Məhkəmə qərarları › İş №2-1(112)-8160/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8160/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8160/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndə-vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli tarixli 3-17-1/2-1- 35539/2025 saylı imtina məktubunun əsassız hesab edilməsi və iddiaçıya 60 yaşı tamam olan gündən, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşı tamam olan günə kimi 25 ildən cox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri əlavə edərək müxtəlif tarixlərdə cavabdehə iki dəfə müraciət etmiş, lakin heç bir araşdırma aparılmadan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırır ki, arayışda göstərilən işlədiyi vəzifələr Siyahıda nəzərdə tutulan üzən heyətin dəniz və çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə, çalışdığı gəmilərin isə daim liman akvatoriyasında işləyən liman gəmilərinə, yardımçı-xidmət gəmilərinə, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Buna görə də həmin dövrləri güzəştli iş stajına aid etmək mümkün deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajı yoxdur. Baxmayaraq ki, həmin arayışda birinci dəfə imtina üçün əsas hesab etdikləri hallar aradan qaldırılmış və iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusuilə zərərli və ağır olan işlərdə iş stajı 19 il 6 ay 24 gün təşkil etməsi və tutduğu vəzifələr (peşələr) üzən heyətə, eləcədə işlədiyi gəmilər Donanmanın istifadəsində olan gəmilərə aid olası göstərilmişdir. Ona görə də hesab olunur ki, inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız və qanunsuz olduğuna görə xx.xx.2025-ci il tarixli tarixli 3- 17-1/2-İ-35539/2025 saylı cavab məktubunun əsassız hesab edilməsi və ona 60 yaşı tamam olan gündən, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair 21.01,2025-ci il tarixli 005 nömrəli arayışında xx.xx.1982-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Liman donanmasında matros şagirdi, pompa maşinist şagirdi, xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində qazanxana maşinist şagirdi, xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arsındakı dövr ərzində Maştağa gəmisində, xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Yupiter gəmisində, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Narqen gəmisində, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində NMS-73 gəmisində motorçumatros, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində yenidən Narqen gəmisində pompa maşinisti-matros, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində NMS-73 gəmisində motorçu-matros, xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində PJK-2 gəmisində, xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Şuşa gəmisində matros, xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1994xx.xx.1994-cü tarixləri arasındakı dövrlər ərzində qazan maşinisti, xx.xx.1994-xx.xx.1996cı il tarixləri arasındakı dövr ərzində S.Babayev gəmisində motorçu-matros, xx.xx.1997xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Kür gəmisində pompa maşinisti-matros, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində motorçu-matros, xx.xx.2000xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində növbətçi motorçu, xx.xx.2005xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində MNMS-73 gəmisində böyük mexanik, kapitan, xx.xx.2016-24.01,2017-ci il, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində isə Donanma xidmətində kapitan vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi vəzifələrin yuxarıda qeyd olunan dəniz və çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmilərinin üzən heyətinə, çalışdığı gəmilərin isə daim liman akvatoriyasında işləyən liman gəmilərinə, yardımçıxidmət gəmilərinə, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Buna görə də, həmin dövrləri güzəştli iş stajına aid etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək orduda xidmət etmişdir. -ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdə Suyun və hava mühitinin çirklənməsinin qarşısının alınması və təmizlənməsi üzrə 1-ci dərəcəli köməkçi nəqliyyat işçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixdə Liman donanmasının 1-ci dərəcəli matros şagirdi vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixdə Suyun və hava mühitinin çirklənməsinin qarşısının alınması və təmizlənməsi sahəsinin pompa maşinisti şagirdi vəzifəsinə keçirilmiş və xx.xx.1983-cü il tarixdə işdən azad edilmiş; xx.xx.1985-ci il tarixdə Liman donanmasının qazanxana maşinisti şagirdi vəzifəsinə təyin edilmiş, müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 005 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1982-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 789/n nömrəli əmrə əsasən Suyun və hava mühitinin çirklənməsinin qarşısının alınması və təmizlənməsi üzrə 1-ci dərəcəli köməkçi nəqliyyat işçisi vəzifəsinə təyin edilmişdir. 2147/л saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən Liman donanmasının 1-ci dərəcəli matros şagirdi vəzifəsinə keçirilmişdir. 291/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən Suyun və hava mühitinin çirklənməsinin qarşısının alınması və təmizlənməsi sahəsinin pompa maşinisti şagirdi vəzifəsinə keçirilmişdir. 583/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən əsgərliyə getməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. 1179/л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən Liman donanmasının qazanxana maşinisti şagirdi vəzifəsinə işə qəbul edilmişdir. 2430/л saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən "Maştağı" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. 394/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən "Yupiter" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. 231/л saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən "Narqen" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. 326/л saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən "NMS-73" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. 519/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən "Narqen" gəmisinə pompa maşinisti - 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. 569/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən "NMS-73" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. 1750/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən "PJK-2" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsində keçirilmişdir. 22/л saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən "Yupiter" gəmisinə pompa maşinisti - 2 dərəcəli matros vəzifəsinə keçirilmişdir. 1075/л saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən "Şuşa gəmisinə 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. 1543/л saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən "Şuşa" gəmisində qazan maşinisti(ocaqçı) vəzifəsinə keçirilmişdir. 49/k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən "Şuşa gəmisində 1ci dərəcəli motorçu vəzifəsinə keçirilmişdir. 243/k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən "Şuşa" gəmisində qazan maşinisti(ocaqçı) vəzifəsinə keçirilmişdir. 85/k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən "S.Babayev" gəmisinə 1-ci dərəcəli motorçu -1 dərəcəli matros vəzifəsinə keçirilmişdir. 22/k saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən "Əhmədli" gəmisinə pompa maşinisti - 2 dərəcəli matros vəzifəsinə keçirilmişdir. xx.xx.1998-ci il tarixli ştat cədvəlinə əsasən "Kür” gəmisinə pompa maşinisti - 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. 580/ş saylı xx.xx.1999-ci il tarixli əmrə əsasən "Kür” gəmisində 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. 124/k saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən "Kür” gəmisində pompa maşinisti - 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. 105/k saylı xx.xx.2003-cü il tarixli əmrə əsasən "Kür” gəmisində növbətçi motorçu vəzifəsinə keçirilmişdir. 60/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən “MNMS-73" gəmisində böyük mexanik vəzifəsinə keçirilmişdir. 172/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən “MNMS-73" gəmisində kapitan vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixli ştat cədvəlinə əsasən Donanma xidmətinə kapitan vəzifəsinə keçirilmişdir. 1/027 saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən Donanma və dəniz xidmətləri "MNMS" gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. 1/178 saylı xx.xx.2019-cü il tarixli əmrə əsasən Dəniz xidmətləri deaprtamenti, Donanma xidmətinin "MNMS-73" gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. 1/243 saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarının 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 19 il 6 ay 24 gün təşkil edir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə, eləcə də işlədiyi gəmilər Donanmanın istifadəsində olan gəmilərə aiddir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ümumi iş stajı 42 il 1 ay 14 gün (xx.xx.2006- cı il tarixinədək 23 il 2 ay 14 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 11 ay) təşkil edir. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi şərtlərlə pensiya hüququ verən işlərin Siyahısı”nın 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq üzən heyətə aid vəzifələr hesab olunur və həmin dövr güzəştli iş stajı kimi nəzərə alınmışdır. İddiaçı fəaliyyəti müddətində çalışdığı “Maştağı”, “Yupiter”, “Narqen”, “NMS- 73”, “PJK-2”, “Şuşa”, “S.Babayev”, “Əhmədli”, “Kür”, “MNMS-73” gəmiləri donanma tərkibində olan və daimi olaraq dənizdə istismar olunan gəmilər olmuşdur. Bu səbəbdən onun vəzifələri həm üzən heyətə, həm də gəmi kateqoriyasına uyğun olaraq güzəştli şərtlərə aid edilir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarının 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 17 il 5 ay 4 gün təşkil edir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanıb verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının qanunla tələb olunan yaş həddinə çatması və ümumi iş stajı mübahisələndirilmir. İş materialları ilə də məlum olur ki, iddiaçının xx.xx.2024-cü ildə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə habelə əmək kitabçasındakı məlumatlardan və cavabdehin sorğuya cavab məktubundan iddiaçının qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının tələb olunan həddən az olması ilə bağlıdır. Cavabdehin dəlili belədir ki, iddiaçıya verilmiş güzəştli arayışda onun dəniz və çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmilərinin üzən heyətinə, çalışdığı gəmilərin isə daim liman akvatoriyasında işləyən liman gəmilərinə, yardımçı-xidmət gəmilərinə, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun 1.4.1-cü bəndinə əsasən, Qanunun güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər adlanan 9-cu maddəsinin 1ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş əmək kitabçasının surətindən məlum olmuşdur ki, iddiaçı xx.xx.1982–xx.xx.1983 və xx.xx.1985–xx.xx.2020ci illər tarixləri arasında "xxxx" QSC-nin tərkibində fəaliyyət göstərən müxtəlif gəmilərdə müxtəlif vəzifələrdə, o cümlədən motorçu, pompa maşinisti, matros və böyük mexanik kimi çalışmışdır. İddiaçının qeyd olunan vəzifələrdə işlədiyi dövr ərzində tutduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “üzən heyət” kateqoriyasına daxil olan peşələr sırasındadır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı vəzifənin qeyd olunan Siyahının “üzən heyət” bölməsinə daxil edilməsi üçün gəmi heyətinin aid olduğu donanmanın statusu və gəminin istismar rejimi, yəni onun daimi olaraq dənizdə, yoxsa yalnız liman akvatoriyasında fəaliyyət göstərməsi həlledici əhəmiyyət daşıyır. Belə ki, Siyahıya əsasən aşağıdakı heyət üzvləri “üzən heyət” hesab olunur: - dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla); -xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla); -duru yanacaqla işləyən gəmi ocaqçıları; -bütün adlarda maşinistlər; -bütün adlarda motorçular; -mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər; -elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. Məhkəmə bildirir ki, cavabdeh tərəf təqdim olunmuş arayışlarda iddiaçının çalışdığı gəmilərin Siyahıya uyğun olaraq “üzən heyət”in fəaliyyət göstərdiyi gəmi kateqoriyasına daxil olub-olmaması barədə yetərli məlumatın verilmədiyini əsas gətirmişdir. Lakin məhkəmə bu hissədə araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçının işlədiyi “Maştağı”, “Yupiter”, “Narqen”, “NMS-73”, “PJK-2”, “Şuşa”, “S.Babayev”, “Əhmədli”, “Kür” və “MNMS-73” gəmiləri "xxxx" QSC-nin dəniz donanması tərkibinə daxil olan, daimi olaraq dənizdə istismar edilən gəmilər olmuşdur. Qeyd olunmalıdır ki, bu məlumatlar rəsmi qaydada işəgötürən, yəni "xxxx" QSC tərəfindən təqdim olunmuşdur. İşəgötürənin gəminin istismar statusu barədə təqdim etdiyi rəsmi məlumatlar, əsaslı sübut kimi qəbul edilməlidir. Bu məlumatlar işəgötürənin sahə üzrə ixtisaslaşmış subyekt olması nəzərə alınmaqla, onların mötəbərliyi şübhə doğurmur. Cavabdeh tərəf bu məlumatları təkzib edən hər hansı sübut təqdim etmədiyindən, işəgötürənin təqdim etdiyi məlumatlar məhkəmə tərəfindən əsas götürülür. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi gəmilər “üzən heyət” anlayışına uyğun olaraq dənizdə istismar edilən və müvafiq Siyahının 21.2.b bəndinə uyğun olan gəmi kateqoriyasına aid edilmiş, iddiaçının həmin dövrlərdə bu vəzifələrdə çalışması isə ona güzəştli şərtlərlə əmək pensiyasına hüquq verən peşə fəaliyyətinin həyata keçirildiyini təsdiqləyir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1982–xx.xx.1983-cü il və xx.xx.1985– xx.xx.2020-ci il tarixləri arasında "xxxx" QSC-nin tərkibində fəaliyyət göstərən müxtəlif gəmilərdə işlədiyi müddəti onun güzəştli iş stajına daxil edilməli olması qənaətinə gəlir. Bu halda isə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2024cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar