Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-815/2021 25.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC 23.04.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV depozit hesabına qoyulmuş qadağanın aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ƏDV depozit hesabına qoyulmuş qadağanın aradan qaldırılmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinin semilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2-1(112)-4009/2020 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə 181369.32 manat ƏDV depozit hesabdan köçürərkən ekrana VÖEN ********** əmtəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması barədə məlumat ekrana gəlmiş və ƏDV depazit hesabına vergi orqanı tərəfindən vergi orqanına ƏDV ödənilməsi istisna olmaqla, digər şəxslərə ƏDV ödənilməsi barədə qadağa qoyulmuşdur. Göstərlənlərlə əlaqadar Bakı Lokal Gəlirlər Baş İdarəsinə 06.12.2019-cü il və 11.12.2019-cu il tarixli məktubla ƏDV depazit hesabdan ödəniş edərkən ekrana iddaçının riskli vergi ödəyicisi olduğu və həmin uyğunsuzluğun aradan qaldırılması barədə müracət ünvanlanmışdır. Göstərlən məktubların icrası ilə əlaqdar cavabdeh 18.12.2019-cu il tarixli **********932000 saylı məktubla inzibati araşdırma ilə əlaqadar nümayəndənin 19.12.2019-cü il tarixdə saat 17:00 dəvətnama göndırmişdir. Nümayəndə inzibati araşdırmada iştirak etmiş, lakin göstərlən çatışmazlıq aradan qaldırılmamış və bu barədə vergi orqanı depazit hesabda elektron proqram təminatında texniki nasaslıq müəyyən edilməməsi barədə 20.12.2019-cü il tarixli **********496200 saylı məktub göndərmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün hesab edilməməlidir. iddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, ƏDV depozit hesabına vergi orqanı tərəfindən vergi orqanına ƏDV ödənilməsi istisna olmaqla, digər şəxslərə ƏDV ödənilməsi barədə qadağa qoyulmuşdur. Bununla bağlı cavabdeh qeyd edir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının depozit hesabına hər hansı müdaxilə edilməmiş, digər şəxslərə ƏDV ödənilməsi barədə qadağa qoyulmamışdır. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının fəaliyyətinə hər hansı müdaxilənin olması barədə iddiaçının qeyd etdikləri sadəcə onun mülahizələrindən ibarətdir və hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Hətta iddiaçının vergi orqanına müraciəti ilə əlaqədar **********496200 saylı 20.12.2019-cu il tarixli cavab məktubunda elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı qeyd olunmuşdur. Eyni zamanda cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin belə bir texniki imkanı ümumiyyətlə yoxdur. İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia irəli sürürdüsə, ilk növbədə tələb etdiyi həqiqi və ya ehtimal olunan müdaxilənin məhz cavabdeh tərəfindən vurulduğunu əsaslandırmalı idi. Lakin iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamış, formal mülahizələr əsasında iddia irəli sürmüşdür. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X10 oğlu iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı **********1 nömrəli VÖEN ilə fəaliyyət göstərir, Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində vergi uçotu qeydiyatına alınmışdır, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir, hüquqi ünvanı AZ 1095, ünvan 1övlət qeydiyyatına alındığı tarix 03.03.2017ci ildir. Qanuni təmsilçisi X1r. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanlanan ərizədən görünür ki, iddiaçı onun ƏDV depozit hesabından ödəniş edilməsinin mümkün olmadığını bildirərək, qeyd olunan halın nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 20 dekabr 2019-cu il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, iddiaçının müraciəti araşdırılmış və aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmamışdır. Məhkəmə araşdırması dövründə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4009/2020 saylı, 01.09.2020-ci il tarixli qərardadına əsasən iş üzrə kompüter-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı MMC-nin ƏDV depozit hesabından ƏDV köçürmələrinin, elektron ödənişlərin və əvəzləşmələrin aparılmasında yaranan məhdudiyyət texniki qüsur və ya kənar müdaxilə nəticəsində yaranmışdırmı, ekspertiza tədqiqatı aparıldığı dövrdə İddiaçı MMC-nin ƏDV depozit hesabından köçürmələrinin, elektron ödənişlərin və əvəzləşmələrin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyət olmadığı müəyyən edilərsə, əvvəlki dövrdən ekspertiza aparılan günədək İddiaçı MMC-nin ƏDV depozit hesabından köçürmələrinin həyata keçirilməsində yaranmış məhdudiyyətin səbəbinin nə olması (texniki qüsur və ya kənar müdaxilə) barədə suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli məlumat əsasında məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İmtina məktubuna əlavə edilən aktdan müəyyən edilir ki, akt ondan ötrü tərtib edilmişdir ki, tədqiqat obyekti qismində "xxxx" MMC-yə məxsus “www.e-taxes.gov.az” adlı Vergilər Nazirliyinin internet Vergi idarəsinin internet resursunda saxlanılan hesaba baxış keçirildi: Məhkəmə Ekspertizasə Mərkəzinin eksperti: - X3 İddiaçı MMC-nin nümayəndələri: -X4. İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinin baş hüquqşünası:X5. Məhkəmə Ekspertizası Mərkəzinə məxsus “81.17.94.10” saylı “İP” ünvandan saat “15:29” radələrində “Chrome” (Version 88.0.4324.104 (Official Build) (64-bit)) internet brouzeri vasitəsilə "xxxx" MMC-yə məxsus hesaba daxil olunmuşdur, “www.e- taxes.gov.az” internet resursunda (İnternet Vergi idarəsi) müvafiq ad və şifrə daxil edilməklə şəxsi kabinetə giriş icra edilmişdir. Yeni açılan dialoq pəncərəsində mobil nömrə (asan nömrə), şifrə və “E-bəyənnamə, ƏDV-DH və ŞHV” bəndi seçilmişdir. İddiaçı MMC-yə məxsus ƏDV depozit hesabına baxışı davam etmək üçün İddiaçı MMC mühasibin iştirak etməsi zərurəti yaranmışdır. Lakin mühasibin baxışda iştirak etməməsi səbəbindən hazırkı baxışın davam edilməsi mümkün olmamışdır. İş növbəti dəfə ekspert rəyinin verilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli məlumat əsasında məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İddiaçının hazırkı tələbi ƏDV depozit hesabına qoyulmuş qadağanın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi» Qaydalarının 1.2-ci bəndinə əsasən, əlavə dəyər vergisinin depozit hesabı-ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; ƏDV-nin depozit hesabı X1 (bundan sonra-DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir; ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Göründüyü kimi, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı - depozit və sub-uçot hesabı mövcuddur. ƏDV sub-uçot hesabına münasibətdə qeyd olunan Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1 -ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər; Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: dövlət büdcəsinə; dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; ƏDV sub-uçot hesablarına. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Sadalanan normalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməlidir və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətin edilməsində yalnız özü səlahiyyətlidir. Bu halda, cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatın aparılması səlahiyyəti yalnız vergi ödəyicisinə aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. Göründüyü kimi qanunvericiliklə ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnaməyə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədən ƏDV hesabının, yəni depozit hesabına qoyulmuş qadağanın aradan qaldırılmasını xahiş etsə də, təqdim etdiyi sənədlər üzrə onun ƏDV depozit hesabında məhdudiyyətin qoyulub-qoyulmaması, iddiaçı tərəfindən hüquqi şəxs olaraq ümumiyyətlə əməliyyat aparıla bilməməsi müəssisənin fəaliyyətinə hansı maneənin yaradılmasını və ya onun işinin dayandırmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin analoji məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin 11.05.2018-ci il tarixli 2-1(102)-830/18 nömrəli (hakim Sevda Hüseynova) qərarında müəyyən edilən hallara: “iddiaçı hesab etmişdir ki, onun ƏDV sub-uçot hesabına məhdudiyyət cavabdeh tərəfindən qoyulmuşdur. Bu halın əsaslandırılması kimi hər hansı bir sübutu təqdim etməmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının əsaslandığı hallar hər hansı bir qaydada yoxlanılmamış və iddiaçının ƏDV subuçot hesabına məhdudiyyətin qoyulması hüququnun cavabdehlərdə olub-olmaması, mövcud olduğu halda, hansı əsaslarla və hansı qaydada qoyulması, qoyulduğu təqdirdə iddia tələbi ilə bağlılığı müəyyən edilməmişdir” istinadən qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə kompüter-texniki ekspertizasının dəyəri olan 61,17 (altmış bir manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-815/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-815/2021
25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver