Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8187/2022 05.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək onun iş stajını təsdiq edən arayışlarda göstərilən dövrləri (xx.xx.1973-cü ildən xx.xx.2002-ci il tarixə qədər) sosial sığorta stajına daxil edərək ona pensiya hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixdən, yəni 65 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, orduda xidmət illərini müəssisəsinin arayışı ilə təsdiq olunan dövr ilə birgə nəzərə alındıqda iddiaçının 25 ildən çox ümumi iş stajının mövcud olması təsdiq olunur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun əmək kitabçası, hərbi bilet ilə birgə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır. İddiaçının mübahisəli sosial sığorta stajı 25 il 07 ay 12 gündür: arxiv arayışına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “6 №-li Taksimotor parkı”nda, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “ 4 №-li Avtobus parkı”nda, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “2706 saylı Avtomobil dəstəsi”ndə, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək “X3” ASC-də, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Socarda, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azəriqazda işlədiyi və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovert Ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu dövrlər. Əmək kitabçası və hərbi bileti olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etdi. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə və yazılı etirazından məlum olur ki, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür: ;
1. İddiaçının iddia etdiyi dövrlər üzrə işlədiyini təsdiq edən əmək kitabçasının olmaması;
2. Fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Cavabdehin imtinanın əsası kimi göstərdiyi ümumi iş staj ilə bağlı şərtin ödənilibödənilməməsinə qiymət verilməsi üçün məhkəmə ilkin olaraq iddiaçının Sover Ordusunda xidmət etdiyi illərə münasibət bildirir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdən keçmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının həqiqi hərbi xidmətdə olmasını təsdiq edən hərbi biletin olmaması, dəmin xidmət illərin ümumi sığorta stajına daxil edilməsini istisna edə hal kimi qiymətləndirilməməlidir. Belə ki, şəxsin həqiqi hərbi xidmətdə olmasını təsdiq edən arayış mövcuddur ki, bu arayışda əks olunan məlumatların şübhə doğurması ağlabatan deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun tabeliyində olan ərazi İdarələri yerli icra hakimiyyəti orqanları ilə birlikdə vətəndaşların ilkin hərbi qeydiyyata alınması, həqiqi hərbi xidmətə çağırılması, bağlaşma əsasında daxil olması və toplanışlara çağırılması zamanı tibbi müayinəsini və şəhadətləndirilməsini təmin etmək vəzifələrini daşıyırlar. Ümumməlum olan arqumentdir ki, bu İdarə vətəndaşların sovet hakimiyyət illərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmalarını təsdiq edən məlumat bazalarına malikdirlər ki, bu da həmin məlumatların hər hansı yolla şübhə altına alınmasını istisna edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, eləcə də dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan, onun tərəfindən verilmiş arayışın şübhə altına alınması üçün hər hansı bir əsas olmamışdır. Odur ki, iddiaçının 02 il 05 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının əmək kitabçasında əks olunmayan, lakin arxiv arayışları ilə təsdiq olunan dövlərə münasibətdə məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan, həmçinin hazırda olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının müəssisələrin arayışları ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə iddiaçının arxiv arayışları ilə təsdiq olunan dövrlərə münasibətdə diqqətə çatdırır ki, iddiaçı: Socar “Neftqaztikinti” trestinin arayışına əsasən: xx.xx.1973-cü il tarixdən “Azərdənizneftinşaat” trestinin Nəqliyyat Kontorunda yardımçı fəhlə; xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək tornaçı şagirdi; xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək tornaçı, xx.xx.1974-cü il tarixdə isə öz təşəbbüsü ilə işdən azad edilmiş; (01 il 06 ay 14 gün) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına əsasən: xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 6 №-li Taksimotor parkında sürücü; (02 il 04 ay 29 gün) “Azəriqaz” İstehsalat Birliyinin arayışına əsasən: xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Qaz İstismar İdarəsini Nəqliyyat Xidmətində sürücü; (05 ay 15 gün) Bakı Nəqliyyat Agentliyi "xxxx" MMC-nin arayışına əsasən: xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək 4 №-li Avtobus parkında “D” kateqoriyalı avtobus sürücüsü; (03 il 07 ay 14 gün) xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 2706 saylı Avtomobil dəstəsində “D” kateqoriyalı avtobüs sürücü; (05 il 07 ay 26 gün) “X3” MMC-nin arayışına əsasən: xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək sürücü; (03 ay 07 gün) xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək sürücü; (02 il 05 ay 24 gün) X6 Kəmərləri İdarəsinin arayışına əsasən: xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək X5 X1 Texnoloji Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 4 saylı a/dəstəsində 5-ci ixtisas dərəcəsilə 1-ci dərəcəli sürücü; (05 il) xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Magistral Neft X1 Dübəndi Neftboşaltma bazasının Nəqliyyat sahəsində 5-ci ixtisas dərəcəsilə 1-ci dərəcəli sürücü; (01 il 04 ay 18 gün) Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı (25 il 07 ay 22 gün) mövcuddur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir Bundan başqa Məhkəmə diqqətə çatdırmaq istəyir ki, müxtəlif müəssisələr tərəfindən təqdim olunmuş arxiv arayışların mötəbərliyini şübhə altına almaq üçün cavabdeh inzibati orqan tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə işəgötürənin arayışın mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akt tərtib edilməlidir (bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.1-ci bəndinin 1-ci hissəsinə). Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən işəgötürənlər tərəfindən verilmiş arayışlara münasibətdə şübhə doğuran məqam meydana gəlmədiyindən və bu müvafiq akt ilə rəsmiləşdirilmədiyindən, iddiaçının həmin dövrlərdə işləməsi ilə bağlı yenidən həmin müəssisələrə müraciət etməsinə zərurət olmamışdır. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 2 əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 27 sentyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov