Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-818/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, plan ölçünün tərtib edilməsi və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna Bələdiyyəsinin 27.03.2006-cı il tarixli 101 saylı sərəncamı ilə İddiaçı adına Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün ayrılmş 1000 kv. metr torpaq sahəsinin plan və ölçülərinin tərtib edilməsi, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Xəzər rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsinin 27 mart 2006-cı il tarixli, 101 saylı sərəncamı ilə onun adına Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün 1000 kvmetr torpaq sahəsi ayrılmışdır. Xəzər Rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsinin 27.03.2006-cı il tarixli, 101 saylı sərəncamının 1-ci bəndində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, ayrılmış 1000 kv metr torpaq sahəsinin baza qiymətinə satılması qeyd olunmuşdur. Bu səbəbdən 27.03.2006-cı il tarixdə Xəzər rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsi ilə onun arasında Torpaqların alqı-satqısına dair akt imzalanmış və 27 mart 2006-cı il tarixdə Buzovna Bələdiyyəsinin xüsusi bank hesabına 800 (səkkiz yüz) manat keçirmişdir. 15.07.2019-cu il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 kv metr torpaq sahəsini Dövlət reyestrindən qeydiyyatdan keçirərək Çıxarışın verilməsi üçün DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ********** №li ərizə ilə müraciət edilmişdir. Lakin, cavabdeh DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 05.08.2019-cu il tarixli, **********70 saylı cavab məktubu ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 kv metr torpaq sahəsinə Çıxarışın verilməsinə imtina vermişdir. İmtinaya səbəb kimi Xəzər rayonu (keçmiş Əzizbəyov), Buzovna Bələdiyyəsi ilə onun arasında torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməməsi və elektron bazada sözügedən torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması, həmçinin ayrılmış torpaq sahəsinin guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisinə aid olunması, yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi, dörd torpaq sahəsinin eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. O, 2006cı ildə sözügedən torpaq sahəsində bağ evi inşa etmiş və orada yaşayır. Hər il Buzovna Bələdiyyəsinə əmlak və torpaq vergisi ödəyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazi dəmir-torla çəpərlənmiş və sözügedən torpaq sahəsi ilə ara məsafəsi 65 metrdir. Sözügedən torpaq sahəsinin 40 kv metr hissəsinin 35 kV-luq YS "Zabrat” - YS 492 hava elektrik verilişi xəttinin mühafizə zolağına düşməsi səbəbindən iddiaçı azaltma ilə bağlı razılıq ərizəsi təqdim etmək istəsə də cavabdeh razı olmamışdır. Sözügedən torpaq sahəsi yalnız iddiaçının yaxın qohumu X3 məxsus torpaq sahəsi ilə eyni hasar daxilindədir. Digər qonşularla bütöv və hava elektrik verilişi xəttinin mühafizə zolağı ilə aralarında yarımçıq daş hasar var. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 № li Fərmanına istinad etsə də, Torpaqların alqısatqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməsini əsaslandıra bilmir. Cavabdeh sözügedən torpaq sahəsini Bələdiyyə mülkiyyətində olması barədə məlumatın elektron bazada aşkar olumadığını qeyd edir və əlavə olaraq sözügedən ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olmasını bildirir. Əgər həmin ərazi barədə elektron bazada heç bir məlumat yoxdursa, deməli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olması faktı da yoxdur. Beləliklə, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obtektiv araşdırmamış, əsassız olaraq formal mülahizələrə istinad etmiş, heç bir sənəd, sübut təqdim etmədən tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə iddia tələbinə dair yazılı münasibəti (etiraz) daxil olmamışdır. İddiaçı 07.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 23.06.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin 27.03.2006-cı il tarixli 101 saylı Sərəncamın surətindən müəyyən olunur ki, AR “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” 7 dekabr 1999-cu il tarixli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş Əsasnaməni rəhbər tutaraq və vətəndaş İddiaçı 23.03.2006-cı il tarixli ərizəsini nəzərə alaraq qərara alınmışdır: 1.) Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə qeyri-qanuni istifadə etdiyi 1000 kv metr zəbt olunmuş torpaq sahəsi bağ evinin tikilməsi üçün “Torpaq Məcəlləsi”nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq vətəndaş İddiaçı (ünvan:ünvan 3 ərizəsi) baza qiyməti ilə satılsın.2.) Vətəndaş ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktı tərtib edilsin. 3.) Vətəndaş AR Torpaq Məcəlləsinin 66, 67-ci maddələrinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 24-cü maddəsinə riayət etməklə tikinti işlərini aparmalıdır. 4) Bağ evinin layihəsi və tikinti işləri müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır.5.) Kommunal xidmətlərin təşkili və icrası məqsədilə vətəndaş aidiyyatı təşkilatlar ilə ikitərəfli müqavilə bağlamalıdır. 6) Vətəndaş torpaq və əmlak hüququ əldə etdikdən sonra bələdiyyənin vergi orqanında qeydiyyata düşməlidir. 7) Ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi, sahədə tikintinin layihə üzrə aparılmasına və torpağın təyinatına görə istifadə olunmasına nəzarət bələdiyyənin “Ərazi idarəetmə və planlaşdırma” şöbəsinə tapşırılsın. Torpaqların alqı-satqısına dair Aktın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yaşayan İddiaçı 23 mart 2006-cı il tarixində torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə Bələdiyə iclasında baxılmış və Buzovna bələdiyyəsi ərazisində 1000 kv. metr torpaq sahəsi satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Əzizbəyov rayon Buzovna Bələdiyyəsinin Bankının xəzinəsinə 800 manat haqq ödənilmişdir. Bakı şəhəri Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 166254 saylı 27 mart 2006-cı il tarixli Kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, torpaq sahəsinin alqısatqısına dair İddiaçı tərəfindən 800 ( səkkiz yüz ) manat kassaya mədaxil edilmişdir. Bakı şəhəri Xəzər rayonu, Buzovna Bələdiyyəsinin “Ərazi İdarəetmə və Planlaşdırma Şöbəsi” tərəfindən İddiaçı adına ayrılmış torpaq sahəsinə dair sxem tərtib edilmişdir. İddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş **********70 №li 05 may 2019-ci il tarixli məktubda göstərilmişdir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və dörd torpaq sahəsi eyni hasar daxilində yerləşdiyindən notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi və ya mərzlənməsi (hasarlanması,sənəd üzrə 1000 kv.m göstərilsədə faktiki 4800 kv. metr təşkil edir) məqsədəuyğundur. Bununla yanaşı yerləşmə cizgisində heç bir istinad bildirən məlumat yoxdur və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmişdir "Torpaqların alqı-satqısı" qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. İş materiallarında olan cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 25 iyun 2020-ci il tarixli **********30490075X00372 saylı məktubun surətindən müəyyən olunur ki, İddiaçı və digərlərinin müraciətinə əsasən torpaq saahələrinə təkrar baxış keçirilərkən mübahisəli torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir və bu torpaqlaryalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin qeyd olunmuşdur ki, torpaq sahələri “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin fəaliyyətində olan neft quyusunun mühafizə zonasında yerləşir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.-ci maddəsinə əsasən dövlət obyektlərinin-dağ-mədən sənayesinin təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1 -ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 27.03.2006-cı il tarixli 101 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün 1000 kv. metr torpaq sahəsinin iddiaçıya baza qiyməti ilə satılması, iddiaçı ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi qeyd edilmişdir. Lakin bu zaman sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Eyni zamanda iddiaçı ilə Bələdiyyə arasında imzalanmış Torpaqların alqı-satqısına dair akt torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Bundan başqa, torpaq sahəsinin alqısatqına dair iddiaçı ilə Bələdiyyə arasında müqavilə bağlanmamışdır, məhkəməyə belə bir müqavilə (əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) təqdim edilməmişdir. Eyni zamanda qeyd olunan torqaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı mövcud deyildir, iddiaçıya torpaq sahəsinin ayrılması bələdiyyə sədrinin sərəncamına əsasən həyata keçirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən isə göründüyü kimi, torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqanın imtina məktubundan, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür kielektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazilərinə aiddir, bu torpaq sahələri neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində və “Azneft" İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin fəaliyyətdə olan neft quyusunun mühafizə zonasında yerləşir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-818/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-818/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver