Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-817/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunun sol tərəfindəki ərazidə yerləşən 1000 kv/m torpaq sahəsinə dair planölçünün tərtib edilməsi, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkməsinin 2-1(112)-4032/2020 nömrəli, 18 mart 2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və 3-cü şəxsə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 14.04.2006-cı il tarixli ərizəsinə əsasən Xəzər Rayonu(keçmiş Əzizbəyov),Buzovna Bələdiyyəsinin 18.04.2006-cı il tarixli, 125 saylı sərəncamı ilə İddiaçı adına Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün 1000 m2 torpaq sahəsi ayrılmışdır. Xəzər Rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsinin 18.04.2006-cı il tarixli, 125 saylı sərəncamının 1-ci bəndində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq ayrılmış 1000 m2 torpaq sahəsinin baza qiymətinə satılması qeyd olunmuşdur. Bu səbəbdən 15.04.2006-cı il tarixdə Xəzər Rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında Torpaqların X7 imzalanmış və 17 aprel 2006-cı il tarixdə Buzovna Bələdiyyəsinin xüsusi bank hesabına 800 (səkkiz yüz) manat keçirmişdir. 15.07.2019-cu il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 m2 torpaq sahəsini Dövlət Reyestrindən Qeydiyyatdan keçirərək Çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ********** № li ərizə ilə müraciət edilmişdir. Lakin, cavabdeh Azərbaycam Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 05.08.2019-cu il tarixli, **********68 saylı cavab məktubu ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə Çıxarışın verilməsinə imtina vermişdir. İmtinaya səbəb kimi Xəzər Rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında Torpaqların X6 keçmiş DTXK-i tərəfindən təsdiq edilməməsi və elektron bazada sözügedən torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması, həmçinin ayrılmış torpaq sahəsinin guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisinə aid olunması, yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi, dörd torpaq sahəsinin eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, 2006-cı ildən bu günə kimi sözügedən torpaq sahəsi iddiaçının istifadəsindədir və hər il Buzovna Bələdiyyəsinə torpaq vergisi ödəyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazi dəmir-torla çəpərlənmiş və sözügedən torpaq sahəsi ilə ara məsafəsi 65 metrdir. Sözügedən torpaq sahəsinin 40 m2 hissəsinin 35 kV-luq YS “Zabrat” - YS 492 hava elektrik verilişi xəttinin mühafizə zolağına düşməsi səbəbindən iddiaçı azaltma ilə bağlı razılıq ərizəsi təqdim etmək istəsə də cavabdeh razı olmamışdır. Həmçinin sözügedən torpaq sahəsi yalnız iddiaçının yaxın qohumu X2 məxsus torpaq sahəsi ilə eyni hasar daxilindədir. Digər qonşularla bütöv və hava elektrik verilişi xəttinin mühafizə zolağı ilə aralarında yarımçıq daş hasar var. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 № li fərmanına istinad etsə də, Torpaqların X6 keçmiş DTXK-i tərəfindən təsdiq edilməsini əsaslandıra bilmir. Cavabdeh sözügedən torpaq sahəsini Bələdiyyə mülkiyyətində olması barədə məlumatın elektron bazada aşkar olunmadığını qeyd edir və əlavə olaraq sözügedən ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olmasını bildirir. Əgər həmin ərazi barədə elektron bazada heç bir məlumat yoxdursa, deməli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olması faktı da yoxdur. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obtektiv araşdırmamış, əsassız olaraq formal mülahizələrə istinad etmiş, heç bir sənəd, sübut təqdim etmədən tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, inzibati orqanın imtinasına uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin 18 aprel 2006-cı il tarixli 125 nömrəli qərardan görünür ki, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunun kənarında bağ evinin tikintisi üçün 1000 m2 torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. Torpaqların X7dan görünür ki, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 45 ünvanında yaşayan İddiaçı Buzovna Bələdiyyəsinə torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Buzovna Bələdiyyəsinin inzibati ərazisində 1000 m2 torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Bələdiyyənin hesabına 800 manat torpaq haqqı ödənilmişdir. Bu akt Buzovna rayon bələdiyyə orqanının nümayəndəsi İsrafil Cəbrayılov və torpaq alan İddiaçı tərəfindən 15 aprel 2006-cı il tarixdə imzalanaraq möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 05 avqust 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, torpaqların X7 keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmiş, 4 torpaq sahəsi eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi və ya mərzlənməsi məqsədəuyğundur.Yerləşmə cizgisində heç bir istinad bildirən məlumat yoxdur. SOCAR-ın 25 iyun 2020-ci il tarixli, Socar**********30490075X00372 saylı məktubunda qeyd edilmişdir ki, torpaq sahələri neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCARın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir və bu torpaqlar yalnız təyinatı üzrə istifadə oluna bilər. Qeyd olunmuş torpaq sahələri “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin fəaliyyətdə olan neft quyusunun mühafizə zonasında yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 09 mart 2021-ci il tarixli **********90 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi digər 3 torpaq sahələri ilə ümumi sahəsi 4913.0 kv.m olan hasarlanmış ərazidə yerləşir, ara sərhədləri şərtidir və torpaq sahəsində mərzçəkmə, hasarlama işləri tam aparılmamışdır. Ümumi ərazidə 1 mərtəbəli yaşayış evi və həyə tikilisi var. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və sahənin bir hissəsi (1170.0 kv/m) yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zolağına düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən göndərilmiş 16 mart 2021-ci il № **********91 saylı məktubundan görünür ki, məlumatların təqdim edilməsi barədə müraciətin icrası ilə əlaqədar əraziyə baxış keçirilib iddia edilən ərazinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazi dövlət mülkiyyəti torpağıdır.”Azneft” İB H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa blokunun ərazisində yerləşir, ərazidə mövcud elektrik xəttindən ən yaxın məsafə 14.37 metr təşkil edir. Hazılanmış sxemlər arayışa əlavə edilmişdir. İş materiallarına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun kənarında yerləşən torpaq sahəsinin bölgü sxemi əlavə edilmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən torpaq sahəsinin bələdiyyə aktına əsasən alqı-satqı yolu ilə aldığını, onun qanuni istifadəsində olduğunu qeyd edərək onun adına dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində yalnız torpaqların X7, həmçinin, Buzovna Bələdiyyəsinin qərarının surəti təqdim edilmişdir. Cavabdeh inzibati orqanın imtina əsasları torpaqların X7in keçmiş DTXK tərəfindən təsdiq edilməməsi və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatin olmaması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması və yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi daşınmaz əmlaka dair iddiaçı qanunla sadalanmış hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının həmin evə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur, belə imtina qanuna zidd qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkişləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin mövcud qanunvericiliyin 2006-cı ildə, yəni müvafiq bələdiyyənin qərarı qəbul olunan dövrdə qüvvədə olan aşağıdakı normalarını diqqətə çəkir: «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respubklikasının 15.10.1999-cu il tarixıli Qanunu ilə təsdiq edilmiş “X1”nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Məhkəmə qeyd edir ki, iddiaçıya Buzovna bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bundan əlavə iş üzrə araşdırma zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərəflərin və məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş Dövlət Neft Şirkətinin nümayəndəsinin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilməsi təşkil edilmiş, mübahisəli torpaq sahəsinin koordinatları ölçülmüş və sözügedən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğu, ”Azneft” İB H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa blokunun ərazisində yerləşdiyi, ərazidə mövcud elektrik xəttindən ən yaxın məsafənin 14.37 metr təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-817/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-817/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver