Məhkəmə qərarları › İş №2-1(112)-8192/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8192/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8192/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “razılıq məktubunun verilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi, 19a№ li evin, 1 saylı mənzilimin altında yerləşən və istifadəmdə olan ümumi sahəsi 60.0 kv.m- dən ibarət olan 2 otaqlı qeyri-yaşayış sahələrinə dair icarə müqaviləsi bağlamaq üçün razılıq məktubunun verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin vəzifəli şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bağırov X1, 19a №li evin,1 №li mənzilinin mülkiyyətçisidir. Bu bina yaşayış ücün istifadəyə verildiyi gündən indiyənədək həmin mənzildə yaşayır. Yaşayış evi 3 pilləkən qəfəsəsindən (blokdan) ibarətdir. Evin 1-ci mərtəbəsi tamamilə qeyri- yaşayış sahələrindən, 2-ci və 9-cu mərtəbələri isə yaşayış mənzillərindən ibarətdir. Ev 1986-cı ildə Dövlət Tikinti Bankı tərəfindən öz işçiləri üçün inşa edilmişdir. Evin 1-ci blokunun 1-ci mərtəbəsində, 1 saylı mənzilinin altında yerləşən ümumi sahəsi 60.0 m2- dən ibarət olan 2 otaqlı qeyri- yaşayış sahəsi uzun illərdi ki, (ilk gündən) onun istifadəsindədir, həmin sahəni təmir etdirmiş və kommunal xərcləridə (işıq) onun adınadır və müntəzəm olaraq həmişə o ödəyib. Evin layihəsi üzrə 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.0 m2 - dən ibarət olan 2 otaqlı qeyri-yaşayış sahəsində su, qaz, kanalizasiya xəttləri nəzərdə tutulmamışdır. Yalnız işıq sistemi ilə təhciz olunmuş və sonradan onun adına elektrik sayğacı quraşdırılmışdır. Əvvəllər bir neçə il işıqdanda ödənişsiz istifadə etmişdir. Ancaq 2000-ci illərin əvvələrində 44 Barmek”MMC Azərbaycana gəldikdən sonra həmin təşkilat işıqdan istifadə etmək üçün elektrik sayğacı quraşdırılmasını tələb etdi. Bundan sonra sözü gedən qeyri-yaşayış sahəsi onun nəzarətində olduğu və mənzilin alt hissəsində yerləşdiyi üçün elektrik sayğacı onun adına quraşdırıldı. Hal-hazırda da istifadə etdiyi işıq ödənişini müntəzim olaraq vaxtı-vaxtmda ödəyir. İddiaçı ünvan 1 ünvanda yerləşən 2 otaqlı, mənzilinin alt hissəsində yerləşən ümumi sahəsi 60.0 kv.m-dən ibarət olan 2 otaqlı qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 3-21-3/2-B-0245/03-8/2024 saylı, xx.xx.2024-cü il tarixli müraciət etdi. Lakin ona ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sahənin icarəyə verilməsinə dair razılıq məktubu təqdim ediləcəyi halda onunla icarə müqaviləsinin bağlanması üçün Xidmətdə qanuna müvafiq tədbirlər görüləcəkdir. Güründüyü kimi yuxarıda göstərilən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamaq ücün Nərimanov rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən razılıq məktubunun verilməsi tələb olunur. Bu səbəbdən də İddiaçı göstərilən qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsinin onunla bağlanması üçün razılıq məktubunun verilməsi ilə bağlı rəsmi qaydada cavabdeh Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət etdi. Lakin cavabdeh tərəfindən ona ünvanlanmış 3-52-13-5/2-B-150-25-146/2024 № li 28 dekabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, sözü gedən qeyri-yaşayış sahələri uzun müddət heç bir hüququ əsas olmadan istifadə edilmişdir. Lakin 2022-ci ildə qonşular (məktub mənə xx.xx.2025-ci ildə verilmişdir) ilə aranızda yaranmış mübahisəli vəziyyət nəzərə alınaraq həmin qeyri-yaşayış sahələrindən istifadəniz dayandırılmışdir. (qonşular ilə mənim aramda olan mübahisələrə dair onların hüquqlarının olub olmaması göstərilməmişdir) Həmçinin göstərilmişdir ki, mövcud qanunvericiliyə görə dövlət mülkiyyətində olan yaşayış binalarında qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi və ya icarəyə verilməsi Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətindədir. O cavadehə ünvanladığı məktubunda qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi və ya icarəyə verilməsi üçün razılığın verilməsini xahiş etmişdi. Cavabdehin ona ünvanladığı məktubunda razılıq məktubu vermək əvəzinə məktubda dövlət mülkiyyətində olan yaşayış binalarında qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi və ya icarəyə verilməsi Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətindədir olduğunu göstərərək tələb olunan razılıq məktubunu verməkdən imtina etmişdir. ünvan 1 ünvanda yerləşən və uzun illər onun istifadəsində olan 2-otaqlı mənzilinin alt hissəsində yerləşən ümumi sahəsi 60.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamaq üçün razılıq məktubunun verilməsi vəzifəsi cavabdehin vəzifəli şəxsinin üzərinə qoyulmalıdır. O, istifadəsində olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlayaraq dövlət büdcəsinə ödəniş etmək və uzun illər istifadəsində olan sahədən qanuni qaydada istifadı etmək istəyir. Lakin hansısa ona məlum olmayan səbəblərdən cavabdeh təşkilatın vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsinə pul vəsaiti ödəməyə və qanuni qaydada işləməyə imkan vermirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia predmet və subyekt baxımından inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhər, N.Nərimanov rayonu, Təbriz küçəsi, 19a nömrəli evin, 1 saylı mənzilinin altında yerləşən 2 otaqlı qeyri-yaşayış sahəsinin istifadəsində olduğunu əsas gətirməklə Bakı şəhəri Nərimanov rayonMənzil-Kommunal Təsərrüfatı Birliyinə həmin qeyri-yaşayış sahəsi ilə bağlı onunla icarə müqaviləsinin bağlanması üçün müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir. İmtinanın əsasları qismində sözügedən sahədən iddiaçının hüquqi əsas olmadan istifadə etməsi, 2022-ci ildə yaranmış mübahisə əsasında qeyri-yaşayış sahəsindən iddiaçının istifadəsinin dayandırılması və dövlət mülkiyyətində olan yaşayış binalarında qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi səlahiyyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğu göstərilmişdir. Hazırda iddiaçının tələbi Cavabdeh tərəfindən Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi, 19a № li evin, 1 saylı mənzilinin altında yerləşən ümumi sahəsi 60.0 kv.m- dən ibarət olan qeyri-yaşayış sahələsinə dair icarə müqaviləsinin bağlanması üçün balanssaxlayıcı Nərimanov rayon Mənzil Kommunal Birliyinin razılıq məktubunun təqdim edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin yönəldiyi Cavabdeh inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»da inzibati orqan və ya Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs kimi nəzərdə tutulmamışdır. İddia tələbi üzrə Cavabdeh inzibati orqan olmadığından tərəflər arasında mübahisə də inzibati hüquq xarakterli mübahisə deyildir və belə bir mübahisə inzibati məhkəmə icraatının predmeti ola bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən birincisi iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar