Məhkəmə qərarları › İş №2-1(112)-8145/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8145/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8145/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnmişdir. Həmin bu dövrlərdə ölkəni müdafiə etmək məqsədilə rayonlarda özünümüdafiə dəstələri yaradılmışdır. Bu dövrdə iddiaçı da könülü olaraq həmin özünümüdafiə dəstələrinə qoşulmuş, döyüşlərdə iştirak etmişdir. Hətta hərbi maşın partlaması nəticəsində başından xəsarətlər almışdır və kontuziyası mövcuddur. Bununla bağlı sənədli film də çəkilmişdir. Əlavə olaraq qeyd edir ki, onunla döyüşlərdə iştirak etmiş və müharibə veteranı statusu sənədini almış Laçın rayonu sakinləri X4, X6 və X5 yazılı ifadə verərək onlarla birlikdə Laçın rayonunun özünümüdafiə dəstələrinin tərkibində döyüşdüyünü təsdiqləmişlər. Qeyd olunanları nəzərə alaraq iddiaçı ona müharibə veteranı və statusunun verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır k, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivin məktublarından da göründüyü kimi iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 04 nömrəli əmri ilə öz ərizəsi ilə şəxsi heyətin siyahısına salınsa da, onun sonrakı hərbi xidmətinə və qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, iddia ərizəsində özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirakı qeyd edilsə də, əslində Müdafiə Nazirliyinin tabeçiliyində olan N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən hazırkı iş üzrə cavabdehə qarşı iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, iddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 15 №-li əmrində (əsas: səh-6, sıra-60 əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı müqavilə əsasında xidmətə qəbul olunaraq əsgər vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 04 №-li əmrində (əsas: səh-8, sıra-120, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı öz ərizəsinə əsasən şəxsi heyətin siyahısına daxil edilərək əsgər vəzifəsinə təyin olunması barədə məlumat vardır. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə əlavə məlumat aşkar edilməmişdir. Bildirilir ki, “məxfiləşdirilmiş siyahı”ya əsasən hərbi hissə komandirlərinin əmrləri məxfi olduğu üçün vətəndaşa hərbi hissə komandirlərinin əmrlərinin surəti göndərilmir. İddia ərizəsinə əlavə edilmiş R.Əhmədov, H.Alıyev və İ.Quliyevin xx.xx.2019-cu il tarixli yazılı ifadələrində göstərilmişdir ki, iddiaçı onlarla birlikdə Laçın rayonunun özünümüdafiə dəstələrinin tərkibində döyüşmüşdür. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 15 №-li əmrində (əsas: səh-6, sıra-60 əmrdə atasının adı yazılmamışdır) müqavilə əsasında xidmətə qəbul olunmuş, sıravi İddiaçı əsgər vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 04 №-li əmrində (əsas: səh-8, sıra-120, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı öz ərizəsinə əsasən, hərbi hissənin şəxsi heyətinin tərkibinə qəbul edilməsi və əsgər vəzifəsinə təyin olunması barədə məlumat vardır. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin əlifba qeydiyyatı kitabları və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 15 №-li əmrində (əsas: səh-6, sıra-60 əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı müqavilə əsasında xidmətə qəbul olunaraq əsgər vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 04 №-li əmrində (əsas: səh-8, sıra-120, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı öz ərizəsinə əsasən şəxsi heyətin siyahısına daxil edilərək əsgər vəzifəsinə təyin olunması barədə məlumat vardır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 1988-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. İddiaçı iddia ərizəsində könüllü özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında işgtirak etdiyini bildirsə də, məhkəmə iclasında ona verilən suala cavab olaraq Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini bildirmiş və hazırkı iş üzrə cavabdehə qarşı iddiasını müdafiə etdiyini bildirmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İşdən görünür ki, iddiaçının nümayəndəsi iddiaçıya müharibə veteranı adının verilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda göstərilmişdir ki, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (2.0.2.). Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar (40.2). İşdən görünür ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İddiaçı öz tələbinin sübutu kimi müvafiq arayışa və onunla birlikdə döyüşlərdə iştirak etdiyini iddia etdiyi şəxslərin ifadələrinə əsaslanmışdır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxsə müharibə veteranı adı verilməsi üçün onun qanuna müvafiq qaydada hərbi xidmət keçməsi və ehtiyata buraxılması şərtləri ödənilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1992-ci il və xx.xx.1992-ci il tarixli əmrlərlə N saylı hərbi hissənin siyahısına daxil edildiyi müəyyən edilmişdir. Lakin, iddiaçının bundan sonrakı fəaliyyəti, döyüş əməliyyatlarında iştirak etməsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə ehtiyata buraxılması barədə məhkəmə araşdırması zamanı hər hansı sübutun əldə edilməsi mümkün olmamışdır. Eyni zamanda qeyd edilən əmrlərdə yalnız “İddiaçı” adlı şəxsin hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi qeyd edilmiş, onun ata adı isə qeyd edilməmişdir. Bu isə hazırkı iddiaçının həmin şəxslə eyni şəxs olması ilə bağlı da şübhələrin yaranmasına səbəb olur. İddiaçının əsaslandığı R.Əhmədov, İ.Quluyev və H.Alıyev adlı şəxslərin ərizələrinə gəldikdə isə qeyd edilməldir ki, həmin ərizələrdə iddiaçının onlara birlikdə 1988-1991-ci illərdə özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. İddiaçıya məhkəmə iclasında N saylı hərbi hissədə, yoxsa özünümüdafiə dəstələrinin tərkibində iştirakına əsaslandığı barədə sual verildikdə o, məhz N saylı hərbi hissədə olan xidmətinə əsaslandığını bildirmişdir. Bu səbəbdən məhkəmə araşdırması həmin aspektdən davam etdirilmişdir. İddiaçıya izah edilir ki, əgər milli özünümüdafiə dəstələrinin tərkibində iştirakına əsaslanaraq ona müharibə veteranı verilməsi tələbi ilə çıxış edərsə, bununla bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə, imtina cavabı aldığı təqdirdə isə müvafiq tələblə bağlı məhkəmədə iddia qaldıra bilər. Qeyd edilməlidir ki, “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi iddiaçının birinci “Qarabağ” müharibəsi zamanı N saylı hərbi hissənin tərkibində döyüş əməıliyyatlarında iştirak etməsi və qanuni əsaslara ehtiyata buraxılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar