Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8175/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona Qarabağ uğrunda döyüşməsi ilə əlaqədar müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəhbəri olduğu “X6 Gəncləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən ezam edilərək 2020-ci ilin oktyabr ayının 5-dən 10 noyabr tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarının işğal altında olmuş ərazilərində, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində döyüş əməliyyatlarının maddi-texniki və mənəvi-psixoloji təminatlarında iştirak etmişdir. Ona müharibə veteranı adının və vəsqiqəsinin verilməsi üçün “X6 Gəncləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yazılı qaydada müraciət edilib. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edildiyi bildirilmişdir. İmtina cavabında N nömrəli hərbi hissə komandiri tərəfindan verilmiş xx.xx.2023-cü il tarixli 1380 nömrəli arayışında nizami hissə üzrə əmrlərində həmin hərbi hissələrdə olmağı təsdiq olunmadığına görə onun sənədlərinin Azarbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14737/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1752/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14737/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadında bildirilmişdir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən iddianın mümkünsüz sayılmasına dair qənaətə gəlməsi düzgün olmamışdır. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçı X7 “Müharibə veteranı adı və vəsiqəsi” verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı ərizəsini Komissiyaya təqdim etmiş, lakin N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1380 nömrəli arayışda nizami hissə üzrə əmrlərində həmin hərbi hissələrdə olmağı təsdiq olunmadığına görə onun sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı nə hərbi qulluqçu olmuş, nə də döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olmuşdur. N nömrəli hərbi hissənin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmək üçün tərtib etdiyi xx.xx.2020-ci il tarixli 2671 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissəyə humanitar və mənəvi dəstək göstərmişdir. N nömrəli hərbi hissənin İddiaçı verdiyi xx.xx.2021-ci il tarixli 1004 nömrəli arayışında göstərilmişdir ki, o, Vətən Müharibəsində könüllü surətdə iştirak edərək, döyüş əməliyyatlarının gedişi zamanı döyüş sahəsində şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi və motivasiyası, vətənə məhəbbət, düşmənə nifrət hisslərinin aşılanması istiqamətində aktiv fəaliyyət göstərmişdir. Yuxarıda qeyd olunan əsaslara görə isə “Müharibə veteranı” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun deyil. Odur ki, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili izahatlarında iddianə müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya verilmiş 01 avqust 2023-cü il tarixli, 4/3-7269 saylı məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N saylı xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X6, gənclərin maarifləndirmə ictimai birliyinin sədri Həsənli X10 müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə qeydiyyata düşmüşdür və hərbi hissəyə humanitar və mənəvi dəstək göstərmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən təqdim verilmiş 1004 saylı xx.xx.2021-ci il tarixli arayışda İddiaçı Vətən müharibəsində könüllü surətdə iştirak edərək, döyüş əməliyyatlarının gedişi zamanı döyüş sahəsində şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi və motivasiyası, vətənə məhəbbət, düşmənə nifrət hislərinin aşılanması istiqamətində aktiv fəaliyyət göstərdiyi bildirilmişdir. -“Tərxis olunmuş X1” İctimai Birliyinin ezamiyyət vəsiqəsindən görünür ki, iddiaçı rəhbəri olduğu həmin İctimai birlikdən 2020-ci ildə 05-06 oktyabr, 06-08 oktyabr, 10-11 oktyabr tarixlərdə döyüşən əsgərlərə dəstək məqsədi ilə ezamiyyətdə olmuşdur. -xx.xx.2020-ci il tarixli fəxri fərmanda İddiaçı Vətən müharibəsi zamanı orduya göstərdiyi maddi və mənəvi dəstəyə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif edildiyi göstərilmişdir. -xx.xx.2021-ci il tarixli fəxri fərmanda İddiaçı Vətən müharibəsində könüllü iştirak edərək fədakarlıq göstərdiyinə və arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fəaliyyətinə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif edildiyi bildirilmişdir. -xx.xx.2021-ci il tarixli fəxri fərmanda X5 Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən təltif edildiyi göstərilmişdir. -059 saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini tərəfindən verildiyi qeyd olunmuş fəxri fərmandan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı şəxsi heyətə yaxından mənəvi dəstək göstərdiyi üçün təltif edilmişdir. -Tərtər rayon İcra Hakimiyyəti başçısı tərfindən iddiaçıya verilmiş 30 iyun 2022-ci il tarixli, 1225 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Vətən müharibəsi zamanı Tərtər şəhərində və təmas xəttinə yaxın kəndlərdə yaşayan mülki əhaliyə və döyüşən hərbçilərə maddi və mənəvi dəstək göstərmişdir. -N nömrəli hərbi hissənin komandiri tərəfindən təsdiq edildiyi göstərilmiş “Müharibə veteranı adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi və təqdim edilən döyüş əməliyyatlarında döyüş təminatı maddi və mənəvi-psixoloji təminatı həyata keçirmiş şəxs barədə arayış-məlumatın kserosurətindən görünür ki, ehtiyatda olan leytenant İddiaçı 29.09.-xx.xx.2020-ci il tarixlərdə N və N nömrəli hərbi hissələrə ezam olunmuş, Azərbaycan Ordusunun “Vətən Müharibəsi dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında” Azərbayca Respublikası Müdafiə nazirinin 2021-ci ilin 4 mart tarixli 062 nömrəli müvafiq əmrinə əsasən Tərtər, Suqovuşan, Talış kənd və Ağdam istiqamətlərində gedən döyüşlər zamanı hərbi hissənin tərkibində döyüşən şəxsi heyətə döyüş təminatı, maddi və mənəvi-psixoloji təminat üzrə tapşırıqları yerinə yetirmiş və həmin müddətdə döyüşlər zamanı şəxsi heyətlə bərabər olaraq onlara mənəvi-psixoloji dəstək vermiş, döyüş ruhunun yüksəlməsi yönümündə söhbətlər aparmaqla yanaşı maddi dəstəyi də əsirgəməmişdir. O, döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissəyə humanitar yardımla yanaşı, şəxsi heyətə mənəvi dəstək göstərmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyul 2024-cü il tarixli, 274 nömrəli cavab məktubunda bildirilmişdir ki, “İddiaçı “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissədə xidmət etməsi, döyüşlərdə iştirak etməsi, döyüşdə xəsarət (yaralanma, travma, kontuziya) alması, digər hərbi hissələrə ezam edilməsi, medallarla təltif olunması barədə müvafiq əmrlərlə təsdiq edilmədiyi üçün sənəd təqdim etmək mümkün olmamışdır. Məlumat üçün bildirirəm ki, vətəndaş İddiaçı bir Azərbaycan vətəndaşı kimi “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissənin hərbi qulluqçularına (döyüş əməliyyatları aparılmayan dislokasiya məntəqəsində) yaxından mənəvi dəstək göstərdiyi üçün N nömrəli hərbi hissənin komandanlığı tərəfindən xatirə rəmzi olaraq “Fəxri fərman” ilə təltif edilmişdir.” -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyul 2024-cü il tarixli, 2358 nömrəli cavab məktubunda bildirilmişdir ki, “İddiaçı həqiqətən Vətən Müharibəsində könüllü surətdə iştirak etmiş, şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi, motivasiyası, vətənə məhəbbət, düşmənə nifrət hisslərinin aşılanması istiqamətində aktiv fəaliyyət göstərmişdir. Əlavə olaraq bildirilir ki, vətəndaş İddiaçı Vətən Müharibəsi zamanı heç bir döyüş təminatı, maddi-texniki təminatı və tibb təminatı növündə iştirak etməmiş, yuxarı komandanlıq tərəfindən “Fəxri Fərman” la təltif edilməsi barədə qeydiyyat sənədləri haqqında məlumat yoxdur.” -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyul 2024-cü il tarixli, 2357 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, “İddiaçı həqiqətən Vətən Müharibəsində könüllü surətdə iştirak etmiş, şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi, motivasiyası, vətənə məhəbbət, düşmənə nifrət hisslərinin aşılanması istiqamətində aktiv fəaliyyət göstərmişdir. Əlavə olaraq bildirirəm ki, vətəndaş İddiaçı Vətən Müharibəsi zamanı heç bir döyüş təminatı, maddi-texniki təminatı və tibb təminatı növündə iştirak etməmişdir.” -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 2463 nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-xx.xx.2021-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və fəxri fərmanla təltif olunması barədə məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının şəxsi işinə əlavə edilmiş N saylı hərbi hissə komandirinin N saylı, xx.xx.2000-ci il tarixli əmrindən çıxarışdan görünür ki, leytenant X8 (2 MAT, 4 MAB, birinci motoatıcı tağım komandiri) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli 0495 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2000-ci il tarixdən şəxsi heyətin siyahısından silinmiş, bütün təminat növlərindən çıxarılmış, nəzərdə tutulan pul təminatı ilə təmin olunaraq qeydiyyat üçün sənədləri Ağdam RHK-ya göndərilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 2-ci hissəsinin birinci abzasına əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 2-ci bəndinə əlavə edilmiş qeydə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı Vətən müharibəsi dövründə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarının işğal altında olmuş ərazilərində, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində könüllü olaraq döyüş əməliyyatlarının maddi-texniki və mənəvi-psixoloji təminatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bunun üçün iddiaçı rəhbəri olduğu “X6 Gəncləri Maarifləndirmə” İctimai Birliyinin ezamiyyət vəsiqəsinə, iş materiallarında göstərilmiş ayrı-ayrı hərbi hissələr tərəfindən verilmiş arayışlara və fəxri fərmanlara istinad edərək cavabdeh AR Müdafiə Nazirliyinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamədəki normaların tələblərindən göründüyü kimi, müharibə veteranı adının verilməsi üçün şəxs: 1) 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olmalı; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olmalı; 3) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edilmiş olmalıdır. Hazırkı iş üzrə iddiaçının hərbi qulluqçu və ya hərbi hissələrin mülki işçisi olmaması işin mübahisələndirilməyən hallarındandır. Ona görə də konkret halda iddiaçıya müharibə veteranı adının verilməsi yalnız 3-cü bənddə göstərilən şərtlərin ödənilməsi halında mümkün ola bilərdi ki, normanın həmin hissəsinin dispozisiya şərtləri də ödənilmir. Məhkəmə hesab edir ki, istinad oluna norma (3-cü bənd) mahiyyətcə mülki şəxslərin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və ya tibbi təminatı ilə bağlı ehtiyac yarandığı təqdirdə səlahiyyətli qurumlar tərəfindən ezam edilməsini nəzərdə tutur. Bu mənada qanunverici məhz qeyd olunan ehtiyacla bağlı səlahiyyətli qurumlar tərəfindən döyüş bölgəsinə ezam edilmiş və ölkənin ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlara töhfə vermiş mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi imkanını yaradır. Lakin hazırkı halda iddiaçı səlahiyyətli qurum tərəfindən deyil, ictimai birliyin rəhbəri kimi özünü tarixi, istiqaməti göstərilməyən və hansı zərurətdən irəli gəldiyi əsaslandırılmayan ezamiyyət vəsiqəsi üzrə “döyüşən əsgərlərə dəstək məqsədi ilə” döyüş bölgəsinə ezam etdiyindən istinad olunan normanın təsir dairəsinə düşmür. İşin araşdırılan halları ilə o da müəyyən edilmişdir ki, iddiaçının Vətən müharibəsi dövründə hər hansı hərbi hissənin heyətinə daxil edilməsi, təminatlara qoyulması və hərbi xidmətdən tərxis olunması barədə hər hansı hərbi hissənin müvafiq əmrləri olmamışdır. Bu isə onun deməyə əsas verir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundə gedən döyüşlər zamanı şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi istiqamətində mülki şəxs kimi fəaliyyəti könüllü xarakter daşımış və iddiaçı özünün vətəndaşlıq borcu hesab edərək Vətən müharibəsi dövründəki proseslərdə iştirak etmək qərarına gəlmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda könüllü olaraq öz təşəbbüsü ilə bu və ya digər şəkildə iştirak etmiş mülki şəxslərə isə müharibə veteranı adının verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyuş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə isə iddiaçı arzuladığı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8175/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8175/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver