Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8187/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X3, X12, X1, X4, X8 və X9) “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq qanuni sahibi və qeydiyyatda olduğu orderə əsasən mənzilinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, 38 saylı mənzilin İddiaçı adına dövlət qeydiyyatına alınması və həmin mənzilə dair mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırırılmışdır ki, xx.xx.1993-cü il N-008187 orderə əsasən iddiaçıya məxsus və qeydiyyatda olduğu Qaraçuxur qəs. (Kirov) M.Fətəliyev küç., ev 15, 38 saylı mənzilə əsasən çıxarışın verilməsi üçün xx.xx.2023-cü il tarixli ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsi mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilmişdir. Bakı şəhəri, Səbail Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 3055 saylı qərarına əsasən Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi (Kirov) M. Fətəliyev küçəsi ev 15, 38-ci mənzilini almışdır. xx.xx.2023-cü il tarixində ərizə ilə 4 saylı “Asan Xidmət” Mərkəzinə orderə əsasən qeydiyyatda olduğu mənzilə çıxarışın verilməsi üçün müraciət etmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsi 3-21-3-30/2-2946 (**********46) N-li xx.xx.2024-cü il tarixli məktubla iddiaçının hüquqlarını pozaraq ərizənin icrasından imtina edilməsini bildirmişdir, baxmayaraq ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilmişdir (şərait yaradılmışdır). Qanuni sahibi (və qeydiyyatda) olduğu mənzildə müvəqqəti olaraq istər məcburi köçkünün, istər qeyrisinin məskunlaşması (müvəqqəti) ona həmin mənzil üçün çıxarışın verilməməsinə səbəb ola bilməməlidir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı müəyyən edilmişdir. Mənzil 9 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşməklə faktiki ölçüsü 69.34 kv.m təşkil edir. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.”
6. Səbail Rayon İcra Hakimiyyətinin 3055 saylı xx.xx.1993-cü il tarixli sərəncamına əsasən İ.İddiaçı 4 nəfər ailə üzvü ilə ünvan 1 ünvanında yerləşən 3 otaqlı 46,74 kv.m sahəli mənzilə dair order verilmişdir.
7. 008187 nömrəli xx.xx.1993-cü il tarixli orderə əsasən Qaraçuxur qəsəbəsi, Kirov küçəsi, ev 15, mənzil 38 ünvanında yerləşən sahəsi 46,74 kv.m olan 3 otaqlı mənzil İddiaçı yaşamaq üçün 4 nəfər ailə tərkibi (özü İddiaçıM, arvadı Səfərova N.R, oğlu Səfərov F.A, Səfərov Ə.A) ilə birlikdə verilmişdir.
8. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü) ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 2 ünvanında vətəndaşlar X11, X5, X12, X2, X6, X8 və X9 faktiki olaraq məskunlaşmışlar.
10. Məhkəmənin sorğusuna əsasən Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxlər barədə məlumat aşkar edilməmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s nömrəli Sərəncamı ilə SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, eləcə də məktubda qeyd olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15 ünvanında yerləşən 38 nömrəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, 38 nömrəli mənzil Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamnetinin 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balasındadır.
13. İddiaçının ailə üzvü – oğlu X15 və X10 notariat qaydasında təsdiq olunmuş ərizələrinə əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, (Kirov) M.Fətəliyev küçəsi, ev 15, 38 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
14. AZ-İ 708308 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən Səfərova Nailə Rəhman qızı Sumqayıt şəhərində xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
21. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş qüvvədə olan order mövcuddur. Həmin order iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədi ilə Səbail Rayon İcra Hakimiyyətinin 3055 saylı xx.xx.1993-cü il tarixli sərəncamına əsasən xx.xx.1993-cü il tarixdə verilmişdir. İddiaçı uzun illərdir (1993-cü ildən) qeyd edilən mənzildə qeydiyyatda olmaqla ona sahiblik edir. Mənzillə bağlı hər hansı mübahisə yoxdur. Orderdə mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur.
22. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.
23. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.
24. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində texniki baxış keçirilən zaman mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığını, mənzilin faktiki ölçüsünün 69.34 kv.m təşkil etdiyini göstərmişdir.
25. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
30. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir.
31. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən mənzildə qeydiyyatdadır, ona mənzil Səbail Rayon İcra Hakimiyyətinin 3055 saylı xx.xx.1993-cü il tarixli sərəncamına əsasən tərtib olunan 008187 nömrəli xx.xx.1993-cü il tarixli order əsasında 4 nəfər ailə tərkibi ilə birlikdə yaşamaq üçün verilmişdir. Göründüyü kimi iddiaçının adına rəsmiləşdirilmiş qüvvədə olan order mövcuddur. Beləliklə, mənzilə dair hüquq münasibətləri 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Bundan əlavə, iddiaçının ailə üzvlərinin də mənzilə mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınmasına razılıq ərizələri də təqdim edilmişdir.
32. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin məlumatına əsasən ünvan 2 ünvanında X11, X5, X12, X2, X6, X8 və X9 faktiki olaraq məskunlaşmışlar.
33. Məhkəmə mənzildə yuxarıda adı çəkilən məcburi köçkün ailəsinin məskunlaşması ilə bağlı qeyd edir ki, həmin hal iddiaçının mənzilə dair mülkiyyət hüququnun tanınmasından imtina üçün əsas ola bilməz. Belə ki, sözügedən şəxslər hazırda müvəqqəti olaraq ünvan 2 ünvanında yaşasalar da, iddiaçı uzun müddət (1993-cü ildən) ailəsi ilə birlikdə həmin mənzildən istifadə və sahiblik etmişdir. İş materialları ilə də müəyyən olunur ki, hazırda həmin ünvanda qeydiyyatda iddiaçıdan başqa şəxslər yoxdur. Göründüyü kimi, cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün müəyyən olunmuş əsaslardan heç birinə əsaslanmadan formal mülahizələrə istinad etməklə müraciətin təmin edilməsindən imtina etmişdir.
34. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
35. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
36. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, 38 saylı mənzilin İddiaçı adına dövlət qeydiyyatına alınması və həmin mənzilə dair mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva