Məhkəmə qərarları › İş №2-1(112)-816/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-816/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-816/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X1 (Ünvan: Lerik şəhəri, H.Aslanov küçəsi ev 51; ixtisası: orta təhsil; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Mərkəzi Bankına 3-cü şəxs - "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı qarşı “kompensasiya məbləğinin hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı cavabdehin üzərinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına müvafiq olaraq “FİNCA Azerbaijan” X2- Bank Kredit Təşkilatının Lerik filialı ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli **********1836 nömrəli kredit müqaviləsi üzrə 3854,36 ABŞ dolları (USD) əsas kredit borc qalığını 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə 2312,62 manat miqdarında kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı (münasibəti) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı kredit verən -“FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatının Lerik filialı ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli **********1836 nömrəli kredit müqaviləsi ilə 18 ay müddətinə 4500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı kredit götürərkən 18 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 1 ABŞ (USD) dollarının Azərbaycan manatına nisbət dəyəri 1,05 manat təşkil edirdi və həmin məzənnə ilə 4500 ABŞ dolları 4725 manata bərabər idi. Onun hər ay üçün ödəniş məbləği 315 manat olmaqla 300 ABŞ dolları təşkil etməli idi. 18 sentyabr 2015-ci il tarixli **********1836 nömrəli kredit müqaviləsi üzrə aylıq kredit ödənişlərini oktyabr 2015-ci ildən ödəməyə başlamışdır. O, 07 oktyabr 2015-ci ildə 217,40 ABŞ dolları məbləğində əsas məbləğ, 88,00 ABŞ dolları faiz məbləği olmaqla, 305,40 ABŞ dolları (320,67 manat), 10 noyabr 2015-ci ildə 208,21 ABŞ dolları məbləğində əsas kredit məbləği, 87,00 ABŞ dolları faiz məbləği olmaqla 295,21 ABŞ dolları (309,97 manat), 07 dekabr 2015-ci ildə 220,03 ABŞ dolları məbləğində əsas kredit məbləği və 80,00 ABŞ dolları faiz məbləği olmaqla 300,03 ABŞ dolları (318,18 manat) miqdarında, 3 ay üçün isə cəmi 645,64 ABŞ dolları miqdarında əsas kredit borcu və 255 ABŞ dolları miqdarında faiz borcu olmaqla, cəmi 900,64 ABŞ dolları (945,67 manat) ödəmişdir. 2015-ci il dekabr ayının 21-də devalvasiya baş verdi. Azərbaycan manatı dəyər itirdi və Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 1 ABŞ dollarının (USD) Azərbaycan manatına nisbət dəyəri 1,7 manatadək qalxdı. O, fiziki şəxs kimi 18 sentyabr 2015-ci il tarixli **********1836 nömrəli kredit müqaviləsinə əsasən xarici valyutada olan kredit üzrə maliyyə itkisi ilə qarşılaşdı. Onun 21 dekabr 2015-ci il tarixədək kredit verən -“FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli **********1836 nömrəli kredit müqaviləsinə əsasən xarici valyutada- ABŞ dolları ilə (USD) olan əsas kredit üzrə borc qalığı 3854,36 ABŞ dolları (USD) və əvvəlki məzənnə ilə 4047,8 manat təşkil edirdi, lakin 21 dekabr 2015-ci ildə baş vermiş devalvasiya ilə bağlı 1 ABŞ dollarının (USD) Azərbaycan manatına nisbət dəyəri 1,7 manatadək qalxması ilə əlaqədar 3854,36 ABŞ dolları (USD) məbləğində kredit qalıq borcunun Azərbaycan manatı ilə dəyəri 6552,41 manata bərabər oldu və 2505 manat artdı. O, 2016-cı ilin yanvar ayından başlayaraq **********1836 nömrəli kredit müqaviləsi üzrə -“FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatının Lerik filialına xarici valyutada olan əsas kredit borc qalığını 1 ABŞ dollarının Azərbaycan manatına nisbət dəyəri 1,7 manat olmaqla maliyyə itkisinə məruz qalmaqla ödəməyə başladı. 08 yanvar 2016-ci ildə 300,47 ABŞ dolları (USD), fevral-may 2016-cı illərdə hər ay üçün 300,00 ABŞ dolları (USD) olmaqla 5 ay ərzində cəmi 1500,47 ABŞ dolları (USD) məbləğində krediti devalvasiya nəticəsində baş vermiş artımla ödəmişdir. 27 may 2016-ci il tarixdə kredit verən -“FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatının Lerik filialı ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli **********1836 nömrəli kredit müqaviləsinin Restrukturizasiyasına dair Saziş imzalamışdır. Həmin Sazişin 1-ci bəndinə əsasən onun “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatına- Kredit verənə qalıq əsas borcu 25 may 2016-cı il tarixə 2692,00 ABŞ dolları (USD) təşkil etmişdir. 2692,00 ABŞ dolları (USD) məbləğində əsas qalıq borcunu 10 ay ərzində 6,30% dərəcəsi ilə ödəməklə bağlı razılığa gəlmişdirlər. O, 17 iyun 2016-cı ildə 280 ABŞ dolları (USD), 18 iyun 2016-cı ildə 280 ABŞ dolları (USD), 08 avqust 2016-cı ildə 2100 ABŞ dolları (USD), 09 yanvar 2017-ci ildə 5,64 ABŞ dolları (USD) və 108,64 ABŞ dolları (USD) olmaqla, cəmi 2774,28 ABŞ dolları (USD) məbləğində əsas borc və faiz məbləğini ödəyərək -“FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli **********1836 nömrəli kredit müqaviləsi üzrə borc öhdəçiliyinə 09 yanvar 2017-ci ildə xitam vermişdir. Dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 1-ci və 1.2-ci bəndinin tələblərinə görə 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-i tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi müəyyən edilmişdir. Həmin Fərmanın 2-ci bəndinin tələblərinə əsasən Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" QBKT MMC ilə xx.xx.2015-ci il tarixində 4.500,00 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilməmişdir. Hazırda "xxxx" QBKT MMC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) borclunun 3.855,00 ABŞ dolları məbləğində kredit borcu mövcud olmuşdur. Beləliklə, qeyd edilən sənədlər üzrə məlumatlara əsasən "xxxx" QBKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və 2.313,00 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, İddiaçı ilə "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı Lerik filialı arasında xx.xx.2015-ci il tarixli **********1836 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı 18 ay müddətinə 4.500 ABŞ dolları məbləğində krediti İddiaçı ayırmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli **********1836 saylı kredit müqaviləsinə əsasən “Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı Lerik filialından 18 ay müddətinə 4500 ABŞ dolları məbləğində kredit götürməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının götürdüyü kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Odur ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı Lerik filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********1836 saylı kredit müqaviləsi üzrə hesablanmış 2.312,62 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və "Finca-Azerbaijan" X2 Bank Kredit Təşkilatı Lerik filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********1836 saylı kredit müqaviləsi üzrə hesablanmış 2.312,62 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar