Məhkəmə qərarları › İş №2-1(112)-8190/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8190/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8190/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X9 “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X1 nümayəndəsi X13 iştirakları ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyət hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 3 mart 1951-ci il tarixli 6 №-li protokol qərarından çıxarışa əsasən Mərdəkan kəndində 0,50 ha boş bağ sahəsi X6 verilmişdir. X2 vəfatından sonra 0.50 ha bağ sahəsi Bakı Şəhər İcraiyyə Komitəsinin bağ təsərrüfatı trestinin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.1963-cü il tarixli akta əsən 0.50 ha torpaq sahəsinin 0.25 ha torpaq sahəsinə dair X2 yoldaşı X14 adına xx.xx.1963cü il tarixli, 1778 nömrəli müqavilə tərtib edilmişdir. Daha sonra xx.xx.1963-cü il tarixli, 1778 nömrəli müqavilənin müddəti bitdiyindən X22 ilə xx.xx.1980-ci il tarxli, 1778 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə torpaq sahəsinin ölçüsü 0,20 ha qeyd edilmişdir. 31 may 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən 01 oktyabr 1981-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi X10 və X3r. Onlar, miras əmlakdan ½ hissədə irs almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, **********02 reyestr nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 622 saylı bağ sahəsi üzərində X4 (1/2 hissə) və X1 (1/2 hissə) mülkiyyəti hüququ qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixli, 617492 №-li daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X9 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 622 saylı bağ sahəsi ünvanında yerləşən mülkiyyətdə olan 0,2 ha torpaq sahəsindən ona məxsus olan ½ hissədən 300 kv.m torpaq sahəsini qardaşı X7 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, **********41 reyestr nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan (0,13 ha) üzərində X4 mülkiyyəti hüququ qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 617492 №-li daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X10 ünvan ünvanında yerləşən, ümumi sahəsi 0,13 ha olan torpaq sahəsinin 700 kv.m hissəsini bacısı olan X5 bağışlamışdır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 622 saylı bağ sahəsinin qalan 0,05 ha hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1951-ci il tarixli, 1778 nömrəli, müqavilə bağlanmış, həmin müqavilə üzrə torpaq sahəsinin ölçüsü 0,20 ha qeyd edilmiş və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X16 Sovetinin 3 mart 1951-ci il tarixli qərarı ilə X8 ayrılmış 0,50 ha torpaq sahəsinin qalan 500 kv.metr hissəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olmasına dair arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 3 mart 1951-ci il tarixli 6 №-li qərarına əsasən atası X6 torpaq sahəsi verilmişdir Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsinə heç bir etirazının olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 3 mart 1951-ci il tarixli 6 №-li protokol qərarından çıxarışa əsasən Mərdəkan kəndində (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 622 saylı bağ sahəsi) 0,5 ha boş bağ sahəsi X6 verilmişdir. X2 vəfatından sonra 0.50 ha bağ sahəsi Bakı Şəhər İcraiyyə Komitəsinin bağ təsərrüfatı trestinin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.1963-cü il tarixli akta əsən 0.5 ha torpaq sahəsinin 0.25 ha torpaq sahəsinə dair X2 yoldaşı X32 adına adına xx.xx.1963-cü il tarixli, 1778 nömrəli müqavilə tərtib edilmişdir. Daha sonra xx.xx.1963-cü il tarixli, 1778 nömrəli müqavilənin müddəti bitdiyindən X22 ilə xx.xx.1980-ci il tarxli, 1778 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə torpaq sahəsinin ölçüsü 0,20 ha qeyd edilmişdir. Qeyd olunan torpaq sahəsinin 0,20 ha hissəsi üzərində X4 və X1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. X11 həmin bağ sahəsinin 0,05 ha hissəsinə (500 kv.metr) mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin 500 kv.metr hissəsinin mərhum atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədə malikdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) Təqdim olunan sənədlər surətdir; 2) Bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1951-ci il tarixli, 1778 nömrəli, müqavilə bağlanmış, həmin müqavilə üzrə torpaq sahəsinin ölçüsü 0,20 ha qeyd edilmiş və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 3 mart 1951-ci il tarixli 6 №-li qərarının arxiv nüsxəsinə istinad edir. İddiaçınının təqdim etdiyi həmin qərar torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, qeyd olunan bağ sahəsinin 0,20 hektar hissəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış şəxslərin həmin torpaq sahəsinə ilkin hüquq müəyyənedici sənədləri Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 3 mart 1951-ci il tarixli 6 №-li qərarıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, X2 həyat yoldaşı X14 adına xx.xx.1963-cü il tarixli, 1778 nömrəli müqavilə tərtib edilmiş, daha sonra xx.xx.1963-cü il tarixli, 1778 nömrəli müqavilənin müddəti bitdiyindən X22 ilə xx.xx.1980-ci il tarxli, 1778 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə torpaq sahəsinin ölçüsü 0,20 ha qeyd edilmişdir. Məhkəməyə qeyd edir ki, Mərdəkan kəndində (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 622 saylı bağ sahəsi) 0,5 ha boş bağ sahəsi X11 ayrılmasına dair Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 3 mart 1951-ci il tarixli 6 №-li qərarı ləğv edilməmiş, dəyişdirilməmiş, geri çağırılmamışdır. Həmin qərar əsasında ayrılmış torpaq sahəsinin digər hissələri özəlləşdirilmiş, hazırda iddia edilən 500 lv.m torpaq sahəsi üzərində heç bir şəxsin hüquqları qeydə alınmamış, kənarda qalmışdır. Həmçinin məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında iddiaçının hüquqların qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin boş torpaq sahəsi olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri X16 Sovetinin 3 mart 1951-ci il tarixli qərarı ilə X8 ayrılmış 0,50 ha torpaq sahəsinin qalan 500 kv.metr hissəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar