Məhkəmə qərarları › İş №2-1(112)-8148/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8148/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8148/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan X4 və qiymətləndirilməsinə aid pasport”a əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Aşırım (Perevolnaya) küçəsində yerləşən 267,6 kv.metr torpaq sahəsi və onun üzərindəki 73 №-li ev X1 adına qeydə alınmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən “ASAN Xidmət” Mərkəzi Əmlak Xidmətləri Məkanına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən 6.02.1997-ci ildə ölmüş, ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1916-cı il təvəllüdlü Müzəfər Mirkərim oğlunun vərəsəlik işi ilə əlaqədar olaraq, mərhum - Müzəfər Mirkərim oğlunun adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və torpağa dair Çıxarışı, vərəsəsi- İddiaçı ilə göndərilməsi xahiş edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) ünvan 3 ünvanında yerləşən əmlaka hüququn mərhum Müzəffər Mirkərim oğluna məxsus olması haqqında arayışın ona təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə münasibət bildirməyərək, cavab verməmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanda yerləşən 267,6 kv.metr torpaq sahəsi və onun üzərindəki “A” tikilisinin mərhum Müzəffər Mirkərim oğluna mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş atası Müzəffər Mirkərim oğlunun ünvan 3 ünvanında 1954- 1956-cı illərdə inşa etdiyi fərdi yaşayış evləri və 267.6 m2 torpaq sahəsi olmuşdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1974-cü ildə tərtib edilmiş "X4 və Qiymətləndirilməsinə aid pasportunda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evləri və torpaq sahəsi öz əksini tapmışdır. Cavabdehin hərəkətsizliyi onun mülkiyyyət hüquqlarını pozur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1974-cü il tarixində tərtib edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” baş planında qeyd olunan tikililərin bir hissəsi sökülmüşdür. A tikilisinin bir hissəsindən ərizəçi, digər hissəsindən qonşu istifadə edir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən ümumi əraziyə şəhərsalma normalarına cavab verməyən tikililərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi üçün layihələndirilməsi ilə bağlı digər hüquqi şəxsin ("xxxx" MMC) müraciəti qeydə alınmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********40 saylı, xx.xx.2022-ci il tarixli və **********38 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi söküntü ərazisində yerləşir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Perevolnaya (hazırda 4-cü Aşırım) küçəsində yerləşən 267,6 kv.metr torpaq sahəsi və onun üzərindəki 73 №-li ev Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan X4 və qiymətləndirilməsinə aid pasport”a əsasən X1 adına qeydə alınmışdır. İddiaçı Müzəffər Mirkərimovun oğlu – vərəsəsi kimi həmin evin və onun yerləşdiyi torpaq sahəsinin X2 məxsus olması barədə arayışın verilməsini xahiş edir. İş materiallarında olan evlər idarəsi üzrə texniki inventarizasiynın kartoçkasından müəyyən edilir ki, qeyd olunan ev 1954-1956-cı illərdə inşa edilmiş, texniki pasport isə 1974-cü ildə tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Qeyd edilən normanın məzmununa əsasən, mərhum Müzəffər Mirkərimovun mübahisələndirilən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh aşağıdakı hallara istinad edərək iddia tələbinin təmin olunmasına etiraz edir: 1) “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” baş planında qeyd olunan tikililərin bir hissəsi sökülmüşdür. A tikilisinin bir hissəsindən ərizəçi, digər hissəsindən qonşu istifadə edir. 2) elektron kadastr məlumatlarına əsasən ümumi əraziyə şəhərsalma normalarına cavab verməyən tikililərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisi məqsədi üçün layihələndirilməsi ilə bağlı digər hüquqi şəxsin ("xxxx" MMC) müraciəti qeydə alınmışdır. 3) İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı sözügedən fərdi yaşayış evinin söküntü ərazisində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdehin etirazının dəlillərini əsassız hesab edir. 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində (dəqiqləşdirilmiş iddia ərizəsində) fərdi yaşayış evinin torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən “A” tikilisinə mülkiyyət hüququna dair arayışın verilməsi xahiş edir. Göründüyü kimi, texniki pasportda əks olunan və hazırda sökülən tikililərə dair iddiaçının hər hansı bir iddiası yoxdur. İddia tələbində iddiaçı “A” tikilisi ilə bağlı tələb irəli sürmüşdür ki, həmin tikilinin bir hissəsindən faktiki olaraq qonşunun istifadə etməsi iddiaçının mülkiyyət hüququnun realizə edilməsinə mane olan hal deyildir. Məhkəmə etirazın dəlili kimi göstərilmiş 2-ci və 3-cü hallarla bağlı qeyd edir ki, cavabdeh məhkəməyə yazılı etirazını mart ayında göndərmiş və ərazidə yeni tikililərin layihələndirilməsi ilə bağlı "xxxx" MMC-nin müraciətinin qeydə alınmasını göstərmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərkən etirazının yalnız mülahizələrlə deyil, etirazını təsdiq edən sənədləri də məhkəməyə təqdim etməlidir. Digər tərəfdən əraziyə şəhərsalma normalarına cavab verməyən tikililərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi üçün layihələndirilməsi ilə bağlı MMC-nin müraciətinin olması iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün mane deyildir. Əksinə əgər həqiqətən belə bir müraciət varsa, iddiaçı mülkiyyətçi kimi vərəsəlik qaydasında miras qalmış əmlaka görə kompensasiya almaq üçün miras əmlaka hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq hüququna malikdir. Şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə xüsusi mülkiyyətində olan torpaq sahəsinə görə kompensasiyanın verilməsində isə fərq olacağından fiziki şəxs mülkiyyət hüququ üzrə qanuni gözləntisindən məhrum edilə bilməz Oxşar işlər üzrə (mülkiyyətə müdaxilə nəticəsində kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında eyni hüquqi mövqe sərgilənmişdir. Belə ki, “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “... hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar”. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının ikinci bəndinə daşınmaz əmlaka münasibətdə hüququnu yaranması əsaslarından imtina edilməsi üçün əsaslar göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, “..bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir”. Göründüyü kimi, cavabdeh isə formal əsaslara istinad edərək iddia tələbinə etiraz etməklə iddiaçının gözlənilən mülkiyyət hüquqlarının reallaşdırılmasına maneçilik törədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 5 ünvanda yerləşən 267,6 kv.metr torpaq sahəsi və onun üzərindəki “A” tikilisinə dair xüsusi mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar