Məhkəmə qərarları › İş №2-1(112)-8184/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8184/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8184/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmə icraatına üçüncü şəxs qismində X5 cəlb edilməklə “X4 məxsus olan, Xəzər rayonu, Zirə qəsəbəsi, X1 ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq X4 məxsus olan, Xəzər rayonu, Zirə qəsəbəsi, X1 ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X1 ünvanında yerləşən yaşayış evində yaşayır. Həmin ünvanda yerləşən yaşayış evi anası X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçsə də, bir çox tikililər iddiaçının şəxsi vəsaiti hesabına tikilərək istifadə olunmuşdur. Hazırda texniki pasportda göstərilən tikililərə faktiki istifadə olunan tikililər arasında müqayisə etdikdə belə bu halları görmək mümkündür. Qeyd edilən dəyişiylikləri və faktiki olaraq ailəsi ilə birlikdə yaşadığı evin üzərində mülkiyyət hüququnun tanınmasını və anası X3 adına olan çıxarışın qanunsuz olduğunu nəzərə alaraq ləğv edilməsini cavabdehdən xahiş etsə də, ərizə cavabsız qalmışdır. Hesab edir ki, ərizəyə cavabdeh qurum tərəfindən baxılmaması və ya əsassız olaraq baxılmasının gecikdirilməsi, imtinası əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh göstərmişdir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ünvanında yerləşən, ümumi sahəsi 74.2 kv.m olan fərdi yaşayış evi Zirə Südçülük-Tərəvəzçilik sovxozunun 41 nömrəli, xx.xx.1997-ci il tarixli əmri əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda onun xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin texniki pasportuna əsasən 4 tikili mövcuddur: “A” tikilisi - yaşayış evi, “B", "Q" və “D” tikililəri - tövlə. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin fiziki sərhədləri mövcud deyil, texniki pasportda torpaq sahəsinin yerləşməsini təyin edən istinad məsafələri olmadığından torpaq sahəsinin sərhədlərini təyin etmək mümkün olmamışdır. Həmçinin, "D” və “Q” tikililəri və “B" tikilisinin bir hissəsi sökülmüşdür. "A" yaşayış tikilisinin perimetrik ölçüləri və sahəsi fərqlidir. Bu səbəbdən evin sökülüb yenidən tikilməsini təyin etmək mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X5 xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı onun oğludur. Son vaxtlar İddiaçı evdə dava salmış, nəticədə onun həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı ilə birgə yaşayış qeyri-mümkün olmuşdur. Ona görə də evdən çıxıb qızının evində yaşayır. Belə olan vəziyyətdə İddiaçı qarşı kompensasiya ödəməklə evə istifadə hüqüquna xitam verilməsi tələbi ilə iddia irəli sürmək hüqüqundan istifadə etmişdir. Xəzər rayon Məhkəməsində iddia qaldıraraq İddiaçı tərəfdən 20000 (iyirmi min) manat məbləğində pul kompensasiyası ödənilməklə onun ailə üzvləri ilə birlikdə Baki şəhəri, Zirə qəsəbəsi, X1 ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Mübahisələndirilən evi iddiaçı həyat yoldaşı ilə birlikdə hələ İddiaçı yetkinlik yaşına çatmadığı dövrdə inşa etmiş, həmin evə dair mülkiyyət hüquqları reyestr xidmətində qeydiyyatdan keçmiş və adına qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan həmin evə əlavə tikililər inşa etmişdir. Bütün bu işləri əri ilə birlikdə görmüş, həmişə təsərrüfat ilə məşğul olmuş və gəlir əldə etmişdir. Əgər İddiaçı hesab edirsə ki, həmin evə əlavə tikililləri o inşa edib, o zaman bunu sübut etsin və çəkdiyi xərcləri tələb etsin. Hesab edir ki, Xəzər rayonu, Zirə qəsəbəsi, X1 ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. İddiaçı məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Cavabdehin nümayəndəsi məhkəmədə iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: 6340 reyestr nömrəli 09 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ünvanında yerləşən, 2 yaşayış otaqlı, ümumi sahəsi 47.6 kv.m, köməkçi sahəsi 26.6 kv.m olan fərdi yaşayış evi XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. AZ-İİ 037182 mömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.(152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin əsaslar kimi aşağıda göstərilənlər qeyd edilmişdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisəli evin üzərində hüquqların əldə edilməsini təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində göstərilən hər hansı sənədi cavabdehə və məhkəməyə təqdim etməmiş, həmin sənədlərin mövcud olması barədə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, üçüncü şəxs X3 mülkiyyəti kimi qeydiyyata alınmış fərdi yaşayış evində iddiaçı, üçüncü şəxs və vəfat etmiş X6 birlikdə yaşamışdır. Belə ki, XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı əsasında üçüncü şəxsin adına Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, reyestr kitabında 6340 nömrə ilə qeyd olunmuşdur. Yəni mübahisəli fərdi yaşayış evi qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla, qanunamüvafiq olaraq üçüncü şəxsin adına dövlət qeydiyyatından keçmişdir, hazırda da onun xüsusi mülkiyyətindədir. İddiaçı həmin qeydiyyat vəsiqəsinin ləğv edilməsini istəsə də, onun tərəfindən sənədin həqiqiliyini şübhə altına ala biləcək hər hansı hal göstərilməmişdir. Beləliklə, inzibati məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, üçüncü şəxs X3 adına olan çıxarışın qanunsuz olduğunu qeyd edərək ləğv edilməsini cavabdehdən xahiş etmiş iddiaçı buna əsas ola bilən hüquqi sənədləri təqdim etməmişdir. Belə bir sənəd mövcud olmadığından, cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 məxsus olan, Xəzər rayonu, Zirə qəsəbəsi, X1 ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X4 məxsus olan, Xəzər rayonu, Zirə qəsəbəsi, X1 ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar