Məhkəmə qərarları › İş №2-1(112)-8167/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8167/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8167/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, özünü İddiaçı kimi təqdim etmiş şəxsin iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail rayon Qeydiyyat şöbəsinə qarşı “iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı doğum haqqında şəhadətnamə verilməsi üçün Səbail rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edilmiş, həmin qurumdan verilən xx.xx.2022-ci il tarixli 05(0265)15 saylı cavabda məhkəməyə müraciət edilməsi məsləhət olunmuşdur. İddiaçı Səbail rayon qeydiyyat şöbəsində xx.xx.1986-ci il tarixli 645 saylı qeyd mövcuddur. İddiaçı ilə X1 nigahı rəsimləşdirə bilmir, şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnamə tələb olunur. Əlavə olaraq qeyd edir ki, 2 övladı var. Bakı şəh,Nizami rayon 61-saylı orta məktəbdə təhsil alırlar. xx.xx.2009 cu il təvəllüdlü X2 və xx.xx.2015 ci il təvəllüdlü X3. Doğum haqqında şəhadətnaməni ala bilmədiyi üçün şəxsiyyət vəsiqəsi ala bilmir, bunun nəticəsində bir çox hüquqlarından istifadə edə bilmir. Hesab edir ki, ailəsinin hüquqlarının bərpa edilməsi üçün inzibati orqan İddiaçı doğum haqqında şəhadətnamə verməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 13-cü, 48-ci, 49-cu maddələrinə əsasən iddiaçıya yardım göstərmək, həmçinin işin hallarını və mübahisənin vəziyyətini tərəflərin iştirakı ilə müzakirə etmək məqsədi ilə məhkəmə iclası keçirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, İddiaçı cavabdeh Səbail rayon Qeydiyyat şöbəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir: “1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər (25.0.): fiziki və ya hüquqi şəxslər (25.0.1); dövlət orqanları və ya bələdiyyələr (25.0.2.) Həmin Məcəllənin 26-ci maddəsində göstərilmişdir: “26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində göstərilmişdir: “4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0-cü maddəsinə əsasən,bu Məcəllədə aşagıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd; Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd –Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərzisində şəxsiyyəti təsdiq edən digər sənədlər müvcud olduğu halda, onlar şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul oluna bilər. İddiaçının bildirdiyinə görə, o, təhsil almamış, hərbi xidmətdə olmamış, hər hansı müəssisədə rəsmi əmək fəaliyyəti ilə məşgul olmamışdır. İddiaçının şəxsiyyətini müəyyən etməsi mümkün edən sənədin hər hansı dövlət orqanında, tədris müəssisəsində, və s. təşkilat,idarə, müəssisədə olması barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Məhkəmə iddia ərizəsinə əsasən müəyyən etdi ki, iddiaçı onun şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmir. Belə ki, belə bir sənəd onda mövcud deyil. İddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmadığından cavabdehin üzərinə ona aid sənədlərin verilməsi vəzifəsinin qoyulması mümkün deyil. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmadığından, iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyindən, iddiaçının cavabdeh Səbail rayon Qeydiyyat şöbəsinə qarşı “iddiaçıya doğum haqqında şəhadətnamənin təkrar verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Səbail rayon Qeydiyyat şöbəsinə qarşı “iddiaçıya doğum haqqında şəhadətnamənin təkrar verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar