Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-816/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi X1 (Salyan rayonunda qeydiyyatdadır, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri XDS İK-nın 9-333 №li, xx.xx.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 207b/8 saylı bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.1989-cu ildə Bakı şəhər XDS-nin 9/333 nömrəli sərəncamı ilə Xəzər rayonu, Türkan bağ massivində 207b/8 saylı bağ sahəsi ayrılmışdır, o həmin bağ sahəsində 45-50 kv metr sahəsi olan 2 otaqlı yarımçıq tikili inşa etmiş, torpaq sahəsini hasarlamışdır.Bir neçə il səhhətilə bağlı bağa getməmiş, 2016-2017-ci ildə bağa gedən zaman bağ sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt olunmasını görmüşdür. Cavabdehə müraciət edərək bağ sahəsi üzərində hüquqların qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən sxematik xəritədə göstərilən ərazidə bağ sahələrinin nömrələri qeyd olunmamışdır, həmçinin texniki baxış keçirilən zaman bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu aşkar edilmişdir.Bundan əlavə təqdim olunan orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X2 bağlar bağlar massivindəki 105 №li kooperativin 11 nömrəli, xx.xx.1989-cu il tarixli orderinin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən İddiaçı sahəsi 0,12 ha olan 207b/8 nömrəli bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA- 02379-2021 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən Türkan massivində 105 №li bağ-tikinti kooperativinin üzvlərinin siyahısında 11-ci sıra nömrəsi ilə İddiaçı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA- 05946-2021 nömrəli məktubuna əsasən keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Cavabdehin xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”ə əsasən cavabdehə bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.Həmçinin texniki baxış keçrilən zaman bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu aşkar olunmuşdur. Göstərilən səbəblərdən iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 207b/8 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 207b/8 saylı bağ sahəsi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023cü il tarixli məktubuna əsasən 105 nömrəli BTK nəzdində Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, 207b/8 saylı bağ sahəsinə dair sənəd (həmçinin İddiaçı adına) idarənin arxivində aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022ci il tarixli məktubuna əsasən Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, 207b/8 saylı bağ sahəsinə dair sənəd (order və s.) idarənin arxivində aşkar edilməmişdir, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarında Türkan bağ massivi 105 №li bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı qeyd edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya 105 №li BTK tərəfindən kooperativə ayrılmış torpaq sahəsində - Bakı şəhəri, Türkan bağlar massivində 207b/8 nömrəli bağ sahəsi ayrılmışdır və 11 nömrəli, xx.xx.1989-cu il tarixli order verilmişdir, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarında Türkan bağ massivi 105 №li bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı qeyd edilmişdir, iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, texniki baxış keçirilən zaman bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunması göstərilmişdir. Odur ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən həqiqətən də 105 nömrəli BTK Bakı şəhəri, Türkan bağlar sahəsində 207b/8 nömrəli bağ sahəsini iddiaçıya ayırmışdır və iddiaçıya bu barədə 11 nömrəli,xx.xx.1989-cu il tarixli order vermişdir.Həmin orderlə iddiaçıya həqiqətən də qeyd edilən bağ sahəsinin ayrılmasını o hal da təsdiq edir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarında Türkan bağ massivi 105 №li bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı da qeyd edilmişdir, həmin qərar cavabdehin arxivində də mövcuddur. İddiaçı həmin orderi cavabdehə təqdim edərək qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, texniki baxış keçriilən zaman bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunması göstərilmişdir. Məhkəmə cavabdehin qeyd edilən əsaslarla imtinasını əsassız hesab edir: Belə ki, 207b/8 nömrəli bağ sahəsi Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1. – ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. Göründüyü kimi cavabdehin imtina məktubunda göstərilən uyğunsuzluq mövcud olduğu halda həmin uyğunsuzluğun aradan qaldırılması iddiaçının deyil, cavabdehin özünün vəzifəsidir. Bağ sahəsindən digər fiziki şəxsin istifadə etməsinə gəldikdə isə məhkəmənin sorğusuna verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda cavabdeh Bakı şəhəri Xəzər rayonu Türkan bağ massivində yerləşən 207b/8 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyatından keçmədiyini, xx.xx.2023-cü il tarixli məktubunda isə 105 nömrəli BTK nəzdində Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, 207b/8 saylı bağ sahəsinə dair sənədin idarənin arxivində aşkar edilmədiyini göstərmişdir ki, bu da bağdan hazırda faktiki istifadə edən şəxsin həmin bağ üzərində hər hansı bir mülkiyyət, icarə, istifadə hüquqlarının olmadığını təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bağ sahəsinin hər hansı bir şəxs tərəfindən qanunsuz istifadə edilməsi, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi halları daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinın əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, imtina məktibunda göstərilən əsaslarla iddiaçının Bakı şəhəri, Türkan bağ massivi, 207b/8 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə ziddir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilmiş halların mövcud olması isə hal-hazırda işə baxılan zaman müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xeyrinə olan halları - bağ sahəsinin ayrılması haqqında orderin olması, iddiaçının adının həmin orderi vermiş BTK-nın üzvlərinin siyahısında olması hallarını nəzərə almamasında, iddiaçıya ayrılmış bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsində ifadə olunan hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri XDS İK-nın 9-333 №li, xx.xx.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 207b/8 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri XDS İK-nın 9-333 №li, xx.xx.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 207b/8 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-816/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-816/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver