Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8148/2022 28.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 12 kv.m olan 502 saylı mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********57 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilmədiyini bildirmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yenidən müvafiq tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə əvvəlki məktublara istinad edərək sonuncu dəfə **********93 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətlərinə **********57 nömrəli xx.xx.2021-ci il tarixli və **********80 nömrəli xx.xx.2022-ci il tarixli məktublarla cavab verildiyini, lakin çatışmazlıqların aradan qaldırılmadığını bildirmişdir. İddiaçı bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 12 kv.m olan 502 saylı yaşayış otağına xüsusi mülkiyyət kimi hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 12 kv.m olan 502 saylı otaqda rəsmi qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Həmin mənzil ilkin olaraq sahəsi 24 kv.m olan 2 otaqdan ibarət olmuşdur. Mənzil və mənzilin yerləşdiyi yaşayış binası (ailəli şəxslər üçün yataqxana) “Ulduz” EİB-nin balansında olmuşdur. Həmin binada sahəsi 24 kv.m olan 2 otaqlı mənzil “Ulduz” EİB-nin müdiriyyətinin və həmkarlar təşkilatının 23 dekabr 1987-ci il tarixli, 53 saylı qərarı əsasında verilmiş orderə uyğun olaraq hazırda vəfat etmiş anası X1 o da daxil olmaqla 4 nəfərdən ibarət ailələrinin yaşaması üçün ayrılmışdır. X14 2009-cu il tarixdə 1987-ci ildə ona ayrılmış və istifadəsində olan sözügedən 2 otaqlı mənzilin iki yerə bölünməsi üçün yenidən həmin binanı balansında saxlayan “Ulduz” EİB-nə müraciət etmişdir. "Ulduz" EİBnin özünün və həmkarlar təşkilatının 10 dekabr 2019-cu il tarixli birgə qərarı əsasında 24 dekabr 2009-cu il tarixli, 91 saylı order əsasında ünvan 1, 502-ci mənzil iddiaçının 3 nəfərdən ibarət ailə üzvü ( iddiaçı, əri və uşağı) üçün ayrılmışdır. Həmin tarixdən etibarən 502-ci yaşayış otağı digər 501-ci yaşayış otağından izolə edilmişdir. 1987-ci il tarixdən hazırkı vaxta qədər qanuni əsaslarla ona ayrılmış mənzildə yaşayır. Sonralar "Ulduz" EİB ləğv edilmişdir, yaşadığı yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin Balansına verilmişdir. 2021-ci ilin dekabr ayında qanuni əsaslarla kirayəçisi olduğu yuxarıda qeyd edilən ünvanda yerləşən mənzili özəlləşdirmək məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh özünün 24 dekabr 2021-ci il tarixli, **********57 nömrəli yazılı cavabı ilə bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestr xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanın sərəncamı, order və ya mənzil kirayə müqaviləsi təqdim etməməyi səbəbindən sözügedən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Yazılı müraciətə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən müvafiq mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzildə yerləşən yaşayış otağı ilə eyvanın arakəsməsi sökülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayədəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan 07 iyun 1988-ci il tarixli orderdən görünür ki, “Ulduz” EİB-nin müdiriyyətinin və həmkarlar təşkilatının 23 dekabr 1987-ci il tarixli, 53 saylı qərarına əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı, 501-502 saylı ev müəssisədə işlədiyi dövrdə X2 verilmiş, orderdə həmin mənzilə köçmək hüququna malik olan şəxslər qismində X1, əri X3, uşaqları X6 və X4 adı qeyd olunmuşdur. İş materiallarında olan 1xx.xx.2021-ci il tarixli, 199482 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. “Ulduz” EİB-nin xx.xx.2009-cu il tarixli, 91 nömrəli orderinin surətindən görünür ki, “Ulduz” EİB-nin müdriyyəti ilə razılaşdırılaraq HİK-nın 18 saylı xx.xx.2009-cu il tarixli birgə qərarına əsasən İddiaçı və onun 3 nəfərdən ibarət ailə üzvlərinə Cavanşir küçəsindəki 21a saylı evdə yerləşən 2 saylı yataqxananın İX mərtəbəli binasındakı 5-ci mərtəbədə yaşayış sahəsi 12 kv.metr olan 1 otaqlı 502 saylı mənzilində yaşamaq hüququ verilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022 tarixli, 733 nömrəli məktubundan görünür ki, iddaçı X10 rayon İcra Hakimiyyətində mənzil növbəsində deyil. Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21A nömrəli evin 502 saylı mənzili 1 saylı XTMKTB-nin 118 saylı MKlS-in balansındadır (118 saylı MKİS-in təqdim etdiyi arayışa əsasən) və həmin ünvanda iddiaçı X10 4 nəfər ailə tərkibi ilə (X9, X12, X13) qeydiyyatda olmaqla yaşayırlar. Həmçinin işdə olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 680 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci İl tarixli, 703s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 543 saylı sərəncamı ilə özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektləri, o cümlədən ləğv edilmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin "Ulduz" İB-nin balansında olan ünvan 2 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. Qeyd edilən ünvandakı 502 saylı mənzil dövlət mənzil fondunun növünə aiddir. Binaya xidmət göstərən 118 saylı Mənzil- Kommunal İstismar Sahəsində olan məlumata əsasən hal-hazırda 502 saylı mənzildə X10 4 nəfər ailə üzvü ilə (özü, əri- X8, qızı-Aydan Hüseynova və oğlu-Turan Hüseynov) qeydiyyatda olmaqla yaşayır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həmin mənzilə dair X7 adına kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməmişdir. İddiaçı hazırda yaşadığı 502 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir, cavabdeh isə onun mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsini təqdim etməməsinə istinad edərək müraciəti təmin etməkdən imtina edir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşır və qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Sadalanan normalardan müəyyən olunur ki, dövlət mülkiyyətində olan yataqxanaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra özəlləşdirilməsi üçün: 1. şəxs həmin yataqxanada faktiki yaşamalı; 2. mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamalıdır. İş materiallarında olan 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 2529 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 5 ünvanında yerləşən y/s 12 kv.m olan 1 otaqlı, 502 nömrəli mənzilin icarədarı İddiaçıdır və həmin mənzildə 3 nəfərdən ibarət ailəsi ilə birgə yaşayır. Lakin işdə mübahisəli mənzillə bağlı mənzil fondunun mülkiyyətçisi ilə iddiaçı arasında bağlanmış mənzil kirayə müqaviləsi mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci İl tarixli, 703s nömrəli sərəncamına əsasən ləğv edilmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin "Ulduz" İB-nin balansında olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli yataqxana binasının Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 703s nömrəli sərəncamının icrası haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 543 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 2 nömrəli yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən isə 21A ünvanında yerləşən keçmiş yataqxana binası 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir. Göründüyü kimi, 2018-ci ildə mübahsəli mənzilin balanssaxlayıcısı dəyişsə də, iddiaçı yeni balanssaxlayıcı ilə kirayə müqaviləsi müqavilə bağlamamışdır. Bu zaman məhkəmə onu da nəzərə alır ki, iş materiallarından məlum olur ki, 21a saylı ünvanda yerləşən yataqxananın 501 və 502 saylı otaqları iddiaçının anası X2 xx.xx.1988-ci il tarixli order əsasında verilsə də, həmin otaqlardan 502 saylı mənzil xx.xx.2009-cu il tarixli 18 saylı qərara əsasən xx.xx.2009-cu il tarixli orderlə iddiaçıya verilmişdir, hansı ki, həmin dövrdə xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Həmin Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Belə olan halda aydın olur ki, iddiaçı yataqxananın müvafiq mənzilinin adına özəlləşdirilməsi üçün qanunla zəruri olan mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsinin bağlanması barədə tələbi ödəməmişdir. İddiaçı 118 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə bağlanmış xx.xx.2022-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini təqdim etsə də, həmin müqavilənin bağlanması üçün yeni balanssaxlayıcının qərarını təqdim etməmiş, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Deaprtamentinin xx.xx.2022-ci il tarixli, 680 nömrəli məktubunda da Departament tərəfindən həmin mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilmədiyi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin hazırda ididaçının təqdim etdiyi sənədlər qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun gəlmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8148/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8148/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver