Məhkəmə qərarları › İş №2-1(112)-8158/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8158/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8158/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X27 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və Üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı X19, X20, X24 və X10 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sabunçu Rayon Polis İdarəsinin 07.05.2020-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsi və üçüncü şəxslər 24.04.1979-cu il təvəllüdlü X19, 10.07.1954-cü il təvəllüdlü X17, 05.11.1982-ci il təvəllüdlü X24, 19.08.2015-ci il təvəllüdlü X21 və 23.07.1982-ci il təvəllüdlü X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən 10b nömrəli yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu. Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən 10b nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzilin mülkiyyətində olmasına baxmayaraq, hal-hazırda o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilən hüquqlarından məhrum olunmuşdur. Belə ki, cavabdehlərə qarşı iddiaçı olduğu iş üzrə (aparılan məhkəmə araşdırmasından sonra) Sabunçu Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qərardadında açıq şəkildə qeyd olunur ki, cavabdehlərin qeydiyyatda olduğu evlə iddiaçının mülkiyyətində olan ev ayrı-ayrı yaşayış sahələridir. Cavabdehlər isə qeydiyyatda olduqları ona məxsus fərdi yaşayış evinin onlara məxsus olduğunu sübut edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişlər. Bununla yanaşı bildirir ki, cavabdehlərin qeydiyyatdan çıxarılmağı ilə bağlı Sabunçu RPİnin Qeydiyyat və X12 etdiyi müraciətə verilən imtina məktubunda onun aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8158/2021 nömrəli, 07.07.2021-ci il tarixli qərardadı ilə X19, X20, X24, X10 3-cü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir. Üçüncü şəxslər X17, X19, X10 və X24 tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, ünvan 1 ünvan hissəsinə münasibətdə qeyd edir ki, 1958-ci ildə 1 otaqlı, 1 mərtəbəli mənzil tikilmiş torpaq sahəsinə Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Texniki Pasport anası X7 1968-ci ilin avqustunda Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosu tərəfindən təqdim edilmişdir. X23 ünvan Lenin (indiki ünvan 2ilmişdir. 1980-ci ilin mayında, anasının adına olan (1968-ci ilin avqust tarixli) Texniki Pasportun əsli saxlanılmaqla bəzi dəyişikliklər (otağın böyüdülməsi və qarajin həyətdə tikilməsi) qeyd edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğuna daxil edilmişdir. 11.07.1978-ci ildə anası X13 rəhmətə gedənə qədər, 10.07.1954-cü ildə anadan olmuş oğlu X17 və 16.01.1959-cu ildə anadan olmuş qızı Hüseynova (qızlıq familiyası Əsgərova) Sevinc Balaəmi qızı həmin ünvanda anadan olmuşlar və yaşamışlar. X33-Əmi Heydər-Əli oğlu 10.03.1998-ci ildə vəfat etmişdir. Bundan başqa Yaşayış yeri üzrə qeydiyyat haqqında 09 iyul 2020-ci il tarixli, ******* nömrəli Arayışda (ASAN 4 xidməti) qeydiyyatda olanlar barədə məlumat verilib. ünvan 1 ünvanda yerləşən torpaq sahəsi 1959-cu ildən ailələrinin istifadəsində olub və hasarın içərisində yerləşib. Məhkəmə mübahisəli ünvanda iddiaçının üzərində mülkiyyət hüququ qeydə alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə Texniki Pasportun və evin qanuni əsaslarla əldə olunmasını və ya inşa olunmasını təsdiq edən sənədlərin mövcud olub-olmaması araşdırılmalıdır. Sabunçu Rayon Məhkəməsi iddiaçının “cavabdehlərin qeydiyyatdan çıxarılmasına dair” iddia ərizəsini məhkəmə tərəfindən göndərilmiş sorğulara verilən cavablara əsasən düzgün araşdırmış və iddiaçıya ünvanın qəsəbədə iki fərqli evə düzgün verilmədiyindən DƏDRX-yə ünvanın dəyişdirilməsi ilə bağlı müraciət etməsi tövsiyə edilməklə təmin edilməmişdir. İddiaçının əldə etdiyi torpaq və mənzil, qeyd edilən ünvanlarından təxminən 1 km aralıda yerləşir. Üçüncü şəxslərin qeydiyyata alındığı ünvan iddiaçının yaşayış yeri üzrə qeydiyyat yeri sayılmadığından, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddianı qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddia tələbində göstərilən şəxslərin yaşadıqları evin ünvanı onun ünvanı ilə eynilik təşkil etsə də, faktiki olaraq evləri onun evindən kənarda yerləşir, lakin 3-cü şəxslər onun adına qeydiyyata düşmüşlər. Üçüncü şəxs X17 iddia tələbinə etiraz edərək, mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs X19, X24 və X10 və cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və üçüncü şəxslər gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, Bakı şəhəri Sabunçu RPİ-nin QMB-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs X11, X18 və X4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 1.1-ci bəndinə əsasən, bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir; 1.4-cü bəndinə əsasən, ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır; 1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 638 nömrəli 26 noyabr 2009-cu il tarixli «Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında» Sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 10b saylı sahədə yerləşən torpaq sahəsində fərdi layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 572 nömrəli 25 oktyabr 2013-cü il tarixli «İddiaçı məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən 10b saylı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə» Sərəncamının surətindən görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən 10b saylı 0,06 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli 1-ci mərtəbədə iki yaşayış otağı sahəsi-24,1 kv.m., köməkçi sahə -62,3 kv.m., 2-ci mərtəbədə üç yaşayış otağı sahəsi -54,1 kv.m., köməkçi sahə-30,9 kv.m. olan fərdi yaşayış evi vətəndaş İddiaçı adına hüquqi qeydiyyata alınmış, mövcud evin layihəsi təsdiq olunmuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, ev 10B ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 246 nömrəli reyestr kitabının 22843 nömrəli vərəqində 26.11.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - “ASAN 5” tərəfindən 31.05.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, ev 10B ünvanda qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********55 nömrəli, 01.07.2021-ci il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinin qeydiyyatı zamanı təqdim edilmiş sənəd əsaslara uyğun olaraq ünvan 3 ünvanı təyin edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.05.2020-ci il tarixli məktubundan görünür ki, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, ev 10B ünvanda qeydiyyatda olan X19, X19, X17, X24, X21 və X4 qeydiyyatdan çıxarılması vətəndaşın qeydiyyatdan çıxarılması ilə bağlı “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyinin 147 nömrəli 01 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, ev 10B ünvanı 1968-ci ilin texniki pasportuna əsasən mərhum X5 adına sənədləşdirilmişdir. Hazırda həmin ünvanda mərhumun oğlu X17 ailəsi ilə birlikdə yaşayır. Həmin ünvan qəsəbədə iki fərqli evə verildiyindən ünvanların dəyişdirilməsi üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlidirlər. - Torpağın mülkiyyətə verilməsinə dair JN-21752H KOD 00500066 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhər sakini X1 və ailə üzvü X3 Sabunçu rayon İcra Hakimiyyəti başçısının 08 iyun 2000-ci il tarixli 588 saylı Sərəncamı ilə Pirşağı qəs. Ə.Məlikov küç. 10 “b” saylı ünvanda yerləşən 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********49 nömrəli 18.08.2021-ci il tarixli məktubundan görünür ki, X11, X9, X18, X14, X4 Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məlikov küçəsi, 10b saylı evə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********73 nömrəli 01 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində eyni ünvan nömrəsi ilə dövlət reyestrində aşağıdakı daşınmaz əmlaklar aşkar edilmişdir: 1. Vətəndaş İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə - “ünvan 6 ünvanı; 2. X2 mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə “ünvan 6 ünvanı. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində ünvan 9 ünvanında yerləşən digər fərdi yaşayış evinə dair X5 adına 1968-ci il tarixində tərtib edilmiş texniki pasport mövcuddur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı və üçüncü şəxslərin yaşadıqları evlər ayrı-ayrı olsalar da, onlara verilmiş mülkiyyət sənədlərində ünvanlar eyni göstərilmişdir. Həmin sənədlər əsasında da, iddiaçı və üçüncü şəxslər eyni ünvana “yaşayış yeri üzrə” qeydiyyata alınmışdır. Məhkəmə izah edir ki, evlərə verilmiş ünvanlar aidiyyəti qurum tərəfindən dəyişdirildikdən sonra müvafiq ünvanlar üzrə hal-hazırkı vəziyyətə uyğun qeydiyyat düzgün aparıla bilər. Belə olan halda, məhkəmə hesab edir ki, üçüncü şəxslərin qeydiyyata alındığı ünvan iddiaçının yaşayış yeri üzrə qeydiyyat yeri sayılmadığından, hazırkı iş üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, hazırkı iddianı qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar