Məhkəmə qərarları › İş №2-1(112)-8153/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8153/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8153/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun yaşadığı ünvan 1 ünvanına qeydiyyata alması vəzifəsinin cavabdeh Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Belə ki, ünvan 4anında olan ev onun valideynlərinin olmuşdur. O həmin evdə yaşayır, bütün komunal ödənişləri edir və onun adınadır. Adı keçən ünvanda olan evə 1992-ci il tarixdə texniki pasport verilmişdir. Bildirmişdir ki, o, ünvan 5 ünvanında yaşasa da qeydiyyata alınmamışdır və qeydiyyatsız yaşayır. Bu da ona müəyyən çətinliklər yaradır. Bu səbəbdən də Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də Polis İdarəsi tərəfindən imtina verilməsi barədə cavab məktubu gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibayi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8153/2023 nömrəli qərardadı ilə iddia tələbi İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 17 ünvanına qeydiyyata alması vəzifəsinin cavabdeh Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması şəklində dəqiqləşdirilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının X22 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 270 nömrəli Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, o həqiqətən Əhmədli qəsəbəsində Ş.Səmədov küçəsi 17 №li evdə qeydiyyatsız yaşayır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-22613/2023 nömrəli məktubu ilə göndərilmiş ünvan 6 ünvanında qeydiyyatda olan şəxslərə dair məlumatlardan görünür ki, X17 xx.xx.2010-cu il tarixdən hazıradək, X14 xx.xx.2018-ci il tarixdən hazıradək, X15 xx.xx.2016-cı il tarixdən hazıradək, X10 xx.xx.2008-ci il tarixdən hazıradək, X28 xx.xx.2013-cü il tarixdən hazıradək, X12 xx.xx.1997-ci il tarixdən hazıradək və X16 xx.xx.2007-ci il tarixdən hazıradək ünvan 6 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********92 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, 17 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, olaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 17 saylı fərdi yaşayış evinə dair X6 adına xx.xx.1992-ci il tarixdə texniki pasport tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş X5 verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsi, ev 17 ünvanında qeydiyyatda başqa şəxs yoxdur. Elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş AZE seriyalı 15739629 nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1979-cu il təvəllüdlü X8 ünvan 7 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ərizələrin surətlərindən görünür ki: - X3 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş Ərizəsində qeyd olunmuşdur ki, ünvan 8 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir. - X4 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş Ərizəsində qeyd olunmuşdur ki, ünvan 8 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir. - X7 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş Ərizəsində qeyd olunmuşdur ki, ünvan 8 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının X22 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 36 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 9 ünvanı iki ayrı vətəndaşa məxsus iki fərdi yaşayış evinə eyni olaraq verilmişdir. X1 ünvan 9 ünvanında bacısı X9 (6cı Əhmədli küçəsi, ev 17) ilə birgə qeydiyyatdadır. Digər bacısı X8 isə Xətai rayonu, 6-cı Əhmədli küçəsi, ev 17A ünvanında qeydiyyatdadır. Hər üç vətəndaş eyni təsərrüfatda uçota alınmışdır. Digər eyni adlı (Şahin Səmədov küçəsi ev 17) ünvanda qonşu X11 öz ailə üzvləri ilə birgə qeydiyyatda yaşayır. Məlumat üçün bildiririk ki, Şahin Səmədov küçəsi əvvəl 6-cı Əhmədli küçəsi olaraq adlanmışdır. Hər iki fərdi yaşayış evinin mülkiyyətə dair sənədləri qəsəbə nümayəndəliyinə təqdim edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-55/1-Y-1603 nömrəli məktubunda bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Nəzərinizə çatdırırıq ki, Sizin qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyiniz halda məhkəməyə müraciət etmək huququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı ünvan 6 ünvanında bacıları X8, X9 və qardaşı X13 ilə birlikdə faktiki yaşasa da özü həmin ünvanda qeydiyyatda deyildir. İddiaçının yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Eyni zamanda həmin ünvana dair reyestr məlumatlarından müəyyən olunur ki ünvan 6 ünvanı üzrə hər hansı əmlak xüsusi mülkiyyət hüququ ilə hər hansı şəxsin adına qeydiyyatdan keçməmişdir. Həmçinin iddiaçının yaşadığı ünvandakı fərdi yaşayış evinə dair atası X6 adına xx.xx.1992-ci il tarixdə texniki pasport tərtib edilmiş və həmin texniki pasport Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılır. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçının həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına münasibətdə əsassız hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Belə olan halda hesab edilir ki, iddiaçının ailə üzvləri həmin ünvanda qeydiyyatda olduğu halda iddiaçının da ailə üzvləri ilə birgə faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmanı tələb etməkdə haqlıdır. Nəzərə almaq lazımdır ki, həmin ünvanda qeydiyyatda olan qohumları iddiaçının mübahisəli ünvana qeydiyyata düşməsinə etiraz etmədiklərinə dair notarial qaydada təsdiqlənmiş ərizələr təqdim etmişlər. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana iddiaçının qohumlarını, eyni zamanda qonşualrı həmin ünvana qeydiyyata almış, iddiaçının müraciətinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ünvan 6 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ünvan 6 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar