Məhkəmə qərarları › İş №2-1(112)-8182/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8182/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8182/2021 17.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı sorğuya cavab verilməsi tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 242 nömrəli, 12.04.2021-ci il tarixli sorğusuna cavab verilməməsi ilə əlalqədar edilən hərəkətlərin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi və həmin sorğuda göstərilən sənədlərin təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X8 və "xxxx" MMC arasında davam edən məhkəmə işi üzrə zəruri əhəmiyyət kəsb edən sübutların əldə edilməsi üçün vəkil vasitəsi ilə cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə 12.04.2021-ci il tarixli, 242 №-li sorğu göndərilmişdir. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 242№-li, 12.04.2021-ci il tarixli soğusuna vəkil orderinin və Binəqədi RPİ-nin 5-ci PB-nin 14.08.2018-ci il tarixli «Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların istintaq adiyyəti üzrə göndərilməsi haqqında» Qərarın surətləri əlavə edilməklə, aşağıda göstərilən sənədlərin sürətlərinin təqdim olunması xahiş edilmişdir. Binəqədi RPİ-nin İŞ-tərəfindən qəbul edilmiş Cinayət işinin başlanması və ya rədd edilməsi haqqında qərarın təsdiq olunmuş sürəti; 2. Şikayət üzrə dindirilmiş şəxslərin izahat və ifadələrinin surəti; 3.Şikayət üzrə dindirilmiş şəxslər tərəfindən təqdim olunan sənədlərin surəti. Eyni zamanda, həmin sorğuda qeyd olunmuşdur ki, 04.08.2018-ci il tarixdə X4 DİN-nin 102 xidmətinə məlumat verərək və ərizə ilə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət edərək bildirmişdir ki,27.07.2018-ci il tarixdə tanımadığı şəxslər ona məxsus Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078 A ünvanında yerləşən qeyri-yaşayış sahələrini sökmüşlər və onlar barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Həmin araşdırma zamanı Binəqədi RPİ-nin 5-ci PB-nin tətqiqatcısı, polis baş leytenantı Zaur Qüdrətov tərəfindən 14.08.2018-ci il tarixli «Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların istintaq adiyyəti üzrə göndərilməsi haqqında» Qərar qəbul edərək, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olduğundan material istintaq adiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin Qərarda qeyd olunmuşdur ki, «Əlavə olunmuş sənədlərdən görünür ki, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078 A ünvanında yerləşən qeyri-yaşayış sahələri iki şəxsə satılmışdır.” Qeyd edirlər ki, həmin sorğu rəsmi olaraq, poçt vasitəsi ilə 13.04.2021-ci il tarixdə cavabdehə çatdırılmış və həmin sorğunun alınmasına dair cavabdehin məsul əməkdaşı tərəfindən həmin poçt qəbzinə imza edilmişdir. Təxminən 15 gündən sonra, sorğunun hansı əməkdaş tərəfindən icra olunması və cavabının nə vaxt hazır olcağı barədə məlumat almaq üçün cavabdehə müraciət etdikdə, onlara bildirilmişdir ki, sizin sorğu Binəqədi rayon Polis İdarəsinin əməkdaşı Rövşən müəllim Cavadov tərəfindən icra olunacaqdır. Həmin əməkdaş ilə müxtəlif vaxtlarda telefon əlaqəsi saxlasalar da, sorğuya yaxın zamanlarda cavab veriləcəyi bildirilmişdir. Lakin, hal-hazıradək sorğuya cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh məhkəməyə 22.11.2021-ci il tarixli, 059-43571-1221 nömrəli məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasına və qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 14.08.2018-ci il tarixli, “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarının surətindən görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Zaur Qüdrətov icraatında olan, X1 ərizəsi əsasında toplanmış 1 saylı, HK-1355 nömrə ilə qeydə alınmış materialı nəzərdən keçirib, qərara almışdır ki, X2 ərizəsi əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olduğundan material istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilsin. İşdə olan Bakı şəhəri 13 saylı Vəkil Bürosu tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə göndərilmiş 12 aprel 2021-ci il tarixli, 242 nömrəli sorğu məktubundan görünür ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə sorğu ünvanlanaraq bildirilmişdir ki, hüquqi yardım göstərdiyi, ünvan 3 ünvanında qeydiyyatda olan X4 ilə X8 və "xxxx" MMC arasında davam edən məhkəmə işi üzrə zəruri əhəmiyyət kəsb edən sübutların əldə edilməsi üçün köməklik göstərilməsini xahiş edir. Belə ki, 04.08.2018-ci il tarixdə X4 DİN-in 102 xidmətinə məlumat verərək və ərizə ilə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət edərək, 27.07.2018-ci il tarixdə tanımadığı şəxslər ona məxsus Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078 A ünvanında yerləşən qeyri-yaşayış sahələrini sökmüşlər və onlar barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Həmin araşdırma zamanı Binəqədi RPİ-nin 5-ci PB-nin tətqiqatçısı, polis baş leytenantı Zaur Qüdrətov tərəfindən 14.08.2018-ci il tarixli “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” Qərar qəbul edərək, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olduğundan material istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin Qərarda qeyd olunmuşdur ki, “Əlavə olunmuş sənədlərdən görünür ki, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3978 A ünvanında yerləşən qeyri-yaşayış sahələri iki şəxsə satılmışdır”. Yuxarıda qeyd olunanları nəzərə alaraq, aşağıda göstərilən sənədlərin surətlərinin təqdim olunması xahiş edilmişdir: 1) Binəqədi RPİ-nin İŞ tərəfindən qəbul edilmiş Cinayət işinin başlanması və ya rədd edilməsi haqqında qərarın təsdiq olunmuş surəti; 2) Şikayət üzrə dindirilmiş şəxslərin izahat və ifadələrin surəti; 3) şikayət üzrə dindirilmiş şəxslər tərəfindən təqdim olunan sənədlərin surəti. Sözügedən sorğu məktubu Binəqədi rayon Polis İdarəsi tərəfindən 13.04.2021-ci il tarixdə təhvil alımışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilən X4 04.08.2018-ci il tarixdə DİN-in 102 xidmətinə məlumat verərək və ərizə ilə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət edərək bildirmişdir ki, 27.07.2018-ci il tarixdə tanımadığı şəxslər ona məxsus Binəqədi rayonu. Atatürk prospekti, məhəllə 3078 A ünvanında yerləşən qeyri-yaşayış sahələrini sökmüşlər və onlar barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Həmin araşdırma zamanı Binəqədi RPİ-nin 5-ci PB-nin tətqiqatçısı, polis baş leytenantı Zaur Qüdrətov tərəfindən 14.08.2018-ci il tarixli “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” Qərar qəbul edərək, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsi 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olduğundan material istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. X3 nümayəndəsi və vəkili İddiaçı tərəfindən iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə mübahisə predmeti olan sorğu məktubu ünvanlanaraq, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və ya rədd edilməsi haqqında qərarının təsdiq olunmuş surəti, şikayət üzrə dindirilmiş şəxslərin izahat və ifadələrinin surəti, şikayət üzrə dindirilmiş şəxslər tərəfindən təqdim olunan sənədlərin surətinin təqdim olunması xahiş edilmişdir. Sorğu məktubu cavabdeh tərəfindən 13.04.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, hal-hazıradək cavabdeh tərəfindən cavablandırılmamışdır. Halbuki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən İ. Vəkillər müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər. İİ. Vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək; öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək; xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq; qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq. Qanunvericiliyin normalarından göründüyü kimi, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq vəkillərin qanunvericiliklə təsbit olunmuş hüququdur. Lakin, cavabdeh tərəfindən iddiaçının bir vəkil kimi bu hüququ təmin olunmamış, əgər həmin vəkil sorğusunda sorğulanan məlumat məhkəmə vasitəsi ilə əldə edilməsinin mümkünlüyünü özündə ehtiva edirdisə, cavabdeh həmin məlumatın vəkil sorğusu əsasında verilməsini istisna edən və qanunvericilikdə bilavasitə nəzərdə tutulan əsasları cavab məktubunda göstərməklə azı bu şəkildə iddiaçının sorğusunu cavablandırmalı idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 242 nömrəli, 12.04.2021-ci il tarixli sorğusuna cavab verilməməsi ilə əlaqədar edilən hərəkətlər (hərəkətsizlik) qanunsuz hesab edilsin və həmin sorğuda göstərilən sənədlərin təqdim olunması öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar