Məhkəmə qərarları › İş №2-1(112)-8169/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8169/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8169/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçının bacısı X1 mənzil növbəsinə daxil edilməsi barəsə sərəncama dəyişiklik edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə həmin iş məhkəmənin icraatında olan iddiaçı L.Smolyaninova və O.Smolyaninovanın mərhum analarına mənzil verilməsinə dair 2-1(112)-6525/2022 nömrəli inzibati işlə bir icraatda birləşdirilmişdir. Məhkəmənin 02 mart 2023-cü il tarixli qərardadı ilə icraat ayrılmış, hazırkı işə 2- 1(112)-8169/2023 saylı nömrə verilmişdir. Məhkəmənin qərardadı Sosial Xidmətlər Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 27 aprel 2023-cü il tarixli sərəncamın ləğv edilməsini və onun 2 nəfər ailə tərkibi (bacısı ilə birlikdə) mənzil növbəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbinin və dəqiqləşmə ərizəsinin məzmunundan görünür ki, iddiaçı bir nəfər şəxs kimi 03 mart 2022-ci il tarixli sərəncam əsasında əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsində olsa da, mənzil növbəsinə götürülərkən onun qulluğa ehtiyacı olması və bacısı Y.Smolyaninovanın ona qulluq etməsi və onunla yaşamalı olması nəzərə alınmamış, sərəncamda iki nəfər şəxs olma göstərilməmişdir. İddiaçı uşaqlıqdan əlilliyi müəyyən edilmiş şəxsdir. Onun adına hər hansı mənzil və s yoxdur. Onun yaşadığı 12 A saylı mənzil qəzalı vəziyyətdədir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, iddiaçı birinci qrup əlilliyi müəyyən edilmiş, daimi kənar şəxsin qulluğuna ehtiyacı olan şəxsdir. 3 saylı DOST Mərkəzinin arayışından görünür ki, Y.Smolyaninova iddiaçıya qulluq etdiyinə görə müavinət almaqdadır. Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, iddiaçı və bacısı Y.Smolyaninova Bakı ş, Sabunçu rayonu, 50 nömrəli küçədə yerləşən İİ mərtəbəli evin 1-ci mərtəbəsində 12a nömrəli mənzildə qeydiyyatdadır. 08 avqust 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının adına hər hansı daşnmaz əmlak mövcud deyildir. Texniki vəziyyət haqqında rəydən görünür ki, adıçəkilən 12 A nömrəli mənzil yaşayış üçün yararsızdır. 13 fevral 2013-cü il tarixli sərəncamdan görünür ki, A.Smolyaninova 04 avqust 1992ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə dayanmışdır. Nəvəsi olan iddiaçı İ qrup uşaqlıqdan əlilliyi müəyyən edilmiş şəxs olduğundan həmin mənzil növbəsindəki ailə tərkibi 2 nəfərə (özü və iddiaçı olan nəvəsi) dəyişdirilmişdir. 13 avqust 2013-cü il tarixli sərəncamdan görünür ki, A.Smolyaninovanın mənzil uçot işi iş yerindən çıxarılmaqla yaşayış yeri üzrə qəbul edilmiş, mənzil növbəsi birləşdirilmiş, əvvəlki növbəyə götürülmə tarixi (09 sentyabr 1988) saxlanılmaqla 2 nəfər ailə üzvü (özü və nəvəsi) yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür. 17 fevral 2014-cü il tarixli sərəncamdan görünür ki, A.Smolyaninovanın mənzil növbəsi nəvəsinin birinci qrup əlilliyi nəzərə alınmaqla 13 fevral 2013-cü il tarixdən imtiyazlı siyahıya əlavə edilmişdir. 20 fevral 2017-ci il tarixli sərəncamdan görünür ki, A.Y.Smolyaninovanın mənzil növbəsi 12 iyul 2017-ci il tarixdən gözdən əlillərin siyahısına əlavə edilmişdir. Növbəti 13 sentyabr 2017-ci il tarixli sərəncamdan görünür ki, Y.Smolyaninova A.Smolyaninova üzərində patron təyin edilmişdir. 03 mart 2022-ci il tarixli sərəncamı ilə A.Smolyaninovanın vəfatı ilə əlaqədar onun mənzil növbəsi ailə tərkibi 1 nəfər olmaqla nəvəsi olan iddiaçının adına dəyişdirilmiş, iddiaçı 13 fevral 2013-cü il tarixdən İ qrup ümumi əlil kimi 1 nəfərə ailə tərkibi olmaqla mənzil növbəsində hesab edilmişdir. Cavabdehin hazırda mübahisələndirilən 27 aprel 2023-cü il tarixli sərəncamından görünür ki, İddiaçı mənzil növbəsindən çıxarılmışdır. Sərəncam onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 316 saylı 10 oktyabr 2006-cı il tarixli sərəncamı ilə iddiaçının anası L.Smolyaninova iş yeri üzrə olan mənzil növbəliliyində ailə tərkibi 4 nəfərə (özü, qızı, oğlu olan iddiaçı, anası) dəyişdirilərək 8-ci km, Əli Vəliyev küçəsi 11 saylı evin 3 otaqlı yaşayış sahəsi 48,0 kv.m olan 47 saylı mənzil verilmişdir. Həmin sərəncam əsasında order də verilmişdir. Lakin, həmin şəxslər köhnə mənzildən də çıxmamış, yeni mənzilə də köçməmiş, C.Şərifov küçəsi, ev 50, mənzil 12 və mənzil 12A ünvanlarda yerləşən köhnə mənzillərdə yaşamağa davam etmişlər. Bu barədə məlumat olmadığından da iddiaçı nənəsi ilə birlikdə mənzil növbəsində saxlanılmışdır. Hal-hazırda iddiaçı, anası və bacısının istifadəsində olan 3 mənzil mövcuddur. İddiaçı mənzillə təmin edildiyindən mənzil növbəsindən çıxarılmalıdır. Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi L.Smolyaninova və O.Smolyaninovanın paylı mülkiyyətindədir. Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, C.Şərifov küçəsi, ev 50, mənzil 12 ünvanda yerləşən yaşayış sahəsi L.Smolyaninova və O.Smolyaninovanın paylı mülkiyyətindədir. Cavabdehin 13 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 10 oktyabr 2006-cı il tarixli sərəncamı ilə ailə tərkibi 4 nəfər olmaqla, həmçinin iddiaçı da ora daxil olmaqla anası L.Smolyaninova və nənəsi Aleksandra Smolyaninova mənzillə təmin edilmişdir. Evlə təmin edilən zaman öhdəlik götürülmüşdür ki, əvvəlki yaşayış sahəsi təhvil veriləcəkdir. Lakin köhnə mənzil də tərəfinizdən saxlanılmışdır ki, hal hazırda istifadənizdə olan mənzillər aşağıdakılardır. Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 11 saylı evin ümumi sahəsi 68,4 kv.metr, yaşayış sahəsi 45,8 kv.m olan 3 otaqlı 47 nömrəli mənzil, Bakı şəhəri, Sabunçu rayonu C.Şərifov küçəsi, 50 saylı evin 14,6 kv.m olan 12 a saylı mənzil, Bakı şəhəri, Sabunçu rayonu C.Şərifov küçəsi, 50 saylı evin 14,6 kv.m olan 12 saylı mənzil. Nəsimi rayon İcra Hakimiyyətinin 10 oktyabr 2006-cı il tarixli sərəncamından görünür ki, L.Smolyaninova 4 nəfər ailə tərkibi, o cümlədən iddiaçı da daxil olmaqla 3 otaqlı mənzillə təmin edilmişdir. Sərəncamın əsaslandırıcı hissəsindən görünür ki, həmin şəxsə mənzil verilərkən məhz oğlunun İ qrup əlilliyi nəzərə alınmış və mənzil növbədənkənar olaraq həmin şəxsə verilmişdir. Sərəncamda yeni mənzilə köçmə barədə notariat qaydada razılıq ərizələrinin mövcud olması da qeyd edilmişdir. Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 68,4 kv.m olan 3 otaqlı yaşayış sahəsi iddiaçının anası L.Smolyaninovanın mülkiyyətindədir. Cavabdehin 11 yanvar 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, C.Şərifovküçəsi 50 saylı iki mərtəbəli 17 saylı mənzilin bütün sakinləri təhlükəsiz şəraitdə mənzildə yaşamaqdadır. 12 A saylı mənzil isə MKİS və sakinlərin bildirdiyinə görə 30 ilə yaxın müddətdir ki, bağlı vəziyyətdə, istifadəsiz saxlanılmışdır. 28 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, iddiaçının anası L.Smolyaninova yuxarıda adıçəkilən 3 otaqlı 47 nömrəli mənzildə yaşayır. Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 43 kv.m olan yaşayış sahəsi L.Smolyaninovanın mülkiyyətindədir. Cavabdehin 16 noyabr 2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, iddiaçının anası L.Smolyaninovaya yeni mənzil ailə üzvləri nəzərə alınmaqla verilmiş, lakin ailə üzvlərindən A.Smolyaninova və hazırkı iş üzrə iddiaçı köhnə mənzildə qeydiyyatda qalmışdır. Ailənin bir-neçə yerdə Bakıxanov qəs, M.Gəncəvi küçəsi, ev 23, mənzil 10, ünvan 4 ünvanda mənzilləri vardır. Eyni zamanda, O.Smolyaninovaya fərdi yaşayış evinin tikintisi üçün C.Şərifov küçəsində 322 kv.m torpaq sahəsi ayrılmışdır. Sabunçu Bələdiyyəsinin 25 aprel 2006-cı il tarixli sərəncamından görünür ki, həqiqətən də C.Şərifov küçəsində 322 kv.m torpaq sahəsi O.Smolyaninovaya ayrılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. Qanunvericiliyin tələbindən göründüyü kimi aztəminatlı şəxslərə, mənzillə təmin edilməsinə ehtiyacı olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin məqsədidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu zaman mənzil şəraitinin yaxşılaşdırılması da layiqli həyat səviyyəsini təmin edilməsinə xidmət edir. Hazırkı iş üzrə isə iddiaçının layiqli həyat səviyyəsi dövlət tərəfindən yetəri dərəcədə təmin edilmişdir ki, işin yuxarıda adıçəkilən faktiki hallarından, həmin faktiki halları təsdiq edən sənədlərdən görünür ki, iddiaçı mənzil şəraitinə ehtiyacı olmayan şəxsdir və onun mənzil növbəsinə alınması cavabdeh tərəfindən düzgün həyata keçirilməmişdir ki, bu səbəbdən də mənzil növbəsindən çıxarılma barədə sərəncam qanuni və əsaslı hesab edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının anası L.Smolyaninovaya Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, 11 saylı evin 3 otaqlı mənzili həmin şəxsə ayrılarkən ailə üzvlərinin sayı, həmçinin hazırkı iş üzrə iddiaçı olan oğlunun əlilliyi müəyyən olunmuş şəxs kimi vəziyyəti nəzərə alınmış və ona növbədənkənar 3 otaqlı mənzil verilmişdir. Bundan əlavə, iddiaçının qeydiyyatda olduğu, iddiaçının mənzil növbəsində olduğu nənəsi A.Smolyaninovanın mülkiyyətində, daha sonra biri iddiaçının anası olan qızlarının mülkiyyətində C.Şərifov küçəsi, ev 50, mənzil 12 və mənzil 12 A nömrəli mənzillər də olmuşdur. Doğrudur ki, mənzil 12 A ünvanında yerləşən mənzilin kommunal şəraitinin olmadığı müəyyən edilsə də, müəyyən edilmişdir ki, həmin binada 27 mənzil kommunal şəraitlidir, adıçəkilən 12A saylı mənzil isə kommunal şəraitsizdir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, iddiaçının valideyni, dolayısı ilə də onun övladları yeni mənzillə təmin edilərkən köhnə, yəni 12A ünvanında yerləşən mənzildən çıxma barədə razılıq vermişdir ki, həmin razılığın şərtinə əməl edilməmiş, iddiaçının da daxil olmaqla ailə üzvləri yeni mənzilə mülkiyyət hüququ qazandıqdan sonra 12A saylı yaşamadıqları mənzilə hüquqlarından imtina etməmişdir ki, indi isə iddiaçı həmin mənzilin şəraitsiz olmasına əsaslanmaqla yeni mənzil əldə etməyə cəhd edir. Əlavə olaraq, o da nəzərə alınmalıdır ki, iddiaçının anası ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 43 kv.m olan yaşayış sahəsinin mülkiyyətçisidir. Göründüyü kimi iddiaçının valideyni həm iddiaçının əlilliyi müəyyən edilmiş şəxs statusuna əsaslanmaqla ailə üzvü kimi növbədəkənar 3 otaqlı mənzillə təmin edilmiş, eyni zamanda ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi olmuşdur. Bundan əlavə, istifadə etmədiyi C.Şərifov küçəsi, ev 50, mənzil 12 A ünvanında yerləşən yaşayış sahəsinə də mülkiyyət hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Göründüyü kimi əmək qabiliyyəti olmayan, maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladları saxlamaq valideynin borcudur. Hazırkı iş üzrə istər iddiaçının ailə üzvü kimi ona və ailənin digər üzvlərinə verilmiş 3 otaqlı mənzildə yaşamaq hüququnu, eləcə də anasının mülkiyyətində olan digər mənzillərdə yaşamaq hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən edilməmiş, tərəflər arasında həmin hallarla bağlı hər hansı mübahisə mövcud olmamışdır. İşin faktiki halından görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonunda yerləşən 3 otaqlı mənzilin istifadəçisidir və həmin mənzil digər bir yerli icra hakimiyyəti orqanı, yəni məhz dövlət tərəfindən, digər hallarla yanaşı məhz iddiaçının əlilliyinin müəyyən olunması nəzərə alınmaqla növbədənkənar verilmişdir. Anasının mülkiyyətində olan digər mənzillərə münasibətdə isə iddiaçının birinci qrup əlilliyi müəyyən edilmiş şəxs kimi ən azı istifadə hüququ mövcuddur ki, istifadə hüququna mane olan hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçının aztəminatlı olması, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyulmasından söhbət gedə bilməz. Digər tərəfdən iddiaçının qeydiyyatda olduğu 12A saylı mənzil isə kommunal şəraitsiz olsa da qonşuluqda yerləşən eyni binada olan 27 mənzil kommunal şəraitlidir ki, məhkəmə hesab edir ki, iddiaçı və ya ona qulluq edən şəxslər həmin mənzilin kommunal şəraitin yaxşılaşdırmaq və ya yaxşılaşdırma ilə bağlı aidiyyəti orqanlara müraciət etmək hüququna malikdir ki, həmin hüquqlar realizə edilmədən kommunal şəraitsiz halından istifadə edilməklə sərəncamın ləğvi və mənzil növbəsinə bərpadan söhbət gedə bilməz. Məhkəmə, həmçinin tələbin iddiaçının bacısının da ona qulluq edən şəxs kimi mənzil növbəsinə daxil edilməsi hissəsində iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia sərəncamın ləğv edilməsinə və mənzil növbəsinin bərpasına münasibətdə asılı tələb olduğundan sərəncamın qanuni və əsaslı sayılaraq iddiaçının mənzil növbəsindən çıxarılmalı olması, ona aid digər tələblərin də rədd edilməsinə əsas verir. Odur ki, iddia bütün hissələrdə rədd edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar