Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8144/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və diplomun müvafiq imtahana cəlb edilmədən tanınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi və hökümətlər arasında bağlanmış sazişə əsasən xarici ali təhsli müəssisəsini müvəffəqiyyətlə bitirərək əldə etdiyi “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr diplomunun müvafiq imtahana cəlb edilmədən tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra - cavabdeh) ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş, təhsildə göstərdiyi müvəffəqiyyətə görə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş’’ə uyğun olaraq bakalavr təhsilini davam etdirmək üçün Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Hərbi Universitetinə göndərilmişdir. 2021-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirdikdən sonra ona ilk zabit hərbi rütbəsi verilməklə Müdafiə Nazirliyində hüquqşünas ixtisası üzrə əmək fəaliyyətinə (həqiqi hərbi xidmətə) başlamışdır və hal-hazırda ədliyyə baş leytenantı hərbi rütbəsində xidmətini davam etdirir. 2024-cü ildə diplomunun nostrifikasiya edilməsi üçün cavabdehə müraciət etmiş və ona X2 imtahanda iştirak etməsi üçün bildiriş göndərilmişdir. Beynəlxalq müqaviləyə (Sazişə) əsasən Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsindən ona verilmiş diplom Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən analoji ali təhsil müəssisələri tərəfindən digər vətəndaşlara verilən diplomlarla eyni hüquqi qüvvəyə malikdir və belə olan halda onun faktiki olaraq diplomunu nostrifikasiya etməsi üçün hər hansı imtahana cəlb edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, dövlət sifarişi olmadan digər ölkələrdə təhsil alan vətəndaşlar faktiki olaraq peşə fəaliyyətinə məhz müvafiq dövlət orqanının müəyyən etdiyi qaydada diplomunu təsdiq etdikdən sonra başlaya bilərlər. O isə faktiki olaraq 2016-cı ildə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisəsinə təhsil sahəsini tənzimləyən Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən qəbul olunduqdan sonra həmin il təhsilini davam etdirmək üçün dövlət sifarişi əsasında (dövlət hesabına) Sazişə uyğun olaraq Müdafiə Nazirliyinin xətti ilə digər dövlətə göndərilmişdir. Onu da nəzərə almaq lazımdır ki, iddiaçı hazırda da Müdafiə Nazirliyində öz ixtisasına uyğun peşə fəaliyyəti ilə məşğul olur. Bununla əlaqədar 5 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmişdir və həmin dövlət orqanının 7 fevral 2025-ci il tarixli cavab məktubunda ona xarici kvalifikasiya sahibi şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edilə bilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun həmin kvalifikasiyanın cavabdeh tərəfindən tam tanınması (akademik və peşə) zəruri olduğu bildirilmiş, həmin məktubda dövlət sifarişi əsasında hökumətlər arası bağlanmış müqavilə əsasında xaricdə təhsil alan və öz peşəsinə uyğun fəaliyyətlə məşğul olan vətəndaşlarla öz hesabına xaricdə təhsil alan vətəndaşlar arasında heç bir fərq qoyulmamışdır. Halbuki, dövlət sifarişi olmadan digər ölkələrdə təhsil alan vətəndaşlar faktiki olaraq peşə fəaliyyətinə məhz müvafiq dövlət orqanının müəyyən etdiyi qaydada diplomunu təsdiq etdikdən sonra başlaya bilərlər. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq qüvvədə olan qanunvericiliyin tələbləri ilə uyğunluq təşkil etdiyindən xx.xx.2021ci il tarixli, 107705 ******* nömrəli ali təhsilə dair kvalifikasiyanın akademik tanınması barədə şəhadətnamə qəbul edərək ərizəçinin şəxsi kabinetinə yerləşdirmişdir. "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" 2002-ci il sentyabrın 23-də Moskva şəhərində imzalanmış Saziş "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Lakin, qeyd olunmuş ikitərəfli Sazişin 6-cı maddəsinə əsasən Dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplomlar müvafiq olaraq hər iki ölkədə tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən akademik və peşə fəaliyyəti ilə məşğul olmaq hüquqlarının verilməsi nəzərdə tutulur. Həmçinin, Sazişin 13-cü maddəsinə əsasən təhsil sənədlərinin bu Sazişdə nəzərdə tutulduğu kimi tanınması, sənəd sahibinin Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində təhsil müəssisəsinə daxil olması, elmi dərəcə və elmi ad almaq yaxud peşə fəaliyyəti ilə məşğul olması üçün irəli sürülən digər ümumi tələbləri də (sənədin olmasını tələb edən şərtlərdən başqa) yerinə yetirməkdən azad etmir. Beləliklə, sözügedən Sazişlə də müəyyən olunduğu kimi Rusiya Federasiyasında əldə olunmuş kvalifikasiyalara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olması zərurəti mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək həmçinin bildirdi ki, o bir dəfə X6 tərəfindən keçirilən imtahanda iştirak etmiş, lakin müvəffəqiyyət qazana bilməmişdir. Lakin, hesab edir ki, ondan belə bir imtahanda iştirak etməyin tələb edilməsi əsaslı deyildir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu ilə oxşar izahat verərək həmçinin bildirdi ki, iddiaçı bir dəfə imtahanda iştirak edib və uğur qazana bilməyib. İmtahanı keçə bilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçının müraciətinə xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma icraatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) tərəfindən aparılır. Qaydalara əsasən xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə ola bilməsi üçün TKTA tərəfindən tanınmanın həyata keçirilməsi şərt olaraq qanunvericilikdə təsbit olunub. Başqa sözlə, xarici kvalifikasiya sahibi şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün həmin kvalifikasiyanın TKTA tərəfindən tam tanınması (akademik və peşə) zəruridir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ali Təhsilin X8 Təhsil Müəssisəsi “Hərbi Universiteti” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 107705 ******* nömrəli bakalavr diplomu və ona əlavədən görünür ki, iddiaçı həmin təhsil müəssisəsinin “Milli təhlükəsizliyin hüquqi təminatı” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş, dövlət yekun attsestasiyasından müvəffəqiyyətlə keçmiş və Dövlət İmtahana Komissiyasının qərarı ilə ona “hüquqşünas” ixtisaslaşması verilmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli E-013022 nömrəli şəxsi vəsiqəyə əsasən iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Müdafiə Nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli, 012 r nömrəli əmri ilə ona “Ədliyyə baş leytenantı” hərbi rütbəsi verilmişdir. Məhkəmə sorğusu əsasında iddiaçının 2016-2021-cü illər üzrə sərhədkeçməsi barədə məlumatlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə göndərilmişdir. Həmin məlumatlardan görünür ki, iddiaçı xx.xx.2016-cı ildə Rusiya istiqamətində çıxış, xx.xx.2016-cı ildə giriş, xx.xx.2017-ci ildə çıxış, xx.xx.2017-ci ildə giriş,xx.xx.2017-ci ildə çıxış, xx.xx.2018-ci ildə giriş, xx.xx.2018-ci ildə çıxış, xx.xx.2018-ci ildə giriş, xx.xx.2018-ci ildə çıxış, xx.xx.2018-ci ildə giriş, xx.xx.2019-cu ildə çıxış, xx.xx.2019-cu ildə giriş, xx.xx.2019-cu ildə çıxış, xx.xx.2019-cu ildə giriş, xx.xx.2020ci ildə çıxış, xx.xx.2020-ci ildə giriş, xx.xx.2020-ci ildə çıxış, xx.xx.2021-ci ildə giriş etmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2016-cı il tarixli 185 nömrəli əmrindən çıxarışa əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin adları çəkilən məzunları xx.xx.2016-cı il tarixdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunması, şəxsi heyətin siyahısına, nahar yeməyindən qazan təminatına və bütün növ təminatlara daxil edilməsi, “əsgər” rütbəsinin verilməsi və 4-cü kursant taborunda (1-ci kurs) hazırlıq kursu keçməsi əmr edilmişdir (iddiaçının adı həmin siyahıda 228-ci sırada qeyd edilmişdir). Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2016-cı il tarixli 226 nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016cı il tarixli 291 nömrəli əmrinə əsasən Rusiya Federasiyasının ali hərbi təhsil müəssisələrinə təhsil almaq üçün göndərilən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursant taborunun (1-ci kurs), 5-ci kursant taborunun 1-ci kursunun və hərbi dəniz kursant bölüyünün 1-ci kursunun aşağıda adları göstərilən kursantları xx.xx.2016-cı il tarixdən səhər yeməyindən etibarən qazan təminatından çıxarılması, təhsil müddəti bitənə qədər qeyd edilən yerlərə ezamiyyətə göndərilməsi və təhsil aldıqları müddətdə məktəb rəisinin sərəncamına çıxarılması əmr edilmişdir (iddiaçının adı həmin siyahıda 1-ci sırada qeyd edilmişdir – Hərbi Universitetə (Moskva şəhəri). Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2021-ci il tarixli 5 nömrəli əmrindən çıxarışa əsasən Rusiya Federasiyasından hərbi təhsil müəssisələrindən məzun olmuş aşağıda adları göstərilən kursantların ezamiyyətdən gəlmiş hesab edilməsi əmr edilmişdir (iddiaçının adı həmin siyahıda 9-cu sırada qeyd edilmişdir – Hərbi Universitetdən (Moskva şəhəri). Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2021-ci il tarixli 183 nömrəli əmrindən çıxarışa əsasən 2021-ci ildə Rusiya Federasiyasının ali hərbi təhsil müəssisələrini bitirmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0938 nömrəli əmri ilə ilkin “leytenant” hərbi rütbəsi verilmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin olunmuş aşağıda adları çəkilən zabitlər “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 132-ci maddəsinə uyğun olaraq 30 gün növbəti məzuniyyət verilməklə xx.xx.2021-ci il tarixdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və xidmətlərini davam etdirmək üçün təyin olunduqları hərbi hissə komandirlərinin sərəncamlarına göndərilməsi əmr edilmişdir (iddiaçının adı həmin siyahıda 19-cu sırada qeyd edilmişdir – N nömrəli hərbi hissənin təhqiqat bölməsinin təhqiqatçısı). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, bildirilir ki, Heydər Əliyev adına Hərbi İnstitutda ali təhsilin bakalavriat pilləsi üzrə təhsil alan kursantların təhsilini davam etdirilməsi üçün Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Hərbi Universitetinə göndərilməsi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Rusiya Federasiyasının Müdafiə Nazirliyi arasında bağlanmış “Azərbaycan Respublikası üçün Rusiya Federasiyasının xüsusi təyinatlı təhsil müəssisələrində hərbi kadrların hazırlanması” barədə 4 may 2006-cı il tarixli 335/5/10-1 nömrəli müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən həyata keçirilir. Müdafiə Nazirliyinin kadr tələbatının qarşılanması məqsədilə Heydər Əliyev adına Hərbi İnstitutda mövcud olmayan ixtisaslar üzrə (hüquq, maddi-texniki təminat və s.) mütəxəssislərin hazırlanması üçün kursantlar (hərbi tələbələr) müsahibədən keçməklə (dil bilgi, ümumi dünya görüşü və s.) təhsil almaları üçün Rusiya Federasiyasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsinə ezam olunur, onlar təhsillərini bitirdikdən sonra isə qanunvericilik aktlarının tələblərinə uyğun olaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən ezamiyyətdən qayıtmış hesab olunmaqla “leytenant” hərbi rütbəsi verilərək, təhsil aldıqları ixtisasa uyğun olaraq vəzifəyə təyin olunurlar. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmipedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur (6.1.). Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat) (13.1.). Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir (27.1. ). Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir (27.4. ). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir (44.1.). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir (44.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarında göstərilmişdir ki, bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir (1.1.). Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir (1.2). Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir (2.1.). Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır (3.1.). Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda (3.10.). Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.). Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası X4 (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən bu Qaydaların 6.2-ci bəndinin tələbi aşağıdakı kvalifikasiyalara şamil edilmir: 6.3.1- bu Qaydaların 2.7.1–2.7.4-cü yarımbəndləri üzrə əldə olunmuş kvalifikasiyalar (Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar (2.7.1); dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar (2.7.4)). 6.3.2- “X7 X3”, “QS X3” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar. İddiaçı hazırkı iddia tələbində hökumətlər arasında bağlanmış sazişə əsasən xarici ali təhsil müəssisəsini müvəffəqiyyətlə bitirərək əldə etdiyi “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr diplomunun müvafiq imtahana cəlb edilmədən tanınmasını xahiş edir. İddiaçı tələbinin əsası kimi “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinə istinad edir. Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli 455-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 1-ci maddəsinə əsasən bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”ndakı hüquq normaların məzmunundan göründüyü kimi şəxsin xarici dövlətdə qeyd edilən ixtisaslar üzrə aldığı təhsilə uyğun ölkə ərazisində zəruri bilik və bacarıqlarının yoxlanması məqsədiylə X4 təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması tələb olunur. Bu qaydalar yalnız müəyyən kateqoriya kvalifikasiyalara şamil olunmur. Belə ki, Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar və “X7 X3”, “QS X3” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar bu qaydaların tələblərindən azaddır. İşdən isə görünür ki, iddiaçıya aid kvalifikasiya sözügedən kateqoriyaların heç birinə aid deyildir. Eyni zamanda, yuxarıda qeyd edilən “Saziş”in 13-cü bəndində göstərilmişdir ki, təhsil sənədlərinin bu Sazişdə nəzərdə tutulduğu kimi tanınması, sənəd sahibinin Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində təhsil müəssisəsinə daxil olması, elmi dərəcə və elmi ad almaq yaxud peşə fəaliyyəti ilə məşğul olması üçün irəli sürülən digər ümumi tələbləri də (sənədin olmasını tələb edən şərtlərdən başqa) yerinə yetirməkdən azad etmir. Məhkəmə qeyd edir ki, iddiaçı “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişə istinad etsə də, həmin Sazişin heç bir bəndində ona aid kvalifikasiya üzrə X4 təşkil etdiyi müvafiq imtahandan azad olunma halı aşkar edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina edilməsi işin hallarına, eləcə də qanunvericiliyə uyğun olduğundan imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və diplomun müvafiq imtahana cəlb edilmədən tanınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8144/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8144/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver