Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8189/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “orderin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabehin xx.xx.1995-ci il tarixli, 027082 nömrəli orderinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkün kimi faktiki olaraq həmin binaya order (027082 xx.xx.1995-ci il tarixli Bakı şəhəri, Cavabdeh) olsa da, 1992-ci ildən onlar oraya köçərkən, öz pul vəsaitləri doqquz mərtəbəli yarımçıq binanı inşa edərək köçüb və külli miqdarda pul vəsaiti xərcləyərək, orada yaşayırlar. Ən vacib məqamdan odur ki, xx.xx.1995-ci il tarixdə 3 (üç) ildən çox müddətdə yaşayaraq, Bakı şəhəri Cavabdeh qanunsuz olaraq, vətəndaş X2 adına order verməklə nəzərə alınmamışdır ki, həmin (ünvan 1) əmlak onlara məxsusdur və ailəliklə orada yaşayaraq indiyə qədər heç bir orqan və şəxs tərəfindən mənzilə qarşı iddia irəli sürülməmişdir. İkinci Qarabağ müharibəsi qutardıqdan sonra, maraqlı şəxs hansısa bir yolla onları məhkəməyə verərək, 30 (otuz) ildən artıq yaşadıqları mənzildən qanunsuz olaraq çıxarmağa çalışır. Bu da ona dəlalət edir ki, Bakı şəhəri, Cavabdeh tərəfindən verilmiş orderi qanunsuzdur və ləğv olunması labüddür. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia tələninin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənizə dair üçüncü şəxsə verilmiş orderi mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı həmin orderi deyil, orderin verilməsinə əsas olmuş xx.xx.1995-ci il tarixli, 1229 № li Sərəncamı mübahisələndirə bilərdi. Digər tərəfdən həmin Sərəncam mübahisələndirilsə belə, iddiaçı həm həmin orderi (eyni zamanda Sərəncamı) mübahisələndirmək üçün prosessual müddəti ötürmüşdür, həmçinin iddiaçının həmin orderi mübahisələndirmək üçün subyektiv hüququ da yoxdur. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı məcburi köçkündür və 1992-ci il tarixdən sözügedən mənzildə müvəqqəti məskunlaşmışdır. İddiaçı iddia ərizəsində həmin mənzilin onlara məxsus olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. “44 günlük Vətən Müharibəsi”ndən sonra erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqlarmız işğaldan azad edilmiş və “Böyük Qayıdış” planlına uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına mərhələli şəkildə qayıtmaqdadır. İddiaçının 30 ildən artıq üçüncü şəxsə ayrılan mənzildə müvəqqəti məskunlaşması, ona iddiaçıya məxsus hüquqmüəyyənedici sənədi mübahisələndirmək üçün hər hansı bir subyektiv hüquq vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən ordderin verildiyi (sərəncamın qəbul edildiyi) vaxt qüvvədə olmuş, yəni 1964-cü ilin sentyabrn 11-də qəbul olunmuş və 2000-ci ilin sentybar 1-dən qüvvdən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin iddia müddətlərini tənzimləyən 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) 3 il, hüquqi şəxslərin bir-birinə qarşı olan iddiaları üzrə iddia müddəti isə 1 il müəyyən edilir. İddia müddəti tərəfin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 77). İddia müddətinin axımı iddia hüququ əmələ gəldiyi gündən əmələ gəlir (Maddə 78). Mübahisələndirilən Sərəncamın qəbul edildiyi vaxt qüvvədə olmuş, yəni 1964-cü il tarixdə qəbul olunmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 243-5-ci maddəsinə görə, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı order 1995-ci ildə verilmişdir. Həmin Sərəncamın qəbul edilməsindən 30 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-8189/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8189/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver