Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8180/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Vəkil Zahir oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının keçmiş dövr üzrə məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının keçmiş dövr üzrə məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, 10 sentyabr 1974-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. Hazırkı günədək əmək fəaliyyətini davam etdirir, 63 yaşı var. Yerinə yetirdiyi zərərli və ağır işlərə görə ona 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin olunmalı idi. 27 yanvar 2015-ci il tarixdə 57 yaşı tamam olduğuna və güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu əldə etdiyinə görə ona pensiya təyin edilməsi üçün iddiaçı 25 dekabr 2015-ci il tarixdə ərizə ilə DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinə müraciət etmişdir. Lakin DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinin 29 dekabr 2015-ci il tarixli 09/5296 nömrəli cavab məktubu ilə müraciətə imtina cavabı verilmişdir. Məktubda qeyd olunmuşdur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 nömrəli qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatları, peşələrin və göstəricilərin siyahısı»nda göstərilən əmək şəraiti xüsusilə zərərli və ağır olan peşə vəzifələrdə çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırlar. Təqdim edilən sənədlərə əsasən əmək şəraiti xüsuslə zərərli və ağır olan peşə və vəzifələrdə işlədiyi iş stajı Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 nömrəli qərarının 1.1.2-ci bəndinə uyğun olmadığından, ona (iddiaçıya) güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyil. Bundan sonra iddiaçı yenə də 2017 – 2018ci illərdə DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinə 57 yaşdan pensiyanın təyin edilməsi ilə bağlı ərizələrlə müraciət etsə də, ona şöbənin 19 aprel 2017-ci il tarixli 09-2166 nömrəli 23 may 2017-ci il tarixli 09-2789 nömrəli və 16 mart 2018-ci il tarixli 09-685 nömrəli məktubları ilə imtina cavabları verilmişdir. İmtina cavabları DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsin 29 dekabr 2015-ci il tarixli 09/5296 nömrəli məktubunda göstərdiyi əsaslar qeyd olunmuşdur. Axırıncı dəfə iddiaçı 22 dekabr 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə təkrar müraciət edərək, ona 1 iyun 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya hüququnun yarandığı 27 yanvar 2015-ci il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən 27 yanvar 2015-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan onun qaldırdığı məsələnin həllini qismən təmin edərək, qanunvericiliyə əsasən təyin olunacaq pensiya məbləğini tam hesablayıb ödəməmişdir. Cavabdehə pensiyanın hansı tarixdən hesablanması və təyin olunacaq pensiya məbləğinə dair sorğu verildikdə cavab məktubunda bildirilmişdir ki, ona 27 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 23 dekabr 2018-ci il tarixdən hesablanmışdır. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çox üç il üçün ödənilməklə bu maddadə müəyyən edilmiş müddətlərə təyin olunur. Cavabdeh üç il üçün ödənilməmiş pensiyanın məbləğini 3 il üçün 12.158,98 manat hesablayaraq, həmin məbləğ hissəhissə, hər ay verilən əsas pensiyaya məbləğin (377,98 manatın) üzərinə 62,45 manat hesablanaraq ona ödəyəcəkdir. Cavabdehin ona 23 dekabrdan əvvəlki dövrə, yəni 27 yanvar 2015ci ildən sonra cavabdehin qanunsuz imtinaları ilə yağılmış borcun ödənilməməsi tamamilə əsassızdır. Cavabdeh özü «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə istinad edərək, ona verdiyi imtina məktubunda bildirir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çox üç il üçün ödənilməklə bu maddadə müəyyən edilmiş müddətlərə təyin olunur. İddiaçı axırıncı dəfə pensiyanın təyin olunması üçün cavabdehə 22 dekabr 2021-ci il tarixdə ərizə və sənədlərlə müraciət etdikdə, ərizəyə DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinin 29 dekabr 2015ci il tarixli 09/5296 nömrəli və digər tarixlərdə pensiyanın təyin olunmasına verilmiş imtinaların surəti də əlavə edilmişdir. Bu isə o deməkdir ki, pensiyanın təyin olunması üçün o (iddiaçı), 25 dekabr 2015-ci il tarixdə ərizə ilə cavabdeh quruma müraciət etmiş və ona həmin tarixdən pensiya təyin olunaraq ödənilməmiş, yığılmış borc hesablanaraq qeyd olunan tarixdən ödənilməlidir. DSMFnin elektron sistemində iddiaçıya aid olan səhifədə 2015-ci il (25 dekabr), 2017-ci il, 2018-ci ildə verdiyi ərizələr istisna olmaqla, 22 dekabr 2016-cı il, 30 iyun 2021-ci il, 5 sentyabr 2021-ci il və 22 dekabr 2021-ci il tarixli müraciətlər qeyd olunmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə istinad edirsə, onun pensiyanın təyin olunması üçün ilk müraciətinin, yəni 25 dekabr 2015-ci il tarixli ərizəsini nəzərə almaması məntiqsiz hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ hüquqi aktlar haqqına» Azərbaycan Respublikası Konstitusiya Qanunun 87-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bu o deməkdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə və «Normativ hüquqi aktlar haqqına» Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsinə müvafiq olaraq «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 32.1 və 37.7-ci maddələri tətbiq olunmalıdır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Odur ki, cavabdehin sözügedən Qanunun 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəsinə istinad etməsi tamamilə qanunsuzdur. Bundan başqa, Azərbaycan Konstitusiya Məhkəməsi Plenumu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hüququşünaslardan (vəkillərdən) ibarət işçiləri var və obyektiv araşdırma aparılarsa iddiaçıya 27 yanvar 2015-ci il tarixdən pensiya təyin edilməsinin və həmin vaxtdan bu günədək ödənilməmiş pensiyanın ona verilməsinin hüquqi əsaslarını müəyyən edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin üçüncü hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, Ailə başçısının itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9cu maddəsində hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. «İnsan hüquqlarımın və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolununun 1-ci maddəsinə əsasən göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1 -ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi ya qeyrimaddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözələyən konkret situasiyaya müəyyən şərtlərin tədbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya difgər ölkənini dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “Andreyeva Latviyaya qarşı” məhkəmə işinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarı bunun bariz nümunəsidir. Sözügedən işdə Məhkəmə vurğulamışdır ki, dövlət pensiya proqramını tədbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar pensiya ödənişləri etməsindən və ya pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə ediklmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya təyinatı, onun iradəsindən asılı olmayan səbəblərdən gecikdirilmişdir. Bundan başqa onun bu günədək ala bilmədiyi pensiya məbləği özündə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdadiəsi haqqında' Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” anlayışını ehtiva edir ki, bu hüquqların da Konstitusiyaya əsasən dövləıt tərəfindən qorunmasına təminat verir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Qeyd olunan qanunvericilik aktlarını işin faktuki hallarına tətbiq edilməklə belə nəticəyə gəlinir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə və İPM-in 2.2.2, 14.3, 33, 52, 68-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 14, 15, 19 və 45-ci maddələrinə əsaslanaraq, iddiaçıya 27 yanvar 2015-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 3 avqust 2022-ci il tarixli məktubunda iddia ilə bağlı qeyd olunur ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuni və əsaslı olmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 23 dekabr 2021-ci il tarixli ərizəsinə əsasən 27 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 23 dekabr 2018-ci il tarixdə hesablanmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Həmin Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 1 yanvar 2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat, 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) və həmin dövrdə baza hissəsi götürülməklə hesablanırdı. Belə ki, İddiaçı aid sənədlərdə qeyd olunanlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 29 il 5 ay 26 gün təşkil edir. Bununla əlaqədar olaraq, 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun pensiyanın sığorta hissəsi pensiya təyin olunan tarixə indeksləşdirilərək 64,59 manat müəyyən edilmişdir. Eyni zamanda, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 27 yanvar 2015-ci il tarixədək olan dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8.992,80 manat sığorta kapitalına uyğun olaraq pensiyasının sığorta hissəsi 62,45 manat müəyyən edilərək üzərinə baza hissəsi (100 manat) əlavə olunaraq 227,04 manat (64,59 + 62,45 + 100 (indeksləşdirilərək 1 mart 2022-ci il tarixədək 377,98 manat)) məbləğində əmək pensiyası hesablanmışdır. Bundan başqa, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün 12.158,98 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği 1 aprel 2022-ci il tarixdən etibarən «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyqun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 328,62 manat) pensiyasının üzərinə əlavə olunmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. «Əmək pensiyaları haqqında» Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (1 mart 2021-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının işləyən əmək pensiyaçı kimi qazandığı 20.335,64 manat sığorta kapitalı «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1 və 45-ci maddələrinin tələblərinə uyğun qaydada (20.335,64 : 83 ay (65 il – 64 il 1 ay = 11 ay + (144 ay – 72 ay) = 245,01 manat) yenidən hesablanaraq 377,98 manatdan 622,99 (377,98 + 245,01) manata artırılmışdır. Odur ki, məhkəmədən qərarı qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınması və əmək pensiyasına görə ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil Zahir oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, DSMF orqanı İddiaçı müraciəti əsasında ona 57 yaşı tamam olduğu 27 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği 23 dekabr 2018-ci il tarixdən sonrakı dövr üzrə hesablama aparılaraq ödənilmişdir. İddiaçı ona təyin olunmuş əmək pensiyasının 2015-ci ildən sonrakı dövr üzrə ödənilməmiş məbləğinin də verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllini təmin etməmişdir. İddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Qanununun 30.1-ci maddəsinə əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixdən qüvvədə olan (maddə həmin tarixdən əlavə olunmuşdur) 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmçinin qeyd olunmalıdır ki, İPM-in 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır (maddə 98-1.1). Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir (maddə 98-1.3). Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar (maddə 98-1.4). Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır (maddə 98-1.5). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından görünür ki, DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı 25 dekabr 2015-ci il tarixli müraciətinə baxılmış 29 dekabr 2015-ci il tarixli məktubla aşağıdakı məzmunda imtina cavabı verilmişdir: - «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda göstərilən əmək şəraiti xüsusilə zərərli və ağır olan peşə və vəzifələrdə çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar. Təqdim edilən sənədlərə əsasən onun (ərizəçinin) işlədiyi iş stajı əmək şəraiti xüsusilə zərərli və ağır olan peşə və vəzifələrə - Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1.1.2-ci bəndinə uyğun olmadığından, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyil. İş materiallarından görünür ki, DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı pensiya təyinatına dair müraciətinə baxılmış 19 aprel 2017-ci il tarixli məktubla aşağıdakı məzmunda imtina cavabı verilmişdir: - «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahısı üzrə) çalışan sığortaolunan kişilərə 57 yaşına çatdıqda, azı 25 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir. Lakin təqdim edilən sənədlərə əsasən onun (ərizəçinin) iş stajının 12 il 6 ay olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyil. Məhkəmə qeyd edir ki, İddiaçı ona «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar DSMF orqanına hələ 2015 və 2017-ci illərdə müraciətlər ünvanlamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiya hüququ yarandığı dövrdən pensiya təyinatı ilə bağlı müraciət etdiyi tarixədək olan dövrün yalnız son üç ili üzrə pensiya məbləğinin ödənilməsi təmin edildikdə, ilkin müraciət vaxtı kimi 25 dekabr 2015-ci il tarixi götürülməlidir. Bu halda qeyd olunan tarixə münasibətdə 3 illik müddət pensiya təyinatı tarixi kimi 2015-ci ilin yanvar ayının 27-ni də əhatə etdiyindən, pensiya təyinatı tarixindən sonrakı bütün dövr üzrə pensiya ödənişi “ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” iddiaçıya tam şəkildə ödənilməlidir. Bununla da məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunun, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11.1, 13.2, 24.2-ci maddələrinin tələblərinə ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı 27 yanvar 2015-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 27 yanvar 2015-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8180/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8180/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver