Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8161/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs X2) qarşı “qərarın ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01.06.2021-ci il tarixli **********030500 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergilərin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin ildən sahibkarlıq fəaliyyətini dayandırmışdır. 2020-ci ilin avqust ayında tanışı Günay Əliyevaya VÖEN-ini təqdim edərək onun ölkədən getmə hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmaması barədə məlumat verməsini xahiş etmiş, 24.08.2020-ci il tarixdə Günay Əliyeva mühasibatlıq xidməti göstərdiyi fərdi sahibkar X1 ƏDV depozit hesabından onun ƏDV depozit hesabına 10700 manat ƏDV məbləği köçürmüşdür. Dövlət büdcəsinə 10619 manat vergi borcu olduğundan ƏDV Depozit hesabına yanlışlıqla ödənilmiş vergi məbləği sistem tərəfindən avtomatik olaraq vergi borclarının ödənilməsinə yönəlmiş, bundan sonra X3 yanlışlıqla ödənilmiş 10700 manat ƏDV məbləğini geri tələb etmiş, sistem tərəfindən məbləğ vergi borcunun ödənilməsinə yönəldiyindən 04.09.2020-ci il tarixdə 10700 manat məbləğ tərəfindən nağd qaydada Qadir Əmirova ödənilmişdir. Bundan sonra vergi orqanı tərəfindən ona uyğunsuzluq məktubu göndərilmiş, depozit hesabına vəsaitin daxil olması vergi tutulan əməliyyat kimi qiymətləndirilmiş və 2020-ci ilin avqust ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinin ödənilməsi tələb olunmuşdur. Məsələ ilə bağlı dəfərlə vergi orqanına müraciət edərək müvafiq təsdiqedici sənədlər təqdim edilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən 01.06.2021-ci il tarixli **********030500 nömrəli Qərar qəbul olunmuş və ona 2020-ci ilin avqust ayı üzrə 10700,0 manat ƏDV hesablanmışdır. Halbuki onunla Qadir Əmirov arasında hər-hansı vergi tutulan əməliyyat baş verməmiş, sonuncuya mal, iş, xidmət təqdim olunmamışdır. Qeyd olunan dövr üzrə bank hesabına da hər-hansı vəsait daxil olmamışdır. İddia ərizəsi icraata daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda göstərmişdir ki, aparılan araşdırma zamanı 2020-ci ilin avqust ayı ərzində vergi ödəyicisinin ƏDV depozit hesabına 10 700,00 manat məbləğində mədaxilin olmasına baxmayaraq müvafiq dövr üzrə əlavə dəyər vergisi bəyannaməsinin göstəricisiz təqdim edildiyi müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 20.04.2021-ci il tarixli **********808400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin avqust ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 10 700,00 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 01.06.2021-ci il tarixli **********030500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində sözügedən 10700 manatın səhvən Günay Əliyeva tərəfindən X1 ƏDV depozit hesabından İddiaçı hesabına ödənilməsini qeyd etsə də, məbləğin səhvən ödənilməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmənin 27.08.2021-ci il tarixli qərardadı ilə X2 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 01.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, 01.06.2021-ci il tarixli qərarı 02.06.2021-ci il tarixdə almış, həmin qərarın mübahisələndirilməsi ilə bağlı iddianı 01.07.2021-ci il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim etmişdir ki, bununla da iddiaçı qanunvericiliklə müəyyən olunan 30 günlük prosessual müddət çərçivəsində məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddia həm də əsaslıdır. Çünki iş materiallarından görünür ki, İddiaçı 16.06.2015-ci il tarixdə ƏDV qeydiyyatına alınmış, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı olmuşdur. Vergi ödəyicisinin ƏDVDH üzrə çıxarışdan görünür ki, 22.08.2020-ci il tarixdə X2 (VÖEN **********) ƏDV depozit hesabından 10700 manat məbləğində vəsaiti İddiaçı (VÖEN **********) ƏDV depozit hesabına köçürmüşdür. Həmin tarixdə İddiaçı ƏDV depozit hesabına daxil olmuş 10700 manat vəsait büdcəyə köçürülmüşdür. İşdə olan 159152 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 10700 manat məbləğində vəsaiti Qadir Əmirova geri qaytarmışdır. 20.04.2021-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 10700 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 59444.44 manat daxil olmuş məbləğ (ƏDV DH-na daxil olmuş 10700 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1 -ci) hesabat dövrü (ay) üzrə yaranan və 01.01.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəmi fərqi olan 59444.44 manat məbləğdən 59444.44 manat az göstərildiyindən kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün cavabdeh tərəfindən iddiaçıdan dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01.06.2021-ci il tarixli **********030500 nömrəli qərarından görünür ki, həmin qərarla təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabınıza 10700 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 59444.44 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 10700 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və 01.01.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəmi fərqi olan 59444.44 manat məbləğdən 59444.44 manat az göstərildiyindən avqust 2020-ci il tarix üçün 10 700 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirir, heç bir vergi tutulan əməliyyat aparmadığını, ƏDV məbləğinin yanlışlıqla onun hesabına köçürüldüyünü iddia edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinə (bundan sonra – VM) əsasən: - Maddə 153. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. - Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. - Maddə 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. - 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. - Maddə 159.4. Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. - Maddə 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. - maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarının 1.4-cü bəndinə əsasən malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. Cavabdeh iddiaçının depozit hesabına ƏDV məbləğinin köçürülməsi ilə onun vergi tutulan əməliyyat apardığına əsaslanaraq iddiaçıya vergi hesablasa da, iş materiallarında iddiaçının hər hansı bir vergi tutulan əməliyyat aparması, bununla bağlı ona elektron qaimə-faktura təqdim edilməsi və ya idxal həyata keçirməsi müəyyən olunmur. Belə ki, işdə olan iddiaçıya məxsus ********** nömrəli VÖEN üzrə 01.08.2020-ci ildən 31.08.2020-ci il tarixədək olan dövr üzrə dövriyyə yaradan qaimələrə dair çıxarışdan görünür ki, həmin dövr üzrə iddiaçı hər hansı bir e-QF təqdim etməmişdir. İşdə olan iddiaçıya məxsus "xxxx" ASC-dəki hesab üzrə çıxarışından görünür ki, iddiaçı 01.01.2020-09.04.2021-ci il tarix üzrə hər hansı bir əməliyyat aparmamışdır. Eyni zamanda həmin dövr üzrə üçüncü şəxs X2 barədə dövriyyə yaradan qaimələrə dair çıxarışdan görünür ki, o da həmin dövr üzrə hər hansı bir e-QF təqdim etməmişdir. İşdə olan Q.X4 Xidmətinə ünvanladığı məktubdan görünür ki, Q.Əmirov bildirmişdir ki, 22 08.2020-cı il tarixində onun tərəfindən 10700 azn məbləğində vəsait səhvən İddiaçı ƏDV sub-uçot hesabına ödənilmişdir. Bundan sonra o, İddiaçı (VOEN: **********) səhvən ödənilmiş ƏDV məbləğinin geri qaytarılması üçün müraciət etmiş, 22.08 2020-ci il tarixdə İddiaçı səhvən ödənilmiş 10700 azn məbləğində vəsait, həmin şəxs tərəfindən 04.09.2020-ci il tarixdə onun kassasına mədaxil olunmuşdur. Bundan başqa, cavabdeh iddiaçının hər hansı digər formada malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə məşğul olduğunu da sübut edə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarda onun 59444.44 manat ƏDV tutulan əməliyyat həyata keçirməsi nəticəsində gəlir əldə etdiyi göstərilsə də, bu halı təsdiq edən heç bir sübut iş materallarında mövcud olmadığından məhkəmə hesab edir ki, həmin qərar ləğv edilməli və iddiaçıya hesablanmış vergi borcu silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01.06.2021-ci il tarixli **********030500 nömrəli qərarı ləğv edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01.06.2021-ci il tarixli **********030500 nömrəli qərarı ilə İddiaçı hesablanmış vergi borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8161/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8161/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver