Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8154/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, 4A saylı evin 3 saylı mənzilinin ümumi sahəsi 43,7 kv.m. göstərilməklə, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və bununla bağlı müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək, iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 ilə İddiaçı arasında bağlanılmış və Bakı şəhəri, 50 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-552 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, 4A saylı evin 3 saylı mənzili X6 tərəfindən X1. Bundan sonra həmin mənzilə dair iddiaçıya xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********24-05101-093002 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 28,48 kv.m. göstərilmişdir. Həmçinin, satıcı X5 adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli mənzilin texniki pasportunda da, mənzilin sahəsi 28,48 kv.m. göstərilmişdir. Lakin, sözügedən texniki pasportda hər biri 14,24 kv olmaqla, cəmi 28,48 kv.m. sahə göstərilərkən, yalnız 2 yaşayış otağı nəzərə alınmış, mətbəx, dəhliz, sanitar qovşaq və s. nəzərə alınmamışdır. Qeyd olunan hal texniki pasportda da öz əksini tapır. İddiaçı tərəfindən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Xətai RİH-ə müraciət edilmiş, Xətai RİH-in xx.xx.2021-ci il tarixli, 53 saylı Sərəncamı ilə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, 4A saylı evin 3 saylı mənzilinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Eyni tarixdə Xətai RİH nəzdində fəaliyyət göstərən X2 rəyi və 12 saylı qəbul aktı tərtib və təsdiq edilərək Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, 4A saylı evin 3 saylı mənzilinin sahəsinin 43,7 kv.m. olması nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Sözügedən sənədlərdə qeyd olunmuşdur ki, mənzilin faktiki ümumi sahəsi 43,7 kv.m. təşkil edir, ümumi sahədəki fərq mənzildə aparılmış rekonstruksiya və təmir-bərpa işləri səbəbindən yaranmışdır, hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzildən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Bundan başqa, Xətai RİH tərəfindən eskiz layihə də təsdiq edilmişdir. Məlumat üçün bir daha bildirir ki, Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, 4A saylı evin 3 saylı mənzilinin çıxarışında və texniki pasportunda 28,48 kv.m. göstərilməsi həmin mənzilin hər biri 14,24 kv olmaqla yalnız 2 yaşayış otağının nəzərə alınması nəticəsində baş vermişdir. Halbuki, mənzil yalnız 2 yaşayış otağından ibarət deyildir. Mənzildə köməkçi sahələr (mətbəx, dəhliz, sanitar qovşaq və eyvan) də mövcud olmuşdur. Mənzildə təsdiq edilmiş layihəyə uyğun olaraq tərəfimdən rekonstruksiya və təmir-bərpa işləri aparılmış, hazırda mənzilin faktiki sahəsi köməkçi sahələr də nəzərə alınmaqla, 43,7 kv.m. təşkil edir və mənzildən faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Kommunal ödənişlər də qeyri-yaşayış sahəsi tariflərinə uyğun olaraq ödənilir. Onu da qeyd etməliyəm ki, tərəfimdən rekonstruksiya və təmir-bərpa işləri mənzilə aid olmayan hər-hansı sahə məzilə birləşdirilməmiş, hər-hansı sahə zəbt edilməmişdir. Bununla bağlı ərizə ilə (bütün müvafiq sənədlər əlavə edilməklə) cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********73 saylı məktub göndərilərək, ərizənin təmin olunmasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdə yerində müayinə keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyri-yaşayış sahəsinin faktiki mövcud olan sahələrinin bir hissəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahələrdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********43 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Həmçinin bildirirlər ki, Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi 4a ünvanında yerləşən, ümumi sahəsi 28.48 kv.m olan 3 saylı mənzil İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 43.7 kv.m təşkil edir. Təqdim edilmiş layihədə göstərilən ölçüsü 7,9 kv.m, 5,1 kv.m və 1 kv.m olan sahələr ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahələrdə yerləşir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli məktubu. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surəti. - xx.xx.2015-ci il tarixdə tərtib edilmiş Texniki pasportun notarial qaydada təsdiq edilmiş surəti. - Xətai Rayon İcra Hakimiyyəti başçısının 53 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamından Çıxarışın notarial qaydada təsdiq edilmiş surəti. - Xətai Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İdarələrarası Texniki Komissiyasının xx.xx.2021-ci il tarixli Rəyinin surəti. - Xətai Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İdarələrarası Texniki Komissiyasının xx.xx.2021-ci il tarixli 12 nömrəli Qəbul Aktının notarial qaydada təsdiq edilmiş surəti. - Xətai rayonu, ünvan 3n 3 saylı mənzilinin qeyri-yaşayış obyektinə çevrilməsinin Eskiz Layihəsinin notarial qaydada təsdiq edilmiş surəti. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunun surəti. - "xxxx" MMC-nin ƏEM/S 12-588/22 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Cavabdehin nümayəndəsi şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, ev 4a, mənzil 3 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində ünvan 2 ünvanında İddiaçı məxsus Xətai rayonu, ünvan 3n 3 saylı mənzilinin qeyri-yaşayış obyektinə çevrilməsinin Eskiz Layihəsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İdarələrarası Texniki Komissiyasının Rəyində göstərilmişdir: “Müəyyən edilmişdir ki, 4asaylı evin 1-ci mərtəbəsində yerləşən, mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin RX ******* nömrəli, xx.xx.2015-ci il çıxarışına əsasən vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edildi ki, mənzilin faktiki ümumi sahəsi 43.7 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış rekonstruksiya və təmir-bərpa işləri səbəbindən yaranmışdır. Hal-hazırda mənzillərdən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Xətai rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən İdarələrarası Texniki komissiya yuxarıdakıları nəzərə alaraq qərara alır: Komissiya, vətəndaş İddiaçı məxsus, Xətai rayonu, S.Şirvani küçəsi, 4a saylı evin, 1-ci mərtəbəsində yerləşən 3 saylı mənzilinin ümumi sahəsi 43.7 kv.m ölçülər daxilində birləşdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edir.” İş materiallarından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İdarələrarası Texniki Komissiyasının Qəbul Aktında göstərilmişdir: “Yaşayış və ümumi sahələrdəki yaranmış fərq, mülkiyyətçi tərəfindən rekonstruksiya və yenidənqurma işləri aparılması səbəbindən yaranmışdır. Mənzilin qonşulardan təcrid olunmuş ayrıca giriş-çıxışı mövcuddur. Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti nəzdində X9 Texniki Komissiyası yuxarıda qeyd olunanları nəzərə alaraq qərara alır: Komissiyanın keçirdiyi texniki baxış zamanı, vətəndaş İddiaçı məxsus Xətai rayonu, X11 küçəsi ev 4 a, 3 saylı mənzilin ümumi sahəsinin 43.7 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edir.” İş materiallarından görünür ki, Xətai Rayonu İcra Hakimiyyəti başçısının 53 nömrəli xx.xx.2021-ci il tarixli X3 Kifayət Heydər qızının xüsusi mülkiyyətində olan Xətai rayonu, X11 küçəsi ev 4 a, 3 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin X8 ünvanladığı bildirişdən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 188.02 kv.m olan yaşayış sahəsi iaşə obyekti kimi istifadə olunması məqsədilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxılaraq həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 26 fevral 2021-ci il tarixli 45 saylı Sərəncam qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunu onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyri-yaşayış sahəsinin faktiki mövcud olan sahələrinin bir hissəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahələrdir. Bundan başqa, qeyd edilən ünvanda yerləşən mənzil üzərində hüquqlar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi üçün daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı "xxxx" ASC-nin razılıq məktubu əlavə edilməlidir. Məhkəmə cavabdeh inzibati orqanın “qeyd edilən ünvanda yerləşən mənzil üzərində hüquqlar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi üçün daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı "xxxx" ASC-nin razılıq məktubu əlavə edilməməsi” dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan "xxxx" ASCnin xx.xx.2022-ci il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, ipoteka müqaviləsi ilə təmin olunmuş kredit üzrə öhdəliklər tam icra edilmiş, ipoteka müqaviləsinə xitam verilmişdir. Odur ki, mövcud daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın bi dəlili əsassızdır. Məhkəmə cavabdeh inzibati orqanın “idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyri-yaşayış sahəsinin faktiki mövcud olan sahələrinin bir hissəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahələrdir” dəlili ilə bağlı qeyd edir ki, İş materiallarında olan xx.xx.2022-ci il tarixli Yerində müayinə protokolundan və "xxxx" MMC-nin ƏEM/S 12-588/22 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyindən görünür ki, mübahisə predmeti olan daşınmaz əmlakda ümumi istifadədə olan sahə müəyyən edilməmişdir. Həmçinin, cavabdeh inzibati orqan əlavə olaraq iddiaya dair yazılı etirazında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi 4a ünvanında yerləşən, ümumi sahəsi 28.48 kv.m olan 3 saylı mənzil İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 43.7 kv.m təşkil edir. Məhkəmə cavabdeh inzibati orqanın bu dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi 4a ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair tərtib edilmiş Texniki Pasportda 3 saylı mənzilin yalnız iki yaşayış otaqdan ibarət olmaqla ümumi sahəsi 28.48 kv.m göstərilmişdir. Həmçinin, "xxxx" MMC-nin ƏEM/S 12-588/22 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyindən görünür ki, hazırda mənzilin ümumi sahəsi əsas və köməkçi sahələr də daxil olmaqla 43.7 kv.metr təşkil edir. Yaranan fərq mənzilin daxilində aparılan yerdəyişmələr və hüquqi sənədlərdə əks edilməyən köməkçi sahələrin göstərilməməsi kimi izah edilir. Beləliklə, göründüyü kimi, cavabdeh inzibati orqanın imtina məkktubunda və iddiaya dair yazılı etirazında göstərdiyi dəlillərin əsassız olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası Mənzil Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2-ci maddə. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3-cü maddə. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4-cü maddə. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5-ci maddə. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6-cı maddə. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7-ci maddə. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8-ci maddə. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9-cu maddə. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10-cu maddə. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. 23.1-ci maddə. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2-ci maddə. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” xx.xx.2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən müvafiq səlahiyyətli orqanın qərarı ilə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi təsdiq edilməli, əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsi tələb olunursa, sahənin keçirilməsinin təsdiq edilməsinə dair səlahiyyətli orqanın qərarında bu barədə göstərilməlidir. Yenidənqurma və ya yenidənplanlaşdırma işləri başa çatdıqdan sonra sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməli, həmin orqan tərəfindən də dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. İşin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı qanunvericiliyin sadalanan tələblərinə uyğun olaraq zəruri hərəkətləri həyata keçirmiş və yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməklə mənzillər birləşdirilərək yenidən planlama işlərinin həyata keçirilməsi barədə səlahiyyətli orqan qərar qəbul etmişdir. Belə ki, iddiaçının müvafiq müraciətindən sonra Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən X2 üzvləri tərəfindən mübahisəli mənzilə yerində baxış keçirilərkən mənzildə yenidənqurma işlərinin aparılması, mənzillərdən qeyriyaşayış sahəsi kimi istifadə olunması və qonşu mənzillərdən təcrid olunmuş ayrıca girişçıxışının olması müəyyən edilmiş, Xətai rayonu, S.Şamilov küçəsi, 4a saylı evin, 1-ci mərtəbəsində yerləşən 3 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edərək texniki rəy vermişdir. Həmin rəyə əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısı tərəfindən iddiaçıya məxsus mübahisəli mənzildə aparılmış yenidənqurma işləri və ayrıca giriş-çıxışının olması nəzərə alınaraq, mövcud ölçülərdə sənədləşdirilməsi və mənzilin həmin ölçüdə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. Mübahisə üzrə işin hallarından həmçinin müəyyən olunur ki, iş üzrə Mənzil Məcəlləsinin 20.2-ci maddəsində sadalanmış yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilməyən hallar hazırkı iş üzrə mövcud deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Məhkəmə qeyd olunan qanunvericilik normaları baxımından mübahisəyə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ünvan 7 İddiaçı məxsus 3 saylı mənzilin qeyriyaşayış sahəsinə keçirilən sahədə (mənzildə) yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsinə icazə verilməsinə dair səlahiyyətli orqanın qərarının, eləcə də həmin işlərin təsdiq edilməsinə dair sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktının mövcud olması, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində ünvan 7 ünvanında İddiaçı məxsus 3 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair eskiz layihəsinin razılaşdırılması, həmin mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında Xətai Rayonu İcra Hakimiyyəti başçısının 53 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamının mövcud olması, həmçinin Mənzil Məcəlləsinin 20.2-ci maddəsində sadalanmış yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilməyən halların hazırkı iş üzrə mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, 4A saylı evin 3 saylı mənzilinin ümumi sahəsi 43,7 kv.m. göstərilməklə, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və bununla bağlı müvafiq daşınmaz əmlakın İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, 4A saylı evin 3 saylı mənzilinin ümumi sahəsi 43,7 kv.m. göstərilməklə, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və bununla bağlı müvafiq daşınmaz əmlakın İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev