Məhkəmə qərarları › İş №2-1(112)-8193/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8193/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8193/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1988-ci ildə Ermənistan SSR-dən qaçqın gəlmiş. ünvan 1 ünvanında məskunlaşıblar. Nərimanov rayon XDS İK- mn xx.xx.1989-cu il tarixli 19/297 saylı qərarı ilə Ermənistan SSR-dən gəlmiş və özbaşına tikililərdə məskunlaşmış Azərbaycan milliyətinə mənsub vətəndaşların texniki vəziyyəti, yaşayış sahəsi və yerləşmə yerindən asılı olmayaraq həmin tikililərə daimi pasport qeydiyyata alınması rayon mənzil istismar idarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 №-li Fərmanına əsasən evlər qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 217 saylı Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2002-ci il tarixli 4 nömrəli protokolundan çıxarışı ilə BŞİHnə daxil olmuş 28.02.02-ci il tarixli Nərimanox RİH-nin 7-976/7 nömrəli məktubu Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı2 yaşadığı Nərimanov rayonu. V.Plotnikov küçəsi, 56 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi edilmiş və razılıq verilməsi qərara alınmışdır. İşdən görünür ki, həmin sərəncama əsasən ünvan 3 ünvanında yerləşən evə dair xx.xx.2002-ci il tarixdə texniki pasport tərtib edilmiş, texniki pasporta əsasən yaşayış evi 4 otaqlı olmaqla, ümumi sahəsi 85.1 kv.metr, yaşayış sahəsi 62 kv.metr, köməkçi sahəsi isə 23.1 kv.metr olmuş, tikintialtı sahə 106.37 kv.metr faktiki torpaq sahəsi isə 115.45 kv.metr olmuşdur. 56 saylı ev İddiaçı2 adına mülkiyyət hüququ ilə qeydə alınmış, bu barədə ona Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.2002-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçılar 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan şəxslər olmuş. Fərmanın 7-ci bəndi qüvvədən düşənə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmış, daha sonra isə həmin ev onların mülkiyyətinə verilmişdir. Lakin həmin tikilinin yerləşdiyi və dövlət mülkiyyətində olan torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilməmişdir. Cavabdehin etirazı onunla əsaslandırılır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** və ********** nömrəli ərizələrlə İdarəyə müraciət etmiş **********39 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq 5-14/2-735/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin tikintisi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələblərinə riayət olunmamışdır. Odur ki, fərdi yaşayış evində inşa edilmiş əlavə tikililər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məqsədəuyğun hesab etmirik. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı faktiki bir tikilidən ibarət olan daşınmaz əmlak iddiaçılar tərəfinindən təqdim edilmiş layihədə 2 tikili kimi göstərilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Çıxarışın surətindən görünür ki, ünvan 5 qaydalarla: AZ 1007, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların paylı mülkiyyətindədir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə göndərilmiş sorğuya 5-14/2-735/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin tikintisi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələblərinə riayət olunmamışdır. Odur ki, həmin evin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədəuyğun hesab edilmir.Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı faktiki bir tikilidən ibarət olan daşınmaz əmlak tərəfinizdən təqdim edilmiş layihədə 2 tikili kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında iddianın mümkünlük şərtlərinin ödənilməsinə münasibətdə aparılmalı olan yoxlama çərçivəsində iddianın mümkünlüyünü istisna edən hallar öz əksini tapmışdır ki, məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olmayan iddiadır. Məhkəmə bildirir ki, iddiaçıların hazırkı iddia tələbi ilə çatmaq istədiyi məqsəd ünvan 5 ünvanlaşmaya əsasən: Vladislav Plotnikov küçəsi, giriş 84) ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. İddiaçılar öz tələblərini mövcud çıxarışa (həmin ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin bir hissəsinə dair dövlət qeydiyyatı aparılmışdır), eyni zamanda fərdi yaşayış evinin layihəsinə və texniki pasportuna istinad etməklə əsaslandırırlar. Onlar evin ümumi sahəsinin 416,25 kv.m olduğunu göstərərək, bu sahənin mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyirlər. Lakin burada hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edən məsələ, həmin tikilinin “məlumatlandırma icraatı” əsasında inşa edilən tikili kimi qiymətləndirilibqiymətləndirilməməsinin müəyyənləşdirilməsidir. Məhkəmə diqqətə çatdırır ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə görə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Göründüyü kimi, mövcud qanunvericilik məlumatlandırma icraatının tətbiq edilməli olduğu tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsininin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. Tikilinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili olması üçün isə həmin tikili aşağıdaki göstəricilərə malik olmalıdır: -mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa olunmalı; -yerüstü mərtəbələrinin sayı 3-dən çox olmamalı; -hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) çox olmamalı; -aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Göründüyü kimi tikilinin məlumatdırma icraatı tətbiq edildiyi tikili olması bilavasitə mərtəbələrin sayından, hündürlüyündən və aşırımların uzunluğundan asılıdır. Məhkəmənin diqqətə çatdırır ki, cavabdeh mübahisəli tikilinin məlumatlandırma icraatı əsasında inşa olunmuş tikili olmadığı qənaətinə gəlmiş və bu qənaəti Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmi məktubuna istinadla əsaslandırmışdır. Həmin məktubda iddia olunan fərdi yaşayış evinin tikintisi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edilmədiyi açıq şəkildə göstərilmişdir. Göründüyü kimi, cavabdeh bu mövqeyini özbaşına deyil, məhz səlahiyyətli dövlət qurumunun rəsmi mövqeyinə istinad edərək irəli sürmüşdür. Məhkəmə bu baxımdan hesab edir ki, iddiaçıların hazırda mülkiyyət hüququnun qeydiyyatına dair hüquqi maraqları aydın deyil. Onların ilkin olaraq Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə həmin tikilinin hüquqi statusunu, yəni məlumatlandırma icraatı tətbiq olunan tikili olub-olmamasını aydınlaşdırmaları, zəruri hallarda isə tikintiyə icazə ilə bağlı sənədləşməni tamamlamaqla hüquqi əsas yaratmaları zəruridir. Qeyd olunur ki, cavabdeh əmlak orqanı Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hallarda hüququn qeydini həyata keçirə bilər. Nə qədər ki, məlumatlandırma icraatının tələblərinə əməl olunduğu səlahiyyətli inzibati orqan tərəfindən müəyyən edilməyib, səlahiyyətli orqanın iradəsindən kənar əmlak orqanı tərəfindən həmin halların öz təşəbbüsü ilə müəyyən edilməsi digər inzibati orqanın səlahiyyətlərinin mənimsəməsidir. Necə ki, Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş akt olmadan hər hansı hüquq qeydiyyata alınmır, məlumatlandırma icraatı ilə bağlı irad bildirildiyi halda cavabdeh tərəfindən hər hansı hüququn qeydindən də söhbət gedə bilməz. Odur ki, məhkəmə hesab edir ki, indiki halda iddiaçıların tələbləri mümkünlük şərtlərinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar