Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8144/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X6 Bağlar sahəsindəki 100 nömrəli kooperativi tərəfindən iddiaçının atası, 2003-cü ildə vəfat etmiş X2 Ləhiş bağlar sahəsində 0,2 sahəsi olan 1463 nömrəli bağ sahəsinin qalan 0,0835 ha hissəsinə dair mülkiyyət hüququnun X2 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisə predmetini təşkil edən torpaq sahəsinin 0,0835 ha hissəsinin mərhum X2 məxsus olması barədə arayışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, mərhum atasının torpaq sahəsi üzərində hüquqları yaranmış, lakin həmin hissəyə münasibətdə onun vəfatı ilə əlaqədar həmin hüquqlar rəsmiləşdirilməmişdir. Halbuki onun torpaq sahəsinə münasibətdə hüquqlarının yaranmasını təsdiq edən bir çox sənəd mövcud olmuşdur. İddiaçi hazırki iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 100 nömrəli BTK-nın nəzdində yerləşən 1463 saylı bağ sahəsinə dair mərhum X1 adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Ərizəyə 15 nömrəli, xx.xx.1990-cı il tarixli order, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 100 nömrəli BTK-nın nəzdində 1463 nömrəli torpaq sahəsinə veriləcək reyestrdən çıxarışda həmin torpaq sahəsinin 0.12 ha şəklində göstərilməsinə dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi, miras əmlak (0.12 ha torpaq sahəsi) ilə bağlı 13 saylı DNK-nın məktubu əlavə edilmişdir, iddia olunan ərazinin ümumi sahəsi faktiki olaraq 1165 kv.m təşkil etmişdir. Qeyd olunanlar nəzərə alınaraq təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 100 nömrəli BTK-nin nəznində 1463 nömrəli 1165 kv.m torpaq sahəsi X1 adına ilkin hüquqi qeydiyyata alınmış, daha sonra özgəninkiləşdirilmişdir, hazırda X4 mülkiyyətindədir. 100 nömrəli ВТК üzvlərinin siyahısında Həsənov M.M adı mövcuddur, lakin bağ sahəsinin nömrəsi və sahəsi siyahıda qeyd edilməmişdir. İdarənin arxiv qovluğunda mövcud olan sənədlərə əsasən kooperativə aynlmış torpaq sahəsinin ölçüsü 5.64 ha. kooperativ üzvlərin sayı isə 47 nəfər təşkil edir. Həmçinin Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarına əsasən bağın torpaq sahəsinin ölçüsü 0.12 hektardan artıq olmamalıdır. İddiaçı 1463 saylı bağ sahəsinin 835.0 kv.m hissəsi kimi göstərdiyi ərazinin ümumi ölçüsü 1356.0 kv.m təşkil edir və 100 nömrəli BTK-ya ayrılmış bağ sahələrinin yerləşmə sxeminə əsasən 1463a saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, cavabdeh hazırki mübahisə üzrə iddianın mümkünlük şərtlərini ödəmədiyi (subyektiv hüquq baxımından) qənaətinə gəlsə də, Məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəyir. Belə ki, doğrudur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 100 nömrəli BTK-nin nəznində 1463 nömrəli 1165 kv.m torpaq sahəsi X1 adına ilkin hüquqi qeydiyyata alınmış, daha sonra özgəninkiləşdirilmiş və X4 mülkiyyətinə verilmişdir. İlkin baxışdan görünür ki, mübahisə torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətində olduğundan, İddiaçı və ya onun mərhum atası X1 order əsasında torpaq sahəsinə münasibətdə hər hansı tələb irəli sürmək üçün subyektiv hüquqları olmamışdır. Nəzərə alınmalıdır ki, orderdə mərhum X2 ayrılmış torpaq sahəsinin ölçüsünün 0,20 ha göstərilməsi (texniki səhvə yol verilsə belə), iddiaçıya hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquq verir, çünki, order əsasında torpaq sahəsinin 1165 kv.m hissəsi özgəninkiləşdirilmişdir. Başqa sözlə desək, Məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbi ilə mübahisəli torpaq sahəsinin qeydiyyatdan keçmiş hissəsinə deyil, 835 kv.m hissəsinə münasibətdə X1 gözlənilən mülkiyyət hüquqlarının yaranıb-yaranmadığı yoxlanıldığından, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Eyni zamanda Məhkəmə qeyd edir ki,necə ki məhkəmə təcrübəsində vətəndaşların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması mübahisələrə baxılarkən vətəndaşların həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərin olub-olmamasından asılı olaraq iddalar ya təmin, ya qismən təmin, yada ki rədd edilirsə, eyni yanaşma hazırki mübahisəyə də şamil olunmalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün bir əsas gətirir: - Orderdə torpaq sahəsinin ölçüsünün texniki səhvə yol verilərək 0,12 ha əvəzinə 0,20 ha göstərilməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halın əmlaka dair mərhumun adına arayışın verilməsinə maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə Məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəsə də, mahiyyəti üzrə əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X5 bağlar sahəsindəki 100 №-li kooperativ tərəfindən verilmiş 15 №-li orderin surətindən görünür ki, 30 avqust 1989-cu il tarixli, 9/333 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 100 №-li BTK nəznində 0,2 ha torpaq sahəsi olan 1463 nömrəli bağ sahəsi X2 ayrılmışdır. Doğrudur ki, orderdə mübahisəli bağ sahəsinin ölçüsü 0,20 ha göstərilmişdir. İddiaçı bağ sahəsinin ölçüsünün 0,20 ha olduğunu nəzərə alaraq, bağ sahəsinin mülkiyyət hüququ qeydiyyatdan keçməmiş hissəsinə, yəni 835 kv.m hissəsinə münasibətdə tələb irəli sürmüşdür. Halbuki, aparılmış araşdırma zamanı bağ sahəsinin ölçüsünün əslində 0,20 ha deyil də, məhz 0,12 ha olduğu açıq-aşkardır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş Bakı şəhər X3 İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 9/333 nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, həmin qərar ilə 100 №-li BTK –nın 47 üzvünə bağ sahələrinin ayrılması qərara alınmış, bağlar təsərrüfatı kooperativlərinin üzvlərinin siyahısı təsdiq edilmişdir. Təkzib olunmaz haldır ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 9/333 nömrəli qərarda və təsdiq olunmuş bağlar təsərrüfatı kooperativlərinin üzvlərinin siyahısında ayrılan bağ sahələrinin ölçüsü barədə məlumat əks olunmamışdır. Lakin, təqdim olunmuş 10 yanvar 1990-cı il tarixli müayinə aktından məlum olmuşdur ki, 100 №-li BTK –nın 47 üzvlərinə bağ sahələri ayrılarkən bağ sahələrinin normaları 0,20 ha deyil, məhz 0,12 ha olmuşdur. Çünki, bağ sahələrinin ümumi sahəsi 5,64 ha olduğundan və üzvlərin ümumi sayı 47 nəfər təşkil etdiyindən, adam başına düşən bağ sahəsinin ölçüsü 0,12 ha (5,64 ha / 47 nəfər = 0,12 ha) təşkil edir. Göründüyü kimi, hər nə qədər də Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X5 bağlar sahəsindəki 100 №-li kooperativ tərəfindən verilmiş 15 №-li orderdə 1463 nömrəli bağ sahəsinin ölçüsü 0,20 ha göstərilsə də, Məhkəmə hesab edir ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 9/333 nömrəli qərarına və müayinə aktına əsasən 100 №-li BTK-nın üzvlərinin hər birinə 0,12 ha bağ sahəsinin ayrılması nəzərdə tutulduğundan, orderdə texniki səhvə yol verilmiş, 1463 nömrəli bağ sahəsinin ölçüsü 0,12 ha əvəzinə 0,20 ha göstərilmişdir. Göstərilən bu hal isə iddiaçının mərhum atasının 1463 nömrəli bağ sahəsinin yalnız 0,12 ha hissəsinə münasibətdə həmin dövrdə mülkiyyət hüquqlarının olduğunun göstəricisidir. Eyni zamanda Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının mərhum atası mübahisəli bağ sahəsinin 1.165 kv.m hissəsinə mülkiyyət hüquqlarını qeydə alarkən, bağ sahəsinin 1200 kv.m olduğunu mübahisələndirməmiş, əksinə 1200 kv.m əvəzinə 1.165 kv.m hissəsində mülkiyyət hüquqlarının qeydiyyatını reallaşdırmışdır ki, iddiaçının hazırda qalan 35 kv.m (1200-1.165) hissəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini tələb etmək hüququ olmamışdır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8144/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8144/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver