Məhkəmə qərarları › İş №2-1(112)-8149/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8149/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8149/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək məcburi köçkün statusu və vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1-də Ağdam rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə məskunlaşmışdır və məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edir. Məlumat üçün bildirilir ki, iddiaçının atası xx.xx.2003-cü il tarixdə iddiaçının anası X5 ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı doğulub. İddiaçının atasının məcburi köçkünlüyünü təsdiq edən vəsiqəsi vardır. Belə ki, Azərbaycan Respublikası Qaçqınlar və X2 Üzrə Dövlət Komitəsi İddiaçı məcburi köçkünlüyünü təsdiq edən vəsiqəni verməkdən imtina edirlər. Səbəb kimi qeyd olunur ki, iddiaçının anası X1 qeydiyyatı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə5057/68, bina 8, mənzil 27-də qeydiyyatdadır. İddaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və qanunsuzdur.

3. Cavabdeh tərəfindən iddiaçının atasına ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı anası X1 qeydiyyatı ünvan 1 ünvanında olduğundan məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

4. İş materiallarına əlavə olunmuş İİ-AZ 044533 nömrəli Nigahın bağlanması haqqında Şəhadətnaməyə əsasən Qanuni nümayəndə və X5 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmışdır.

5. İş materiallarına əlavə olunmuş AZ-İİ 115964 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. atası Qanuni nümayəndə, anası X3r.

6. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AA seriyalı 273765 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə (1969-cu il təvəllüdlü, Ağdam rayonunda doğulmuşdur) 1993-cü ildə Ağdam rayonundakı daimi yaşayış yerini tərk etmişdir, hazırda Binəqədi rayonunda məskunlaşmışdır, məcburi köçkün statusuna malikdir.

7. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 721 nömrəli Arayışa əsasən Qanuni nümayəndə 1993-cü ilin iyul ayında Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Gülablı kəndindən məcburi köçkün düşmüş, vahid aylıq müavinət alır. Hazırda Bakı şəhəri, Binəqədi rayonunda müvəqqəti məskunlaşıb.

8. Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 70 nömrəli Arayışa əsasən İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 8 №-li evin 27 №-li mənzilində yaşayır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi (atası) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Ağdam rayonunun Gülablı kəndindən məcburi köçkün düşmüşdür. Gülablı kəndinə köçürülmə başlamamışdır. Ağdam rayonunun Gülablı köçürülmə ilə bağlı təklif olduğu təqdirdə, həmin əraziyə köçməyi planlaşdırır.

II. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.

11. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

12. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

14. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. ... Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; - bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

17. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

18. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

19. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

20. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, iddiaçının atası Qanuni nümayəndə (1969-cu il təvəllüdlü, Ağdam rayonunda doğulmuşdur) xx.xx.2012-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir və o, Ağdam rayonundan məcburi köçkündür.

21. Cavabdehin imtinasının dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçının atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anasının qeydiyyatı Bakı şəhəridir.

22. Məhkəmə cavabdehin imtinası ilə bağlı bildirir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb və ya ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdüyü halda müvafiq hüquqdan məhrum olmaya dair tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət, eləcə də “ayrıca yaşayış sahəsi əldə edildiyi təqdirdə” həmin hüququn itirilməsi halını müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

23. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

24. İddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydalarının (xx.xx.2017-ci ilədək qüvvədə olmuşdur): 3-cü bəndinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. 6-cı bəndinə əsasən Kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. 7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən olunur ki, istehlakçıların dəqiq siyahılarının tərtib edilməsinə və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləğinin düzgün hesablanmasına görə məsuliyyəti bilavasitə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayon (şəhər), əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin, xidmət təşkilatlarının və Komitənin aidiyyəti məsul şəxsləri daşıyır.

26. Göründüyü kimi, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarının tələblərinə əsasən iddiaçı məcburi köçkün statusu almış şəxs kimi qəbul edilmiş, dövlət orqanları tərəfindən iddiaçı məcburi köçkünlərin siyahısına daxil edilərək məcburi köçkünlər üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmişdir. İddiaçı məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və bu, onun güzəştlərdən istifadə etmək hüququna təminat vermişdir.

27. Digər tərəfdən məhkəmə nəzərə alır ki, qanunvericilikdə məcburi köçkün şəxslərin Ağdam rayonuna köçürülməsi ilə bağlı və ya məcburi köçkün vəsiqələrinin ləğv edilməsi ilə bağlı hər hansı hüquqi tənzimləməsi mövcud olmadığından iddiaçıya münasibətdə cavabdeh orqanın imtinası qanuni hesab edilmir. Belə ki, məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı qanunvericilikdə cavabdeh orqanının qeyd etdiyi məhdudiyyət olmadığından bu hüququn iddiaçıya münasibətdə tətbiq olunmamağı hüquq bərabərliyi prinsipinə ziddir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”da qeyd olunduğu kimi işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Odur ki, hazırda Ağdam rayonunun ərazisinə Böyük Qayıdış baş tutmamışdır.

28. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.

30. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar