Məhkəmə qərarları › İş №2-1(112)-8190/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8190/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8190/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhkəmə qərarının düzgün icra olunaraq ilkin texniki pasport üzrə kootdinatlara uyğun tərtib edilməsi” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-2622/2002 saylı, xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş edilməsi nəticəsində DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına ünvan 1 ünvanı üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadının tələblərinə uyğun olmayan şəkildə verilmiş xx.xx.2017-ci il tarixli texniki pasport üzrə müvafiq torpaq sahəsinin koordinatlarının ləğv edilməsi və texniki pasportun müvafiq qərardad üzrə icra vərəqəsinin tələblərinə uyğun şəkildə - xx.xx.1992-ci il tarixli ilkin texniki pasport üzrə koordinatlara uyğun tərtib edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ünvan 3 ünvanında yerləşən 140 kv.metr ölçüdə torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün notarial qaydada təsdiq edilmiş ərizə və etibarnamə əsasında İddiaçı2 22 min manata satın almışdır. Sözügedən torpaq sahəsinin ümumi ölçüsü 0.24548 ha olmaqla Əhmədli Bələdiyyəsinin mülkiyyətə aiddir. Əhmədli Bələdiyyəsinin 17 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından da müəyyən edildiyi kimi, həmin torpaq sahəsinin bir hissəsi (140 kv.metr ölçüdə hissəsi) hal- hazırda İddiaçı1 istifadəsindədir. Qeyd edilməlidir ki, İddiaçı2 torpaq sahəsini satarkən qeyd olunan ünvandakı torpağın ona məxsus olduğunu sübut etmək üçün öz adına 1992-ci ildə tərtib edildiyi göstərilən texniki pasportu təqdim edib. İddiaçı2 aid olduğu göstərilən texniki pasport isə əslində onun keçmiş həyat yoldaşı X2 məxsus 1992-ci ilə aid texniki pasportun əvəzinə, ona istinadən hazırlanmışdır. Ancaq İddiaçı2 adına tərtib edilən texniki pasportda torpaq sahəsinin hüdudları süni şəkildə genişləndirilmiş, başqa sözlə, torpaq sahəsinin həcmi artırılmışdır. Nəticədə İddiaçı2 tərəfindən sonradan İddiaçı1 satılmış 140 kv.metr ölçüdə torpaq sahəsi də qanunsuz olaraq həmin texniki pasporta əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-2622/2002 saylı, xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş edilərək tərəflərin (Qasımova (Atakişiyeva) Lətifə İnqilab qızı və X1) ilkin vəziyyətinin bərpa edilməsi, X3 adına ünvan 1 ünvanında yerləşən ev üzrə verilmiş texniki pasportun ləğv edilməsi, həmin ünvan üzrə X1 adına verilmiş texniki pasportun bərpa edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərkən qanunamüvafıq şəkildə X1 adına verilmiş xx.xx.1992-ci il tarixli texniki pasport üzrə torpaq sahəsinin koordinatlarına uyğun olmayan, aidiyyətsiz koordinatlar üzrə xx.xx.2017-ci il tarixli yanlış texniki pasport tərtib edilmişdir. Belə ki, orqan tərəfindən tərtib edilmiş, xx.xx.2017-ci il tarixdə X1 adma ünvan 1 ünvanı üzrə verilmiş və ilkin (xx.xx.1992ci il tarixli) texniki pasportla torpaq sahəsinin planı və koordinatları baxımından eyni olmalı olan yeni texniki pasport, ilkin texniki pasportda (xx.xx.1992-ci il tarixli) göstərilən torpaq sahəsinə nisbətən fərqli tərtib olunmuşdur. Göründüyü kimi, DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sözügedən qərardadını icra edərkən İddiaçı2 adına verilmiş və məhkəmə tərəfindən yenidən tərtib olunması üzrə qərar qəbul edilmiş texniki pasporta digər bitişik qonşu torpaq sahələrinin də daxil edildiyinə əhəmiyyət verməmiş, İddiaçı2 adına verilmiş texniki pasportdakı torpağa aid texniki göstəriciləri (torpaq sahəsinin hüdudlarını) olduğu kimi, məhkəmənin qərardadında göstərildiyi şəkildə əvvəlki vəziyyətinə qaytarmadan tərtib etmişdir. Nəticədə İddiaçı2 İddiaçı1 satdığı 140 kv.metr torpaq sahəsi də həmin texniki pasporta, yenə də, daxil edilmişdir. Bu isə İddiaçı1 və İddiaçı2 qanunla qorunan mənafelərinə zidd olmaqla mülkiyyət hüququ gözləntilərini pozur. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə iş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2622/2022 saylı, 30 sentyabr 2002-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı X3 Bakı şəhəri, Elşən İsmayılov (1-ci qəsəbə) küçəsindəki 1 saylı evə və həmin evin ətrafında olan torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və X3 adına texniki pasportun verilməsi vəzifəsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyatı İdarəsinin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə iddiaçı X3 şikayətinin qismən təmin edilməsi, Xətai Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli, 2(011)- 10197/2015 nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 2622/2022 saylı, 30 sentyabr 2002-ci il tarixli qiyabi qətnaməsinin icrasına dönüş edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, X3 adına Bakı şəhəri, Xətai rayonu, Elşən İsmayılov küçəsindəki ünvan üzrə verilmiş texniki pasportun ləğv edilməsi, həmin ünvan üzrə X1 adına verilmiş texniki pasportun bərpa edilməsi, qərardadın icrasının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıların hazırki tələbi Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-2622/2002 saylı, xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş edilməsi nəticəsində DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına ünvan 1 ünvanı üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadının tələblərinə uyğun olmayan şəkildə verilmiş xx.xx.2017-ci il tarixli texniki pasport üzrə müvafiq torpaq sahəsinin koordinatlarının ləğv edilməsi və texniki pasportun müvafiq qərardad üzrə icra vərəqəsinin tələblərinə uyğun şəkildə - xx.xx.1992-ci il tarixli ilkin texniki pasport üzrə koordinatlara uyğun tərtib edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlıdır. Göründüyü kimi iddiaçının nail olmaq istədiyi nəticə məhz Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadının tələblərinə uyğun olaraq yeni texniki pasportun tərtib edilməsidir. Bu isə faktiki olaraq adıçəkilən məhkəmə aktının icrası ilə əlaqədar tənzimlənməli olan məsələdir ki, hazırki icraat çərçivəsində bu iddiaya baxılması prosessual qənaət prinsipi baxımından mümkün deyil. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. AR MPM-nin: 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd olunmuşdur ki, “Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.” Yuxarıda göstərilən qanunvericiliyin müddəalarının təməl prinsipi odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Həmçinin normaların mənası ona da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Məhkəmə hesab edir ki, iddiaçıların hazırki tələb ilə nail olmaq istədikləri hüquq məhz mülki məhkəmə icraatı çərçivəsində baxılan və qanuni qüvvəsini almış, tərəflər üçün məcburi xarakter daşıyan mülki məhkəmə aktının icra mərhələsində həll olunmalı məsələ olduğundan, hazırki iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Beləliklə, məhkəmə tərəfindən iddiaçılara hazırkı tələblə aidiyyəti üzrə icra icraatı baxılması üçün aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhkəmə qərarının düzgün icra olunaraq ilkin texniki pasport üzrə kootdinatlara uyğun tərtib edilməsi” tələbinə barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar