Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-815/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 2-ci Cənub küçəsində yerləşən “305” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********77 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş "Bilik” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən ərazinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxsin bağ sahəsinin koordinatları ilə üstüstə düşdüyü, bir hissəsinin isə yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirallahı rayonu, Dübəndi bağ massivi, İİ-Cənub küçəsində yerləşən, bağçılıq kitabçası və protokoldan çıxarış sənədləri əsasında iddiaçıya məxsus, iddiaçının nəzarətində və istifadəsində olan 305 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, məcburi köçkün düşdükdən sonra xx.xx.1994-cü ildən indiyə kimi Bakı şəhəri Nərimanov rayonu 178 saylı orta məktəbdə müəllimə işləmişdir. Bakı şəhəri X9 İcraiyyə komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarına əsasən Bakı şəhəri, Dübəndi bağçılıq yoldaşlığı ərazisində, Bakı şəhəri Nərimanov rayonu RTŞ-nin "Bilik” bağçılıq yoldaşlığının İİ-Cənub küçəsi, 305 saylı bağ sahəsi bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli 1 №li protokoluna əsasən iddiaçıya verilərək bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bundan əvvəl, püşkatma yolu ilə iddiaçıya düşən bağ sahəsi qayalıq olduğuna görə iddiaçı ondan imtina etmişdir. Üzvlüyə qəbul haqqını vaxtlı-vaxtında ödəmiş, təşkilati abadlıq işlərinin aparılmasında, ərazinin daş-kəsəkdən təmizlənməsində, sahələrarası daş hasarların tikintisində yaxından iştirak etmişdir. Digər bağ sahələri kimi iddiaçı da ona məxsus olan İl-Cənub küçəsi 305 saylı bağ sahəsinin sərhədlərini kubik daşla hasarlamışdır və hazıradək iddiaçının nəzarətində və istifadəsindədir. 2019-cu ilin aprel ayında iddiaçının bağ sahəsi ilə divar qonşusu olan 303 saylı bağ sahəsi arasındakı köhnəlmiş hasarı yeniləmək üçün 6 kubik daş hündürlüyündə olan hasarı sökmüşlər. Yeni tikinti işlərinin aparılması üçün icra nümayəndəsi bağın sənədini istəmişdir. Bununla əlaqədar olaraq iddiaçı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə **********77 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə "Bildiriş” təqdim etmişdir. İddiaçı bağçılıq təsərrüfatı idarəsi ləğv edildiyinə görə siyahını tapmağın və yol verilən texniki səhvliyi araşdırmağın imkanları və səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. İİ-Cənub küçəsində bütün bağ sahələri 500 kv.metr (20x25) sahəyə malikdir. Həmin küçədə 2 qonşudan başqa bütün bağ sahələrinin hamısında ev tikintisi aparılıb. Bütün bağ sahələri 2-3 metr sürüşmüş vəziyyətdədir. Bu hal bağ sahiblərindən heç kimi narahat etmir. Əsas odur ki, hər kəsin bağ sahəsinin ölçüsü düzgündür. Elektrik şəbəkəsi bağ sahəsinin daş hasarının bayır tərəfində İİ-Cənub küçəsinin kənarı ilə keçir, iddiaçının bağ sahəsinə heç bir aidiyyəti yoxdur. İddiaçıya bağ sahəsi bölünəndə həmin şəbəkə olmamışdır. Sakinlərin söylədiyinə görə sonradan kiminsə şəxsi təsərrüfatı üçün 3 fazlı 220V elektrik şəbəkəsi İİ-Cənub küçəsi ilə çəkilmişdir. Çəkilən zaman sakinlərin narazılığına cavab olaraq bildirilmişdir ki, şəbəkənin əraziyə maneçiliyi yoxdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********39 saylı etirazında qeyd etmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən ərazinin bir hissəsinin (156 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxsin- X1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşdüyü, bir hissəsinin (200 kv.m) isə yüksək gərginlikli elektrik şəbəkəsinin (6000 vt) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 və Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin “Bilik” bağçılıq yoldaşlığı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2021-ci il tarixli qərardadı ilə X1 məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmiş, Təhsil İşçiləri Azad X5 Rayon Komitəsinin “Bilik” bağçılıq yoldaşlığının isə üçüncü şəxs qismində iştirakı ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Bakı Şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarı ilə Bakı şəhər XDS-nin xx.xx.1987-ci il tarixli 326 nömrəli qərarı əsasında Zirə tərəvəzsüdçülük sovxozuna ayrılmış Əzizəbəyov rayonu, Dübəndi qəsəbəsində yerləşən ərazinin 3.66 ha hissəsi kollektiv bağçılığın təşkili məqsədilə Nərimanov rayonundakı RONO-nun 60 nəfər üzvünə ayrılmışdır. Nərimanov rayon RTŞ “Bilik” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli 11 nömrəli Protokolundan Çıxarışdan görünür ki, İddiaçı “Bilik” bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və 2-ci Cənub küçəsində yerləşən 500 kv.metr “305” saylı bağ sahəsinin daimi istifadədən ötrü ona verilməsi qərara alınmış, iddiaçıya Bağçının üzvlük kitabçası verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, bağ sahəsinin sərhədlərinin bir tərəfi hasar, qalan tərəfləri şərtidir, döngə nöqtələrinə 3-5 ədəd m.daşı qoyulmuşdur. Tikili yoxdur. Bağ sahəsinin əvvəlki sərhədləri dəyişdirilərək döngə nöqtələrinə mişar daşı qoyulmuşdur. İddiaçının döngə nöqtələrinə qoyduğu daşlardan şərq tərəfdəki qonşunun hasarına qədər 0-1.40 m aralı, qərb tərəfdəki qonşunun hasarına qədər 4.23-5.70 m boş sahə qalır. İddiaçı bildirmişdir ki, həmin boş sahələr qonşu bağlarıdır, hasarlarını düz çəkməyiblər. Sonuncu verilmiş koordinatlara əsasən qonşu sahə ilə üst-üstə düşmə halı yoxdur. Qonşu bağ nömrələrinin ardıcıllığına əsasən bir hissəsi 303 saylı bağın ərazisinə uyğun gəlir, 200 kv.metr hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Bakı şəhər Pirallahı rayonu Gürgən bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 20 saylı Arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 500 kv.metr torpaq sahəsi idddiaçıya məxsusdur və xx.xx.2022-ci ilə kimi borcu yoxdur. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 6-02/06-08/B-167/2/4114 saylı məktubundan görünür ki, Pirallahı rayonu, Dübəndi bağçılıq yoldaşlıq ərazisi, 2-ci Cənub küçəsi 305 saylı bağ sahəsinin kənarından keçən 6 kv-luq elektrik hava xətti abonentə məxsus 1418 saylı komplekt transformator məntəqəsini qidalandıran xətdir və 2007-ci ildə abonent tərəfindən quraşdırılmışdır. İddiaçı hazırda onun barəsində qəbul olunmuş qərar və üzvlük kitabçasına əsasən 305 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Cavabdehin imtinasının dəlilləri aşağıdakı kimidir:
1. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmaması;
2. elektron kadastr məlumatına əsasən ərazinin bir hissəsinin (156 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxsin- X1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşməsi;
3. Bağ sahəsinin bir hissəsinin (200 kv.m) yüksək gərginlikli elektrik şəbəkəsinin (6000 vt) mühafizə zolağında yerləşməsi. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən torpaq sahəsinin mərz nişanlarının yeri dəyişdirilmiş, bununla da cavabdehin imtinası üçün əsas olan X3 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmə halı aradan qalxmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən:
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin imtinasının ikinci və üçüncü dəlili ilə razılaşmır. Lakin imtinanın ilkin dəlilinə gəldikdə məhkəmə hesab edir ki, bu dəlil əsaslıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:
1. bağ sahələrinə dair verilən icarə müqavilələri;
2. bağ sahələrinə dair verilən sərəncamlar;
3. bağ sahələrinə dair verilən orderlər;
4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;
5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İddiaçı qeyd olunan sənədlərdən ikisini, üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışı təqdim etsə də, bu sənədlər Qanunun tələblərinə müvafiq olmamışdır. Belə ki, istinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədlərin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı “Bilik” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Məhkəmə icraatı zamanı baxış keçirilmiş və surəti çıxarılmaqla iş materiallarına əlavə edilmiş cavabdehə təhvil verilən “Bilik” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, bağçılığın üzvlərinin ilkin siyahısında 56 nəfər üzv olmuş, həmin siyahıda iddiaçının adı qeyd olunmamışdır. Daha sonra 2007-ci ildə “Bilik” bağçılıq yoldaşlığın sədri M.Hümbətov ərizə ilə cavabdehə müraciət edərək göstərmişdir ki, 1986-cı ildə Bakı şəhəri Nərimanov rayon RTŞ məktubla müraciət edərək, 60 nəfərlik bağ-bostan sahəsi almaq istədiyini bildirmişdir. Bakı şəhəri XDS İcrakomunun 20/396 saylı, xx.xx.1987-ci il qərarına əsasən Nərimanov rayon təhsil şöbəsinə Dübəndi qəsəbəsi ərazisində 60 nəfərlik, cəmi 3.66 ha torpaq sahəsi ayrılmışdır. Nərimanov RTŞ nəzdində 60 nəfərlik “Bilik” bağçılıq yoldaşlığı təşkil olunmuşdur. “Bilik” bağçılıq yoldaşlığın nizamnaməsi təsdiq olunmuş, ayrılmış torpaq sahəsi fərdi bağ sahələrinə bölünmüşdür. 1989-cu ildə fərdi bağ sahələrinin püşkatma yolu ilə bölgüsü aparılmışdır. Bölgü zamanı məlum olmuşdur ki, 1986-cı ildə fərdi bağ sahəsi almaq istəyən 60 nəfər Nərimanov rayon müəllimlərindən yalnız 30 nəfəri ayrılmış bağ sahələrini yenidən almaq istəyir. Bunun səbəbi odur ki, 1986-cı il siyahısında olan müəllimlərin bir hissəsi rus və erməni millətlərinin nümayəndələri idilər və 1988-ci il Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq onların hamısı yaşayış yerlərini dəyişərək başqa respublikalara köçüb gedirlər. Ona görə də “Bilik” bağçılıq yoldaşlığının nizamnaməsinə əsasən yoldaşlığa üzv olmaq istəməyən müəllimələrin yerinə Nərimanov rayonu ərazisində işləyən digər müəllimlər üzv qəbul edilmişdir, bu dəyişikliklər yoldaşlığın protokol kitabında qeyd olunmuşdur. 1989-cu ildən başlayaraq müxtəlif səbəblər üzündən (bağ yerinin uzaqda olması, maliyyə vəsaitinin olmaması, üzvlük və təşkilati xərclərin ödənməməsi, digər səbəblər) yoldaşlığın üzvləri siyahısında dəyişikliklər olmuşdur, bəzi üzvlər yoldaşlıq üzvlüyündən çıxmışlar, digər Nərimanov rayon müəllimləri nizamnaməyə əsasən “Bilik” bağçılıq yoldaşlığına üzv qəbul edilmişlər, bu dəyişikliklər protokol kitabında qeydə alınmışdır. Bu səbəblərdən Nərimanov rayonu RTŞ-nin 1986-cı ildəki siyahısı ilə “Bilik” bağçılıq yoldaşlığının son siyahısı arasında fərq vardır. Yekunda “Bilik” bağçılıq yoldaşlığının son siyahısı təqdim edilərək yoldaşlığın üzvlərinin bağ sahələrinin özəlləşdirilməsi zamanı bunların nəzərə alınması xahiş olunmuşdur. Həmin ərizəyə bağçılıq yoldaşlığın üzvlərinin yeni siyahısı əlavə edilmiş, siyahı xx.xx.2007-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş, siyahıda 58 nəfər şəxsin adı göstərilmiş, lakin iddiaçının adı yenə də həmin siyahıya daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, bağçılıq yoldaşlığın ilkin Siyahısı 1986-cı ildə tərtib edilmiş, iddiaçıya isə sənədlərə əsasən xx.xx.1999-cu il tarixdə bağ sahəsi ayrılmışdır. Buna görə də onun adının ilkin siyahıda olmaması təbiidir. Lakin sonradan baş verilmiş dəyişikliklərə uyğun olaraq 2007-ci ildə bağçılığın üzvlərinin Siyahısı yenidən tərtib edilən zaman iddiaçının adının həmin siyahıya daxil edilməməsi mübahisəli bağ sahəsinin məhz 1999-cu ildə iddiaçıya ayrılmasına əsaslı şübhələr yaradır. Bu zaman o da nəzərə alınır ki, məhkəmə iclasında tədqiq edilən “Bilik” bağçılıq yoldaşlığının üzvlərinin iclas protokollarından görünür ki, bağçılıq yoldaşlıq tərəfindən sonuncu dəfə xx.xx.1999-cu il tarixdə bağ sahəsi İddiaçı ayrılmış, ondan əvvəl isə xx.xx.1999-cu il tarixdə 293 saylı bağ sahəsi X6 verilmişdir. Eyni ildə, arasında 2 aydan az fərq olmaqla qəbul edilmiş bu qərarlar üzrə V.Həsənovanın adının 2007-ci il tarixdə cavabdehə təqdim edilmiş siyahıya daxil edilməsi, iddiaçının adının isə qeyd edilməməsi həmin sənədlərin mötəbərliyinə olan şübhəni daha da qüvvətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının adı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən onun təqdim etdiyi üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış qanunvericiliyin tələblərinə cavab verən sənəd kimi qəbul edilə və həmin sənədə əsasən onun iddiası təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənədlər həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova