Məhkəmə qərarları › İş №2-1(112)-8188/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8188/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8188/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “təqaüdün ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMNnin tabeliyində DSMF-nun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı onun barəsində qəbul etdiyi qərarda həqiqi hərbi xidməti nəzərə alınmadığını və yenidən işə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “əsas iş yeri üzrə elmi müəssisədə azı 25 il çalışmış elmi dərəcəsi olan (elmlər doktoru) işləməyən əmək pensiyaçısı kimi hüququn yarandığı vaxtdan (əmək pensiyasının təyin edildiyi vaxtdan) ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən edilmişdir. İddiaçı əmək pensiyası alır və 2000-ci ildən fizika-riyaziyyat elmləri doktoru, professorudur. Ona Prezident təqaüdünün təyin edilməsi üçün cari ilin yanvar ayında Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Yuxarıda qeyd edilən qurumdan daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-H- 15031/2025 nömrəli məktubda qeyd edilmişdir ki, onun ümumi sığorta stajı 24 il 2ay 7 gün, yəni Fərmanla tələb olunan 25-il sığorta stajından az olduğu üçün ona sözü gedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, səlahiyyətli orqanın barəsində qəbul etdiyi qərar qanuna uyğun deyil və ləğv edilməlidir. Əmək kitabçasından da göründüyü kimi 04 fevral 1981-ci ildən 11.01 2007-ci il tarixədək Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. Görünən odur ki, səlahiyyətli orqan ərizəsinə baxarkən iddiaçının həqiqi hərbi xidmətdə olmağını nəzərə almamışdır. Bu səbəbdən də iş stajı 24 il 2 ay 7-gün hesablanmışdır. Onun 1 il 6 ay həqiqi hərbi xidmətdə olmağı iş stajı sayılır və 25 il 8 ay 7 gün hesablanmalıdır.

4. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli prezident təqaüdünün təyin edilməsinin mümkün olmaması haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 ii çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ oları şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən edilmişdir. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsii müəssisələrində ümumi sığorta stajı (24 il 2 ay 7 gün) Fərmanla tələb olunan 25 ıl sığorta stajından az olduğu üçün sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı Ə.X2 müraciət edərək ona Elmlər doktoru kimi Prezident təqaüdünün təyin edilməsini xahiş etmişdir. Lakin onun elmi müəssisə və təşkilarda və ya təhsil müəssisələrində ümumi iş stajı 25 ildən az olduğundan müraciəti müsbət həli etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixdən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixdən Prezident təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manata çatdırılmışdır. Azərbaycan Respublikası “Elm haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən dövlət ali elmi təşkilat, elmi tədqiqat institutu, ali təhsil müəssisəsinin elmi qurumları, elmi mərkəzlər, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr, elmi işçilərin ictimai qurumları elmi müəssisə və təşkilatlara aiddir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı (24 il 2 ay 7 gün) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımından mümkün hesab edilməmişdir İddia ərizəsində İddiaçı 1 il 6 ay hərbi xidmətdə olduğu dövrlə birlikdə tələb olunan 25 il sığorta stajının tamamlandığını, yəni 25 il 8 ay 7 gün sığorta stajının olduğunu bildirmişdir. Belə ki, sözügedən təqaüd əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə təyin edilir. Bildirilmişdir ki, hazırki iş üzrə iddiaçı elmi sahədə 24 il 2 ay 7 gün çalışmışdır. İddiaçı bununla razılaşaraq iddia ərizəsində 1 il 6 ay hərbi xidmət dövrü daxil edilərsə 25 il 8 ay 7 gün sığorta stajının tamam olduğunu qeyd etmişdir. Nəzərə alaq ki, “Elm haqqında” Qanunun 10.4-cü maddəsində elmi müəssisə və təşkilatların dairəsi müəyyən olunmuş və adıçəkilən maddədə hərbi xidmətin elmi' sahəyə aid olması barədə hər-hansı bir müddəa göstərilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı Elmlər doktoru kimi Prezident təqaüdünün təyin edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.

6. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, 1981-ci il tarixində Elmlər Akademiyasında işə qəbul edilmiş və 2 ay sonra həqiqi hərbi xidmətə çağrılmışdır. 2021-ci il noyabrın 20-də yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

10. xx.xx.2020-ci il tarixli 1229 nömrəli “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir;

11. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə iddiaçının elmi müəssisə və təşkilatlarda, eləcə də təhsil müəssisələrində ən azı 25 il sığorta stajının olmaması ilə bağlıdır. Cavabdeh orqan İddiaçı həqiqi hərbi xidmət keçdiyi müddəti elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajına daxil etmir və 25 il sığorta stajı tamamlanmadığını bildirmişdir. Qüvvədən düşmüş Azərbaycan SSR Əmək Qanunları Məcəlləsindən ( "Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin qüvvəyə minməsi qaydası haqqında" 1972-ci il 19 iyun tarixli 267-Vİİİ nömrəli Azərbaycan SSR X5 Heyətinin Fərmanı): Maddə 116. Dövlət vəzifələrini və ictimai vəzifələri yerinə yetirdikləri vaxt fəhlə və qulluqçular üçün təminatlar: Dövlət vəzifələrini və ictimai vəzifələri yerinə yetirdikləri vaxt, əgər SSR İttifaqının və Azərbaycan SSR-in qüvvədə olan qanunvericiliyinə əsasən bu vəzifələr iş vaxtı yerinə yetirilə bilərsə, fəhlə və qulluqçular üçün iş yerinin (vəzifənin) və orta əmək haqqının saxlanmasına təminat verilir. Ümumi əsgəri vəzifə haqqında SSR İttifaqı Qanununda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə cəlb edilən fəhlə və qulluqçulara həmin Qanuna uyğun olaraq təminatlar və güzəştlər verilir.

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 50. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların maliyyə və maddi təminatı 50.2. Vətəndaşlar ilkin hərbi qeydiyyata alınmaq və həqiqi hərbi xidmətə çağırılmaqla əlaqədar vəzifələrini yerinə yetirmək üçün lazım olan vaxtda daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən (təhsildən) azad edilirlər. 14.Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1981-ci il tarixində Azərbaycan SSR Elmlər Akademiyasına işə qəbul olunmuş və məhz işə qəbul olunduqdan sonra xx.xx.1981-ci il tarixində həqiqi hərbi xidmətə çağırılmışdır. İstər həmin dövrdə mövcud olan qanunvericiliyə, istərsə də hazırda mövcud olan tənzimləməyə əsasən işçi müddətli həqiqi hərbi xidmət keçdiyi dövr ərzində müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Bu hüquq eyni zamanda elmi və təhsil müəssisələrində çalışan işçilərə də şamil olunur, qanunvericilikdə buna dair hər hansı istisna olunmamışdır. Bununla əlaqədar olaraq iddiaçı həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl elmi müəssisədə işlədiyi üçün müddətli həqiqi hərbi xidmətdə olduğu dövr, elmi müəssisə və təşkilatlarda işlədiyi dövr kimi hesab edilməli və bu dövr qeyd edilən iş stajına daxil olmalıdır.

15. Məhkəmə həttar qeyd edir ki, dövlət qulluqçularının qulluq stajı hesablanarkən müddətli həqiqi hərbi xidmətdə olduqları müddət nəzərə alınır.

16. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydası:

7. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət.

17. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

18. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

19. Nəticə etibarilə iddiaçının Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. Məhkəmə iddia tələbinin təmin edilməli olduğu və ona əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisədə azı 25 il çalışmış, elmlər doktoru elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxs kimi hüququ yarandığı vaxtdan etibarən (əmək pensiyası təyin edildiyi vaxt) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün (13 yanvar 2023-cü il tarixli 1969 nömrəli fərmanla elmlər doktoru elmi dərəcəsinə görə məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilmişdir) ödənilməli olduğu qənaətindədir.

22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı əsas iş yeri üzrə elmi müəssisədə azı 25 il çalışmış elmlər doktoru elmi dərəcəsi olan işləməyən əmək pensiyaçısı kimi hüququn yarandığı vaxtdan (əmək pensiyasının təyin edildiyi vaxtdan) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar