Məhkəmə qərarları › İş №2-1(112)-8157/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8157/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8157/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızı və X6) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızı və onun övladı X4 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1-də yerləşən yaşayış sahəsindən qeydiyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir, daşınmaz əmlak dövlət reyestrində 1103 nömrəli reyestr kitabının 99826 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan mənzildə oğlu Elman Allahverdiyevin keçmiş həyat yoldaşı, hazırkı iş üzrə cavabdeh Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızı qalmışdır. Halbuki, cavabdeh M.Allahverdiyeva 2009-cu ildən A.Məhərrəmov küçəsi, ev 68, mənzil 54-də yerləşən mənzildə oğlundan ayrılması səbəbindən yaşamır, əldə etdiyi məlumata görə o, yenidən ailə həyatı quraraq evlənmiş və özünə başqa yaşayış sahəsi seçmişdir. Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızı və onun övladı X4 iddiaçının xüsusi mülkiyyətində olan yaşayış sahəsindən qeydiyatdan çıxarılmaları barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. İmtina verilərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 5-ci maddələrinə istinad edilir. Cavabdehin imtinası, habelə M.Allahverdiyeva və A.Allahverdiyevanın iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması qeyri-qanunidir. Qüvvədə olan qanunlara əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onun valideynlərinin yaşayış yeri hesab edilir. Ona görə də cavabdehin himayəsində qalan övladı X4 yaşayış yerinin anasının qaldığı ünvan hesab edilməsi qanunun tələbidir. M.Allahverdiyeva və A.Allahverdiyeva iddiaçının ailə üzvü olmadığına və başqa yaşayış yeri seçdiyinə görə ünvan 1-də yerləşən mənzilə olan qeydiyyatı silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8157/2021 nömrəli, 15.07.2021-ci il tarixli qərardadı ilə Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızı və X6 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 18.08.2021-ci il tarixli, 082-30181 nömrəli, 02.09.2021-ci il tarixli, 082-32248-1221 nömrəli və 03.11.2021-ci il tarixli, 082-40697- 1221 nömrəli məktublarında iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 68, 54 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 17.03.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMl-nin MAPS şöbəsinin 16.05.2021-cİ il tarixli arayışına əsasən 14.06.1979-cu il təvəllüdlü X11 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 68, mənzil 54 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ünvan 2 ünvanında yaşayan M.İ.İbrahimov, mənzil 60 ünvanında yaşayan G.İ.İbramxəlilova, mənzil 61 ünvanında yaşayan X.İ.Məmmədova, mənzil 56 ünvanında yaşayan T.F.Cəfərova, mənzil 51 ünvanında yaşayan M.M.Həsənov tərəfindən tərtib edilmiş və İqtisadçı MTK-nın sədri H.M.Pənahovanın imza və MTK-nın möhürü ilə təsdiqlənmiş 10.05.2021-ci il tarixli akta əsasən ünvan 1 ünvanında yaşamış X11 azyaşlı övladı X6 ilə birgə 2009-cu ildən sözügedən ünvanındakı mənzili tərk etmiş və bir daha qayıdıb orada yaşamamışlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 02.08.2021-ci il tarixli, 018- 11378-1221 nömrəli məktubunda bildirilmişdir ki, 29.05.2003-cü il təvəllüdlü X6 24.02.2015-ci il tarixdə və 14.06.1979-cu il təvəllüdlü Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızı 20.03.2004-cü il tarixdə ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Həmçinin bildirilir ki, A.Allahverdiyevaya və M.Rzazadəyə məxsus şəxsiyyət vəsiqələrinin verilməsi üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli, **********03 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 68, 54 saylı mənzilə dair X7 və X4 istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 09.08.2021-ci il tarixli, 082-28987- 1221 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olan X8 və X4 qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə DİN-in 30.09.2015-ci il tarixli Q36-001-15 nömrəli qərarına əsasən arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmiş, lakin X8 Fərdi uçot kartoçkasının surəti məhkəməyə təqdim edilmiş, digərinin Fərdi uçot kartoçkası aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4006/2021 nömrəli, 16.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızına qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1753/2009 nömrəli, 01.09.2009-cu il tarixli qətnaməsinə əsasən X3 ilə X10 arasında Bakı şəhəri, Səadət sarayı tərəfindən qeydə alınmış 28.06.2002-ci il tarixli 752 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 29.05.2003-cü il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün X2 yanında saxlanılması qət edilmişdir. Qətnamə 01.10.2009-cu il tarixdən qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 109216 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X10 və X3 arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18.06.2010-cu il tarixdə 174 nömrəsi ilə qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İddiaçı müraciətinə cavab olaraq ünvanladığı 24.06.2021-ci il tarixli, 082- 22460A-3221 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 5-ci maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 68, mənzil 54 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Nəzərinizə çatdırılır ki, sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslər Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızı və X4 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9 və 5-ci maddələrini əsas gətirməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq mülkiyyətçinin ərizəsi əsasında daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X5 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızı ünvan 1 ünvanına 2004-cü ildən qeydiyyata düşmüş olsa da hazırda həmin mənzildə yaşamır. M.C.Rzazadə mülkiyyətçinin keçmiş gəlini olmaqla, iddiaçının oğlu X10 ilə nikahı 01.09.2009-cu il tarixdən məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə pozulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən çıxış edərək hesab edir ki, üçüncü şəxs M.C.Rzazadə hazırda evin mülkiyyətçisi İddiaçı ilə faktiki olaraq birgə yaşamayan, sonuncunun övladı ilə ailə münasibətlərinə xitam verilmiş, mülkiyyətçinin ailə üzvü hesab edilməyən, eləcə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olduğundan, eləcə də üçüncü şəxsin sözügedən mənzilə dair əmlak hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmadığından mənzilin hazırkı mülkiyyətçisi İddiaçı onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızının mübahisəli mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməməsinin nəticəsidir ki, hazırkı iddiadan öncə İddiaçı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı qaldırdığı iddia üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli qərardadı ilə işə həmin məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilmiş və hazırkı iddiaçıya bilavasitə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 35.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Eyni zamanda müəyyən olunur ki, yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 01.09.2009-cu il tarixli qətnaməsi ilə X10 ilə Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızının birgə nikahdan olan X6 anası Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızının himayəsinə verilmişdir. Belə olan halda uşağın yaşayış yeri himayəsinə verilmiş anası Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızının faktiki yaşadığı yer sayılır. Beləliklə, müəyyən olunur ki, X6 faktiki yaşamadığı və qanunla yaşayış yeri hesab olunmayan ünvan üzrə 2015-ci ildə qeydiyyata alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, X6 29.05.2003-cü il təvəllüdlüdür. İddiaçının sonuncunun mülkiyyətində olan mənzil üzrə qeydiyyatdan çıxarılma ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi zaman, eləcə də hazırkı halda X6 artıq yetkinlik yaşına çatmış şəxs olmuşdur. A.E.Allahverdiyeva hazırkı halda nə sözügedən mənzildə iddiaçıyla birlikdə yaşayır, nə də həmin mənzilə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, iddiaçının onunla birgə yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin isə imtinası əsassız olmaqla mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 14.06.1979-cu il təvəllüdlü Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızı və 29.05.2003-ci il təvəllüdlü X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Rzazadə (Allahverdiyeva) Mədinə Cavanşir qızı və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar