Məhkəmə qərarları › İş №2-1(112)-8150/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8150/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8150/2023 22.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995ci il tarixli, 757 saylı Sərəncamına əsasən ona ayrılmış Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ilə bağlı torpağın faktiki vəziyyətinə uyğun olaraq torpağın yerləşmə cizgisinin verilməsi vəzifəsinin Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 757 saylı Sərəncamına əsasən ona Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli cavabına əsasən Səbail rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1995-ci il, 757 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə torpaq sahəsinin yerləşmə cizgisinin dəqiqləşdirilməsi barədə müraciət ünvanlanmışdır. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli M-217-091 saylı məktubuna əsasən bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 757 saylı Sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər Səbail Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. Halbuki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1995-ci il tarixli, 757 saylı Sərəncama əsasən iddiaçıya qanuni şəkildə ayrılmış 600 kv.m torpaq sahəsi var. Bunu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər də təsdiq edir. Daha sonra yenidən iddiaçı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti xx.xx.2023cü il tarixli, 5-19/2-10-A-8-091 saylı eyni məzmunlu imtina cavabı göndərmişdir. İddiaçı hesab edir ki, torpaq sahəsi ilə bağlı torpağın faktiki vəziyyətinə uyğun olaraq torpağın yerləşmə cizgisinin verilməsi barəsində müraciəti üzrə imtina qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 757 saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış Badamdar qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsi ilə bağlı Sərəncama uyğun olaraq torpağın yerləşmə cizgisinin verilməsi vəzifəsinin Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh (nümayəndəsi) hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə cizginin verilməsi ilə bağlı iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, xx.xx.1995-ci il tarixli, 757 saylı Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Səbail Rayon icra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. -Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 09 mart 1995-ci il tarixli, 757 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Bahadur qızına fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. -Məhkəmənin sorğusu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının 09 mart 1995-ci il tarixli 757 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Sərəncama onun verilməsi üçün əsas olmuş, iddiaçı tərəfindən verilən müraciət ərizəsinin təsdiq edilmiş surəti əlavə edilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qaldırılan məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin arxivində hər-hansı məlumat aşkar edilmədiyi bildirilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya Səbail RİHB-nin müvafiq sərəncamı ilə Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.1995-ci il tarixli, 757 saylı Səbail Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və onun tərkib hissələri olan digər sənədlərin (sxem və s.,) Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Arxiv məlumatlarına əsasən qeyd olunan sərəncama yerləşmə cizgisi əlavə edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. -60-cı maddəsinin V hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Səbail RİHB-nin 1995-ci il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 757 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsinin ərazisində ayrılmış 600 kv.metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 757 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsinin ərazisində ayrılmış 600 kv.metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq verilməsi vəzifəsi cavabdeh Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar