Məhkəmə qərarları › İş №2-1(112)-8178/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8178/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8178/2022 13.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin olunması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək X1 uşaqlarının evlə təmin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, onun şəhid olan keçmiş həyat yoldaşı X12 ilə ailə qurduqdan sonra bu nikahdan 20 aprel 2016-cı il təvəllüdü X7 və 23 sentyabr 2017-ci il təvəllüdlü X10 doğulmuşdur. O, Əlizamin ilə rəsmi qaydada boşananda, məhkəmə qərarı ilə uşaqların hər ikisinin də onun yanında saxlanmasına dair qəbul edimişdir. Əlizamin vətən uğrunda gedən müharibədə qəhrəmancasına vəfat etdikdən sonra uşaqları şəhid ailəsinin üzvü hesab edilmişdir. Yetkinlik yaşına çatmayan uşaqları da qeyd etdiyi kimi onun himayəsində olduqları üçün şəhid ailəsi kimi yaşayış sahəsindən ehtiyacı olan vətəndaş qismində uçota alınıb. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ona ünvanlanmış **********6 saylı, 15 fevral 2022-ci il tarixli məktuba əsasən isə X1 anası X11 27 dekabr 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq ikiotaqlı mənzillə təmin olunduğu göstərilmişdir. Lakin bu qərarla onun himayəsində qalmış uşaqlarının ev haqları onlara deyil, nənələrinə verilmişdir. Nənənin yaşamaq üçün evi olduğu halda o və uşaqları gah valideynlərinin evində, gah da kirayədə yaşamaq məcburiyyətində qalırlar. Həmin uşaqlar şəhidin varisləri olduğu halda onlar evlə təmin olunmamışlar. Bildirir ki, eyni onun vəziyyətində olan digər şəhidin uşaqları və onların qanuni nümayəndələri evlə təmin olunmuşlar.

3. İddiaçının mənzil şəraitinizin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətlərinə aidiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilmişdir ki, X1 anası X17 27 dekabr 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq ikiotaqlı mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur.

4. Ölüm haqqında şəhadətnaməyə əsasən, X12 hərbi əməliyyatlar nəticəsində partlayışlar və qəlpələrlə törənmiş zədələnmələr nəticəsində döyüş meydanında xx.xx.2020-ci il tarixdə ölmüşdür.

5. X8 xx.xx.2021-ci il tarixdə şəhid ailəsinin üzvü vəsiqəsi verilmşdir. xx.xx.2017-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsinə əsasən atası X12, anası X18r.

6. X5 xx.xx.2021-ci il tarixdə şəhid ailəsinin üzvü vəsiqəsi verilmşdir. xx.xx.2016-cı il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsinə əsasən atası X12, anası X18r.

7. Məhkəmə qətnaməsi əsasında X12 və X21 arasında nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anaları X14 yanında saxlanılmışlar. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X12 və X21 arasında nikah pozulmuş, nikah ləğv olunduqdan sonra qadına Əliyeva soyadı verilmişdir.

8. İddia ərizəsinin sonunda cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərilməsini məhkəmə formal xəta hesab edir, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzərə alınmalı olduğunu hesab edir.

9. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyətiin səlahiyyətlərinə aiddir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli qərarına əsasən şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin edilmiş vətəndaşa əlavə mənzil verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil fondunun imkanları xaricindədir və qanunvericilikdə ayrı-ayrılıqda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Belə ki, X13 Abşeron rayonu, Yeni Yaşayış komleksində 55 saylı binadan 34 saylı mənzil verilmişdir. Bununla əlaqədar iddia tələbi əsassız olduğundan təmin edilməməsi xahiş edilir.

11. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma haqqında Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 151 nömrəli Sərəncamı şəhidin valideyni X17 iki nəfərdən ibarət ailə tərkibi ilə imtiyazlı əsaslarla yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində (özü və qızı) uçota alınmışdır.

12. Məhkəmənin hazırlıq icraatı üzrə icraatında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat vernəklə müvafiq vəzifənin cavabdeg Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmasını xahiş etdi.

13. Məhkəmənin hazırlıq icraatı üzrə icraatında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun olaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının (onun himayəsində olan azyaşlıların) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması haqqında sərəncam da quruma təqdim edilməmişdir. Yaşayış sahəsinə ehtiyacı olan qismində şəhidin valideyni X17 iki nəfərdən ibarət ailə tərkibi ilə imtiyazlı əsaslarla yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində (özü və qızı) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tairxli Sərəncamı ilə uçota alınmışdır. Məhkəmənin sorğusuna da cavab olaraq bildirir ki, ümumiyyətlə, bir şəhid ailəsinin 2 ayrı ailə üzvünə ayrılıqda iki mənzil verilməsi ilə bağlı inzibati təcrübə mövcud deyildir.

II. İddianın növü

14. Hazırki iddia məcburetmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; Maddə 95. Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (dövlət sosial (ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sair) xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

16. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-ci maddəsinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir.

III.Məhkəmənin mövqeyi

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

18. Məhkəmə hesab edir ki, iddia cavabdeh qurumun nizamnaməsinə və müvafiq sərəncama əsasən yalnız ona xas olan fəaliyyətin həyata keçirilməsi ilə əlaqədardır. Bu zaman məhkəmə ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğunu nəzərə alır.

19. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

20. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.

21. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

22. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının azyaşlı uşaqları şəhid ailəsinin üzvü statusuna malikdir, lakin yerli icra hakimiyyəti orqanında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmamışlar. Bununla bağlı sübut məhkəməyə təqdim edilməmiş, odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

23. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

24. Digər tərəfdən qeyd edilən Sərəncamın mətninə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərin (yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin) mənzil və ya fərdi evlə təmin edilməsi tapşırılmışdır. Yəni Sərəncamda mənzil və ya fərdi evə münasibətdə ismin kəmiyyət halı “tək” formada işləndiyindən Sərəncamın məzmunu bir şəhid ailəsinə birdən artıq mənzilin verilməsi qənaətinə gəlməyə məhkəməyə əsas vermir. Hazırki işin halına uyğun olaraq müəyyən edilir ki, X1 yerli icra hakimiyyəti orqanında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış anası X17 qeyd edilən Sərəncamın icrası qaydasında mənzillə təmin olunmuşdur.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar