Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8164/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci il tarixdə doğulmuş, 05 iyul 1995-ci ildə Xanlar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə göndərilmişdir, xidmətə Sumqayıt şəhər Nasosnu qəsəbəsində yerləşən N saylı hərbi hissəyə göndərilmiş, xx.xx.1995-ci il tarixədək orada xidmət etdikdən sonra Fizuli rayonu, Kürdmahmudlu kəndində yerləşən N saylı hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilmişdir. Orada o, hərbi hissənin 2-ci batalyonun kəşfiyyat bölüyündə xidmət etmişdir. Kəşfiyyat bölüyündə olduğu zaman dəfələrlə düşmən tərəfdə kəşfiyyatda olmuşdur. Xidmət müddətində "Hərbi Xidmətlərə Görə" medalı ilə təltif olunmuşdur. Müdafiə Nazirliyi Veteran komissiyasının naməlum tərkibi olan komissiya üzvlərinin Nazirlər kabinetinin qərarlarına məhəl qoymaması səbəbindən veteran adı və müvafiq vəsiqəsini ala bilmir. Müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün cavabdehə tələb olunan sənədləri təqdim etsə də, iddiaçının Milli orduda xidmət illəri və xidmət dövründə kəşfiyyatçı olaraq gizli əməliyyatlarda iştirakı araşdırılmır. Arxiv arayışları tarix səhvləri və arxivə hərbi hissələr tərəfindən sənədlərin təqdim edilməməsi iddiaçı barəsində müsbət qərar qəbul edilməsinə mane olur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş döyüş əməliyyatları ilə əlaqədar xəsarət, yaralanma, kontuziya alma haqqında arayış, əmrdən çıxarış və ya digər mötəbər sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin təqdim etdiyi N nömrəli hərbi hissə komandirinin N oktyabr 1995-ci il tarixli, 289 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissədən gəlmiş İddiaçı 14 oktyabr 1995-ci il tarixdən hərbi hissənin şəxsi heyət siyahısına daxil edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı atəşkəs elan olunduqdan sonrakı dövrdə hərbi xidmətdə olmuş və xidmət zamanı döyüş əməliyyatları ilə əlaqədar xəsarət, yaralanma, kontuziya almamışdır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı hərbi xidməti atəşkəs dövrünə (xx.xx.1995-xx.xx.1998-ci illərə) təsadüf etdiyinə görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, onun hərbi xidmətdə olduğu dövr atəşkəs dövrünə düşsə də, o kəşfiyyat bölüyündə xidmət etməklə dəfələrlə düşmənlə qarşı-qarşıya gəlmişdir. “Hərbi Xidmətlərə Görə” medalı ilə təltif edilmişdir. Lakin, onun hərbi xidmət zamanı hər hansı yaralanma və ya kontuziyası olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletdə aparılmış qeyddən görünür ki, iddiaçı 05 iyul 1995-ci il tarixdən 05 iyul 1998-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin təqdim etdiyi N nömrəli hərbi hissə komandirinin N oktyabr 1995-ci il tarixli, 289 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissədən gəlmiş İddiaçı 14 oktyabr 1995-ci il tarixdən hərbi hissənin şəxsi heyət siyahısına daxil edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli Fərmanı ilə “Hərbi Xidmətlərə Görə” medalı ilə təltif edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 05 iyul 1995-ci il tarixdən 05 iyul 1998-ci il tarixədək N və N nömrəli hərbi hissələrdə xidmət etmiş, lakin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almamışdır. Bu səbəbdən cavabdeh iddiaçının tələbindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi" tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8164/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8164/2024
24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver