Məhkəmə qərarları › İş №2-1(112)-8165/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8165/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8165/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı 2 mart 1960-cı il tarixdə doğulmuşdur və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Belə ki, onun güzəştli iş stajı 11 il 28 gün (4 mart 2010-cu il tarixdən 4 noyabr 2014-cü il tarixədək, 5 noyabr 2014-cü il tarixdən 27 avqust 2015-ci il tarixədək və 28 may 2015-ci il tarixdən 5 aprel 2021-ci il tarixədək olan dövrlər) hesablanmışdır. Halbuki, iddiaçı “Məişəttəmirtikinti” Trestinin 11 saylı Xüsusi Təmir Tikinti İdarəsində 1 sentyabr 1989-cu il tarixdən 7 yanvar 1991-ci il tarixədək inşaat ustası, 7 yanvar 1991-ci il tarixdən 1 fevral 1991-ci il tarixədək iş icraçısı və 15 nömrəli 3 TTQİ-də 4 fevral 1991-ci il tarixdən 4 dekabr 1992-ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. Bu barədə onun əmək ktabçasında qeydlər aparılmışdır. Lakin həmin müddətlər cavabdeh tərəfindən nəzərə alınmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu bəndində bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri ilə əlaqədar tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları nəzərdə tutulmuşdur. Beləliklə də, əmək stajının 12 il 10 aydan artıq müddətini AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahı üzrə işlərdə işlədiyinə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya 2 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 13 avqust 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassız hesab edilir və rədd edilməlidir. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az, yəni 11 il 28 gün (4 mart 2010-cu il tarixdən 4 noyabr 2014-cü il tarixədək, 5 noyabr 2014-cü il tarixdən 27 avqust 2015-ci il tarixədək və 28 may 2015-ci il tarixdən 5 aprel 2021-ci il tarixədək olan dövrlər) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərlənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İş materiallarında olan “ASAN 3” tərəfindən 22 may 2017-ci il tarixdə verilmiş AZE ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 2 mart 1960-cı il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 36-dır. İş materiallarında olan HB seriyalı 009026 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1981 – 1986-cı illərdə Ə.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda təhsil almış və 1986-cı ildə həmin təhsil müəssisəsini bitirmişdir. İş materiallarında olan ARDNŞ “Neftqaztikinti” Trestinin 5 aprel 2021-ci il tarixli SOCAR**********80020123X0088 nömrəli arayışında aşağıdakılar qeyd olunur: - 2 mart 1960-cı il tarixdə doğulmuş İddiaçı həqiqətən 10 iyul 2007-ci il tarixdə (40/k nömrəli 10 iyul 2007-ci il tarixli əmr) “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə işə qəbul olunmuş, 18 iyun 2008-ci il tarixdə (22/k nömrəli 18 iyun 2008-ci il tarixli) mühəndis, 4 mart 2010-cu il tarixdə (08-k nömrəli 4 mart 2010-cu il tarixli) iş icraçısı vəzifəsində keçirilmiş, 4 noyabr 2014-cü il tarixdə (205-k nömrəli 4 noyabr 2014-cü il tarixli əmr) əmək müqaviləsinə xitam verilmişdir, iş icraçısı vəzifəsi üzrə əmək stajı 4 il 8 ay 1 gün təşkil edir. 5 noyabr 2014-cü il tarixdə (204-k nömrəli 5 noyabr 2014-cü il tarixli əmr) “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsinə iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, 27 avqust 2015-ci il tarixdə (482-k nömrəli 27 avqust 2015-ci il tarixli əmr) əmək müqaviləsinə xitam verilmişdir, əmək stajı 9 ay 23 gün təşkil edir. 28 avqust 2015-ci il tarixdə (SOCAR/15- 2500/03-10-000370 nömrəli 28 avqust 2015-ci il tarixli əmr) “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma Bölümünə iş icraçısı vəzifəsinə işə qəbul olunmuş və hazırda da həmin vəzifədə işləyir, əmək stajı 5 il 6 ay 4 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bəndinə əsasən İddiaçı zərərli şəraitdə iş icraçısı vəzifəsi üzrə iş stajı 11 il 28 gün təşkil edir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1986-cı ildən əmək fəaliyyətinə başlamış və hazırkı vaxtadək (müəyyən fasilələr istisna olmaqla) müxtəlif vəzifələrdə çaılışmışdır. Əmək kitabçasındakı qeydlərdə onun 1 sentyabr 1989-cu il tarixdən 1 fevral 1991-ci il tarixədək (1 il 5 ay) “Məişəttəmirtikinti” Trestinin 11 saylı Xüsusi Təmir Tikinti İdarəsində inşaat ustası və iş icraçısı, 4 fevral 1991-ci il tarixdən 4 dekabr 1992-ci il tarixədək (1 il 10 ay) 15 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifələrində işləməsi əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.6-cı maddəsinə əsasən normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Siyahının 29-cu (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bölməsinin “b” (rəhbərlər və mütəxəssislər) bəndində tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları nəzərdə tutulmuşdur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 2 mart 1960-cı il tarixdə doğulmuşdur. 25 ildən artıq sığorta stajına malikdir, 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlədə çalışan şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinaya səbəb kimi, onu güzəştli iş stajını 11 il 28 gün, yəni 12 il 6 aydan az təşkil etdiyini əsas gətirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçının əmək kitabçasındakı iş illəri, o cümlədən 1989 – 1992-ci illərə aid qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Xüsusi Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Həmn illər üzrə istər işin xarakterli ilə əlaqədar, istərsə də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı əlavə sənədlərin tələb olunması və bu səbəbdən də iddiaçının sosial sığorat stajına daxil edilməməsi, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 64.6-cı maddəsinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17, 19-cu maddələrinin, eləcə də müvafiq dövrdə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının 1 sentyabr 1989-cu il tarixdən 4 dekabr 1992-ci il tarixədək olan 3 il 3 ay 3 gün iş stajı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş müddəti kimi qəbul olunmalıdır. Bununla da, iddiaçının 25 ildən artıq ümumi sığorta stajı, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə (inşaat ustasu və iş icraçısı) iş stajı toplanmış olur. Nəzərə alınmalıdır ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması həm işdə olan əmək kitabçası ilə təsdiqlənir, həm də işin mübahisə olunmayan hallarına daxildir. Cavabdeh inzibati orqan iddiaçının ARDNŞ “Neftqaztikinti” Trestinin arayışında və əmək kitabasında qeyd olunmuş 2010-cu ildən hazırkı dövrədək “iş icraçısı” peşəsində işlədiyi 11 il 28 gün müddəti güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı kimi qəbul etmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına gəldikdə isə, məhkəmə icraatında müəyyən edilir ki, iddiaçı 68.020,69 manat pensiya kapitalı toplamışdır və bu məbləğin də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə olan halda, İddiaçı ümumi sığorta stajı 25 il olan və bu stajın 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik 60 yaşına çatmış şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 60 yaşdan (2 mart 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 60 yaşdan (2 mart 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşdan (2 mart 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar