Məhkəmə qərarları › İş №2-1(112)-8154/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8154/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8154/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ümumilikdə əmək fəaliyyətinə 12 sentyabr 1980-ci ildən etibarən başlamışdır. 23 dekabr 1993-cü ildən bu günədək isə "xxxx" ASCnin Bakı Kanalizasiya İdarəsində idarənin istismar sahəsində qəza-bərpa ilşəri üzrə çilingər peşəsində işləmiş və işlədiyi vaxtdan etibarən 1 dərəcədən hal-hazırda 13-cü dərəcəyədək olan çilingər peşəsinə yüksəlmişdir. İddiaçının sözügedən idarədə işləməsini onun əmək kitabçası ilə yanaşı, həmçinin "Azərsu” ASC tərəfindən İddiaçı verilmiş 13 yanvar 2023-cü il tarixli 01 saylı güzəştli arayışı təsdiq etməkdədir. İddiaçı artıq təqaüd yaşına çatması ilə əlaqədar müvafiq quruma müraciət etmək qərarına gəlmiş və beləliklə, xx.xx.2023-cü il tarixində AR ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh qurum xx.xx.2023-cü il tarixli 3- 17-1/2-Ş-31978/2023 saylı məktubla vətəndaşa imtina məktubunu təqdim etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi iddiaçıya 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərarın qəbul edilməsi kimi qəbul edilmişdir.

5. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir, iddiaçının 17 yanvar 2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun işlədiyi çilingər vəzifəsinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ümumi peşələr bölməsində (35) nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərlərinə aid olmaduğundan onun güzəştli iş stajı müəyyən edilməmişdir. Bu fakt Nərimanov rayon Sukanal İdarəsinin 16 fevral 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, hal-hazırda 61 yaşı vardır. O, 12 sentyabr 1980-ci il tarixdən əmək fəaliyyətinə başladığını, 23 dekabr 1993-cü il tarixdən bu günədək isə "xxxx" ASCnin X6 idarəsinin Qəza Bərpa işləri üzrə çilingər peşəsində işlədiyini iddia etmişdir. Nərimanov rayon Sukanal İdarəsinin 16 fevral 2023-cü il tarixli aktına əsasən İddiaçı xx.xx.1993-xx.xx.2023-cü illər ərzində işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 35-ci ümumi peşələr bölməsində nəzərdə tutulmuş yeraltı işlərdə daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər peşələrinə aid olmadığı müəyyən edilmişdir. Ümumiyyətlə, adı çəkilən müəssisədə qəza-bərpa işlərində çalışan çilingərlərin yeraltı- kanalizasiya işlərində çalışmasını təsdiq edəcək heç bir sənəd mövcud deyil. İş materiallarına əsasən mübahisəli məqam iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyqun olmamasıdır.Eyni zamanda bildiririk ki, iddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən xx.xx.1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında onun 23 dekabr 1993-cü il tarixdən bu günədək “Nərimanov rayon Sukanal” idarəsində çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifə yuxarıda göstərilən yeraltı işlərdə daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər peşəsinə uyğun deyildir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən əmək fəaliyyətinə başlamışdır, xx.xx.1993-cü il tarixdən halhazıradək "xxxx" ASC-nin X6 idarəsinin Qəza Bərpa işləri üzrə çilingər vəzifəsində çalışır.

7. "xxxx" ASC-nin X6 idarəsinin 13 yanvar 2023-cü tarixli arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" ASC-nin Bakı Kanalizasiya İdarəsi istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində (09 ay 08 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.2011-ci tarixədək Bakı Kanalizasiya İctimai Birliyinin nəznində X1 Müəssisəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində (16 il 05 ay 27 gün), xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-nin X6 İdarəsi Su və X1 sahəsi Tullantı suların axıdılması xidmətində qəza-bərpa işləri üzrə çilingər peşəsində (11 il 09 ay 14 gün) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 29 il 17 gün təşkil edir. İddiaçının işlədiyi ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bənddə (ümumi peşələr) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları nəzərdə tutulmuşdur.

8. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC-nin X6 idarəsinin 22 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı Nərimanov rayon Sukanal İdarəsində iş həftəsi hər ay təsdiq edilmiş iş qrafikinə əsasən növbəli iş rejimi ilə işləyir. Ona əsas məzuniyyətdən əlavə əmək stajina görə 6 gün, zərəli işə görə 6 gün məzuniyyət verilir. İddiaçı əmək şəraitinin ağır və zərərli olmasını Azərbaycan Su Təsərrüfatı işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2021-ci il, 3 nömrəli əmri əsasında təsdiq olunmuş "xxxx" ASC-də işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamənin 3.7 və 3.7.1. bəndinə (əmək şəraiti ağır və zərərlilik səviyyəsindən asılı olaraq) uyğun həyata keçirilir.

9. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) A.Məhərrəmova iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

10. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Ağayeva güzəştli şərlərlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

14. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

15. əvvəlki redaksiyada deyilirdi:

16. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

17. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023cü ildə müraciət etmişdir.

18. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə iddiaçının ümumi əmək stajı, hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 40 ilə yaxındır.

19. Məhkəmə iddiaçının əmək kitabçasında göstərilən, cavabdehin güzəştli iş stajına daxil etmədiyi xx.xx.1993-cü ildən xx.xx.2023-cü ilədək iddiaçının qəza-bərpa işlərinin çilingəri peşəsində işləməsi barədə məlumatları mötəbər hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bənddə (ümumi peşələr) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları nəzərdə tutulmuşdur.

20. İş yeri tərəfindən verilən arayışda iddiaçının xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-nin Nərimanov Rayon Su Kanal idarəsinin Qəza Bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi 28 il 14 gün müddətində gördüyü işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bənddə (ümumi peşələr) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir.

21. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

23. Maddə 92. Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti

24. 1. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

25. Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri

26. 1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

27. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının işlədiyi müddətdə iş vaxtı əmək şəraiti zərərli və ağır olan işlərə uyğun olmaqla, əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilmişdir, iddiaçının tutduğu vəzifənin əmək şəraiti zərərli və ağır olan işlərə uyğun olması əsaslandırılmışdır.

28. Odur ki, İddiaçı xx.xx.1993-cu ildən xx.xx.2022-ci ilə kimi zərərli peşələrdə iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çoxdur.

29. Məhkəmə qeyd edir ki, cavabeh qurum tərəfindən həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.

30. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

32. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

33. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.

34. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

35. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı oğluna 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar