbindən, kirayə müqaviləsinin bağlanılması səlahiyyətləri xaricindədir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli 11/3343 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci və 91.1.2-ci maddələrinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 93.1-ci maddəsinə görə yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Məcəllənin 104.2-ci maddəsinə uyğun olaraq yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq,Bakı şəhəri, “Qızıl Şərq” hərbi şəhərciyində 334 nömrəli binada yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində olan yataqxananın 50 nömrəli otağın kirayə müqaviləsinin onunla bağlanılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun gəlmir. - 1 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 18 mart 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 000262 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X3 xx.xx.2019-cu il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 03 ayının 18-i günündə 532 nömrə ilə qeyd edilmişdir. - X1 məxsus ZE seriyalı ******* nömrəli hərbi bilet məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismarı Sahəsi tərəfindən verilmiş forma 2 arayşına əsasən İddiaçı Bakı şəhəri, Q.Şərq küçəsi, ev 334, mənzil 50-də qeydiyyatsız yaşayır. Kommunal xidmətləri hər ay vaxtında ödəyir, borcu yoxdur. Beləliklə işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X3 Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və ehtiyata buraxılmışdır. O, ailə üzvləri ilə birlikdə Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismarı Sahəsinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” hərbi şəhərciyində 334 nömrəli binada yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində olan yataqxananın 50 nömrəli otağında yaşamışdır. İddiaçının mərhum əri xx.xx.2008-ci il tarixdən istefaya buraxılmış, xx.xx.2019-cu il tarixində isə vəfat etmişdir. İddiaçının əri 2008-ci il tarixdən istefaya buraxıldığından onunla Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında olan xidməti münasibətlərə xitam verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçının mərhum əri ailə üzvləri (iddiaçı və digər ailə üzvləri) ilə birlikdə hərbi qulluqçu kimi xidmət keçdiyi müddət ərzində xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə aid olan mübahisəli yaşayış sahəsində yaşamış və iddiaçının mərhum ərinin xidmətdən istefaya buraxılması onunla həmin yaşayış sahəsinə dair mövcud olmuş hüquqlara xitam verilməsi üçün əsas olmuşdur. Hazırda iddiaçı ilə mübahisəli yaşayış sahəsinə dair yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmamış, iddiaçının həmin mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə olan təqdirdə onun hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olması, eləcə də, iddianın əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edilir. Belə ki, Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının sözügedən fərdi yaşayış evinə dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmadığından onun hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyil, həmçinin fərdi yaşayış evinin ünvanı olmadığından iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki mübahisədə iddiaçının subyektiv hüququnun nə birinci elementi, nə də ki, digər elementləri mövcud deyildir. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçı iddia tələbi üzrə digər cavabdeh qismində Bakı şəhər Yasmal rayon Polis İdarəsini cavabdeh qismində qoysa da, həmin cavabdehə münasibətdə tələbinin nədən ibarət olmasını tələbdə göstərməmiş, həmin cavabdeh tərəfindən hansı hüquqlarının pozulmasını iddia ərizəsində əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar