Məhkəmə qərarları › İş №2-1(112)-817/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-817/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-817/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsi” iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı qızı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 X3 Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 il icra hakimiyyəti sistemində dövlət qulluqçusu kimi çalışdığını və hazırda Sabunçu rayonunda yerləşən 7 saylı Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərdiyini nəzərə alaraq, öz vəsaiti hesabına Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, 8-18 saylı yaşayış binası ilə R.Qənbərov küçəsi 24-34 saylı yaşayış binaları arasında (“Ankara” restoranının sol tərəfi) boş olan sahənin 40 kv.m hissəsində vəkil kabineti yaradılması üçün iddiaçının istifadəsinə ayrılması barədə rəy vermək vəzifəsinin cavabdehlərin üzərinə, həmin torpaq sahəsinin istifadəsinə ayrılması barədə inzibati akt (sərəncam) qəbul etmək vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 7 il Suraxanı rayon İcra Hakimiyyətində, 18 il isə Bakı şəhər İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş, öz xahişi ilə tutduğu vəzifədən azad olunmuş və 2019-cu ildə əvvəlki iş yerinə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə bərpa olunmuşdur. Hazırda yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilidir. Lakin 34 nəfər üzvü olan 7 saylı Vəkil Bürosu dövlətə məxsus olduqca kiçik qeyri-yaşayış sahəsində fəaliyyət göstərir ki, bu da vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməyinə imkan vermir, işdə konfidensiallıq prinsipləri pozulmuş olur. Yaşadığı evə yaxın olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, 8-18 saylı yaşayış binası ilə R.Qənbərov küçəsi 24-34 saylı yaşayış binaları arasında (“Ankara” restoranının sol tərəfi) boş olan sahənin 40 kv.m hissəsində vəkil kabineti yaradılması üçün Bakı şəhər İcra Hakimiyyətinə və Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin ərizə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, N- 44/3-039/2-t/l saylı məktubu ilə rəy bildirilməsi üçün Sabunçu rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Sabunçu rayon İcra Hakimiyyəti heç bir rəy vermədən, xx.xx.2021-ci il tarixli, N-165-039 saylı cavab məktubunda bildirmişdir ki, torpaq sahəsinin ayrılması RİHnin səlahiyyətlərinə aid deyildir. Əvvəlki cavab məktubunda isə bildirilmişdir ki, həmin məqsədlə ƏMDX-nin TDİTÜ Dövlət Agentliyinə müraciət edilməlidir. ƏMDK yanında Dövlət Agentliyi isə müraciətinə cavab olaraq hələ xx.xx.2020-ci il tarixdə bildirmişdir ki, torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməlidir. Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə əsasən qeyd olunan torpaq sahəsinin ayrılması üçün heç bir tədbir görülməmiş və BŞİHB Aparatının Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin xx.xx.2022-ci il tarixli, N-4-039 saylı cavab məktubunda bildirilmişdir ki, bundan əvvəlki ərizəsinə əsasən məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Sabunçu rayon İcra Hakimiyyəti isə BŞİH-dən daxil olmuş eyni məzmunlu müraciətinə rəy bildirmək əvəzinə, xx.xx.2022-ci il tarixli, N-3- 039 saylı cavab məktubu ilə torpaq sahəsi ayrılmasının onun səlahiyyətində olmadığını bildirmişdir. Beləliklə də, həm Sabunçu rayon İcra Hakimiyyəti, həm də Bakı şəhər İcra Hakimiyyəti qanuni tələbini təmin etmək əvəzinə, əsassız və qanunsuz olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya R.Qənbərov küçəsi 24-34 saylı yaşayış binaları arasında (“Ankara” restoranının sol tərəfi) boş olan sahədə 40 kv.m hissəsində vəkil kabineti yaradılması üçün istifadəsinə olan torpaq sahəsinin ayrılması barədə inzibati akt (sərəncam) qəbul etmək vəzifəsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin dəqiqləşmiş iddia tələbinə dair yazılı etirazında göstərilmişdir ki, ayrılması tələb olunan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi 8-18 saylı yaşayış binası ilə R.Qənbərov küçəsi 24-34 saylı yaşayış binalarının ərazi hüdudları daxilində yerləşdiyindən və sakinlərin ümumi istifadəsində olduğundan sözügedən ərazidə göstərilən məqsədlər üçün torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, N-4-039 nömrəli məktubla bildirilmişdir ki, “Torpaq sahəsinin ayrılması ilə bağlı Bakı Şəhər icra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, qaldırdığınız məsələ ilə bağlı daha əvvəlki müraciətlərinizə əsasən qeyd olunan məsələnin araşdırılması məqsədilə tərəfimizdən aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır.” - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin N-3-039 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Sizin torpaq sahəsinin ayrılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş N-3-039 saylı, xx.xx.2022-ci il tarixli müraciətinizə baxıldı. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması Sabunçu Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətləri daxilində deyildir.” - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X3 Agentliyinin xx.xx.2020-ci il tarixli **********04 saylı məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində vəkil kabinetinin yaradılması məqsədilə 40-45 kvadrat metr torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi barədə 27 avqust 2020-ci il tarixli müraciətinizə X1 X3 Agentliyində baxılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə uyğun olaraq mülkiyyətə, icarəyə və istifadəyə verilməyən dövlət torpaqlarını müvafiq yerli icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin məcəllənin 46-cı və 51-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4-cü, 4.16.3-cü və 4.16.4-cü bəndlərinin tələblərinə uyğun olaraq dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq yerli İcra hakimiyyəti orqanları, həmin Məcəllənin 47-ci maddəsi ilə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirdiyindən qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinə və ya bələdiyyəyə müraciət etmək hüququnuz vardır.” - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-1441 saylı məktubundan görünür ki, “Sizin ünvan 7 ünvanda yerləşən 33 kv. m. qeyri-yaşayış tikilisinə bitişik 70 kv.m boş torpaq sahəsinin ayrılmasına və orada yeni layihə əsasında Bakı şəhəri 7 saylı Vəkil Bürosunun inzibati binasının tikintisinə icazə verilməsinə dair xx.xx.2020-ci il tarixli 27 nömrəli məktubunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bildiririk ki, “Yerli icra hakimiyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanına uyğun olaraq, yuxarıda qeyd olunan ünvanda ayrılması təklif olunan torpaq sahəsinə dair Bakı Səhər İcra Hakimiyyətinin müvafiq məktubu daxil olduqdan sonra “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin hazırlanması məsələsinə baxıla bilər.”

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə əsassız oldugundan təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi.

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ... ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.

4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Maddə 44. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri ... ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Maddə 45. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar

1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

2. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir.

3. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə 46.4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir...

8. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və kütləvi informasiya vasitələrində hər il hesabat dərc etdirməlidirlər. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 69. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə qərardan şikayət

1. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar. Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir.

2. Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtina edilməsinin qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edə bilər. Axırıncı halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməyə əsasən: 4.16. Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində: 4.16.1. şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək; 4.16.2. idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək; 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); 4.16.5. investisiya şərtləri ilə tikinti aparıla biləcək torpaq sahələrinin siyahısını müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək; 4.16.8. müvafiq ərazidə yeni yaradılmış daşınmaz əmlak obyektlərində sosial təyinatlı obyektlərin yerləşdirilməsi üçün müvafiq sahələrin dövlət mülkiyyətinə alınması barədə aidiyyəti icra hakimiyyəti orqanlarına təkliflər vermək; 4.16.9. dövlət mülkiyyətində olan əmlakın bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan əmlakın isə dövlət mülkiyyətinə alınması barədə aidiyyəti dövlət orqanlarına təkliflər vermək. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli 3707 saylı Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir ki, iki ay müddətində: 1.1. Azərbaycan Respublikası Vəkillər X2 və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görsün. 1.2. Azərbaycan Respublikasının regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlər görsün. İddiaçı vəkillik fəaliyyəti ilə məşğul olmasını əsas gətirərək, ona vəkil kabinetinin inşa edilməsi üçün Bakı şəhəri, R.Qənbərov küçəsi 24-34 saylı yaşayış binaları arasında (“Ankara” restoranının sol tərəfi) boş olan sahənin 40 kv.m hissəsində torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının ayrılmasını tələb etdiyi torpaq sahəsinin cavabdehin imtinasından da göründüyü kimi ümumi istifadədə olan (yəni yaşayış məntəqələrinin torpaqları kateqoriyasından) torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaq qanunvericiliyinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri aid edilir. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətləri isə yaşayış məntəqələrinin mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün müəyyən edir. Belə olan halda iddiaçıya həmin torpaq sahəsinin ayrılması və orada hər hansı tikilinin inşa edilməsi digər sakinlərin azad hərəkət etmək hüququnun məhdudlaşdırılmasına, tikintilərin sıxlığına, mühəndis-nəqliyyat kommunikasiyalarının, yaşıllıqların, piyada yollarının, sanitariya-qoruyucu arakəsmələrin və daşınmaz əmlakın şəhərsalmada nəzərə alınan digər struktur elementlərinin əsas parametrlərinə, əhaliyə xidmət edən sosial-məişət və mədəniyyət obyektlərinin yerləşdirilməsinə, müasir ekzogen geoloji proseslərin yayılma dərəcəsinə və intensivliyinə (fəallığına) təsir etməsi baxımından torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti vəzifələrini həyata keçirən cavabdehin imtinası torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə qanuni və əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı da iddiaçının ona məhz həmin torpaq sahəsinin (R.Qənbərov küçəsi 24-34 saylı yaşayış binaları arasında (“Ankara” restoranının sol tərəfi) boş olan sahənin 40 kv.m hissəsində) ayrılmasını tələb etməsi üçün heç bir hüquqmüəyyənedici sənədinin olmaması müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ayrılması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar