Məhkəmə qərarları › İş №2-1(112)-8142/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8142/2020

28.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8142/2020 28.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 758-759-cu məhəllə ünvanında inşa edilmiş yaşayış binasının “C” girişi ilə üzbəüz sahədə yerləşən, ümumi sahəsi 184,0 kv. metr olan qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 758-759-cu məhəllə ünvanında inşa edilmiş yaşayış binasının “C” girişi ilə üzbəüz sahədə yerləşən, ümumi sahəsi 184,0 kv. metr olan qeyri-yaşayış sahəsinin dəyərini Kooperativin hesabına tam ödəyərək, maliyyə arayışı almışdır. Bununla əlaqədar olaraq, həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, adına reyestrdən çıxarışın verilməsi üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina məktubu ilə cavab verərək, hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********83 №li xx.xx.2020-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsi MTK-ya məxsus yaşayış binasının istismarına icazə sənədində və baş planında öz əksini tapmamış, eləcə də Bakı şəhər İcra hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz-layihə təqdim edilməmişdir. Bununla bağlı İddiaçı **********02 qeydiyyat nömrəli xx xxxxxx 2020ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********677 №li xx.xx.2020-ci il tarixli ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məlumatını və Koronovirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil ediməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyyələrini nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 16.2-ci maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8142/2020 saylı inzibati işi üzrə xüsusi karantin rejimində İdarənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3 və 16.2-ci maddələrinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. “xxxx” mənzil tikinti kooperativi (“Kooperativ”) ilə ünvan 2 ünvanında yaşayan İddiaçı (“Payçı”) arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, “Kooperativ” ünvan 1 758-759-cu məhəllə ünvanında yerləşən “xxxx” MTK tərəfindən tikilən yaşayış binasının “C” girişi ilə üzbəüz sahədə yerləşən ümumi sahəsi 184,0 kv. metr qeyri-yaşayış sahəsini “Payçıya” verməyi, “Payçı” isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin dəyərini vaxtında ödənilməsini öhdəsinə götürür (Bənd 1). Göstərilən sahə 184,0 kv. metrdir (bənd 2). “xxxx” mənzil tikinti kooperativi üzvlərinin ümumi iclasının xx xxxxxx 2016-cı il tarixli 49 №li protokolundan çıxarışdan görünür ki, İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilməsi və ona ünvan 1 758-759-cu məhəllə ünvanında yerləşən, “xxxx” MTK tərəfindən tikilən yaşayış binasının “C” girişi ilə üzbəüz sahədə yerləşən ümumi sahəsi 184,0 kv. metr olan qeyri-yaşayış sahəsinin verilməsi; sənədlərin baxılması üçün DƏDRX Bakı şəhər Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. “xxxx” mənzil tikinti kooperativi tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 1 (758-759-cu məhəllə) ünvanında inşa edilmiş kooperativ yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Həmin binanın “C” girişi ilə üzbəüz sahədə yerləşən, ümumi sahəsi 184,0 kv. metr olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2004-cü il tarixli 178 saylı sərəncamı ilə təsdiq edilmiş xx.xx.2004-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Bakıxanov küçəsi, 62, 758-759-cu məhəllə ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış) istismara qəbul edilmişdir. Obyektin tikintisi üçün torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 631 saylı sərəncamı ilə ayrılmışdır. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 1 758-759-cu məhəllə ünvanında inşa edilmiş yaşayış binasının “C” girişi ilə üzbəüz sahədə yerləşən, ümumi sahəsi 184,0 kv. metr olan qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********02 №li xx.xx.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, sözügedən qeyriyaşayış sahəsi yaşayış binasının istsimarına icazə sənədində və Bakı şəhər İcra hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsində öz əksini tapmadığından ərizənin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə görə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Beləliklə iş materiallarından da göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarına əsasən iddiaçıya məxsusdur, iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı nəzərdə tutulmuş pay haqqı tam ödənilmişdir və hazırda iddiaçı özünə məxsus daşınmaz əmlakın Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsini tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 758-759-cu məhəllə ünvanında “xxxx” mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş yaşayış binasının “C” girişi ilə üzbəüz sahədə yerləşən, ümumi sahəsi 184,0 kv. metr olan qeyri-yaşayış sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 758-759-cu məhəllə ünvanında “xxxx” mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş yaşayış binasının “C” girişi ilə üzbəüz sahədə yerləşən, ümumi sahəsi 184,0 kv. metr olan qeyri-yaşayış sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar