Məhkəmə qərarları › İş №2-1(112)-8186/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8186/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8186/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 268,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 4988,23 manat, İşsizlikdən Sığorta Fonduna 69,45 manat və düvlət büdcəsinə 236,59 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 7000 manat məbləğində 2011-ci il buraxılış olan “VAZ -21074” markalı (rəngi albalı metal) 90MP527 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 7000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə yaranan İcbari Tibbi Sığorta Fonduna 268,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 4988,23 manat, İşsizlikdən Sığorta Fonduna 69,45 manat və dövlət büdcəsinə 366,59 manat borcuna görə fərqləndirici əlaməti qiyməti 7000 manat məbləğində 2011-ci il buraxılış olan “VAZ -21074” markalı (rəngi albalı metal) 90MP527 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 7000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 18/01 /2023-cü il tarixli **********7, **********9, **********6 və **********9 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc İTSF-na, DSMF-na ,İSF-na və dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafıq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarltq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 268,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 4988,23 manat, İşsizlikdən Sığorta Fonduna 69,45 manat və düvlət büdcəsinə 236,59 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclası barədə rəsmi qayada xəbardar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini tam müdafiə etdiyini, iş yükünün çox olmasını nəzərə alaraq, məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında siyahıya alınan nəqliyyat vasitəsinin onun mülkiyyətində olmadığını bildirmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət edərək, cavabdeh xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 268,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 4988,23 manat, İşsizlikdən Sığorta Fonduna 69,45 manat və düvlət büdcəsinə 236,59 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 7000 manat məbləğində 2011-ci il buraxılış olan “VAZ -21074” markalı (rəngi albalı metal) 90MP527 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 7000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, “Əmlakın siyahıya alınması haqqında” Qərarlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarından görünür ki, cavabdehin əmlakı “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokollar əsasında siyahıya alınmışdır. Protokola əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin siyahıya alınmış əmlakı “VAZ -21074” markalı 90MP527 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi vasitəsindən ibarət olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə DİN Baş X6 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən Cavabdeh mülkiyyətində olmuş "VAZ 21074" markalı **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlara əsasən "VAZ 21074" markalı **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına, xx.xx.2013-cü il tarixdə X1, xx.xx.2020-ci il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən əmlak xx.xx.2023-cü il tarixdə siyahıya alınsa da siyahıya alınmış həmin əmlak xx.xx.2013-cü il tarixdə X1 adına rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli Əmlakın siyahıya alınması haqqında Qərarlar qəbul edildiyi vaxt, yəni əmlak siyahıya alınarkən siyahıya alınmış əmlak artıq xx.xx.2013-cü il tarixdə başqa şəxsin adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən əmlakın siyahıya alınması barədə qərar qəbul edilən zaman siyahıya alınmış əmlakın, istər siyahıya alınan zaman, istərsə də, məhkəmədə iddia qaldırılan zaman cavabdehin mülkiyyətində olmadığı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı inzibati orqan tərəfindən hər hansı əmlakın siyahıya alınmasından söhbət gedə bilməz. Belə ki, qeyd edildiyi kimi iddiaçı tərəfindən cavabdehə məxsus hesab edilən, lakin digər şəxsin mülkiyyətində olan avtonəqliyyat vasitəsinin siyahıya alınması həyata keçirilmişdir. Beləliklə də, yuxarıda qeydilənlər nəzərə alındıqda məhkəmə göstərilən halı inzibati orqanın əmlakı siyahıya almadan məhkəmədə iddia qaldırılması kimi qiymətəndirir. Belə olan halda da real olaraq inzibati mübahisədən də söhbət gedə bilməz. Göründüyü kimi tərəflər arasında əvvəlcədən inzibati mübahisə mövcud olmamış və buna baxmayaraq iddiaçı heç bir araşdırma aparmadan məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar