Məhkəmə qərarları › İş №2-1(112)-8194/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8194/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8194/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 8 nömrəli mənzil Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 1948 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı və həmin sərəncama əsasən verilmiş 009896 saylı, xx.xx.1998-ci il tarixli order əsasında ona ayrılmışdır. Həmin vaxtdan qeyd edilən mənzildə ailəsi ilə birlikdə yaşayır. Həmçinin iddia ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsinin və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı və ailə üzvləri həmin ünvana pasport qeydiyyatına alınmışdır. ünvan 2 ünvanda yerləşən 8 nömrəli mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə tələb olunan sənədlər əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan ərizəni təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirilmişdir ki, qeyd olunan mənzilin verilməsi haqqında Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 1948 saylı, xx.xx.1998-ci il tarixli sərəncamında və sərəncama əsasən verilmiş 009896 saylı xx.xx.1998-ci il tarixli orderdə İddiaçı təvəllüdü 1964-cü il qeyd olunsa da, ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsində İddiaçı təvəllüdü 1967-ci il qeyd olunmuşdur. Cavabdeh orqanın imtinası ilə bağlı bildirilir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçının 1948 saylı xx.xx.1998-ci il tarixli sərəncamında və sərəncama əsasən verilmiş 009896 saylı xx.xx.1998-ci il tarixli orderdə onun təvəllüdünün “1967” əvəzinə “1964” göstərilməsi onun günahı deyil və həmin sərəncam və orderi ona vermiş dövlət orqanlarının əməkdaşları tərəfindən edilmiş texniki yalnışlıq onun hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz.

3. İddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 1948 saylı, xx.xx.1998-ci il tarixli sərəncamında və sərəncama əsasən verilmiş 009896 saylı xx.xx.1998-ci il tarixli orderdə İddiaçı təvəllüdü 1964-cü il qeyd olunsa da, ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsində İddiaçı təvəllüdü 1967-ci il qeyd olunmuşdur. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan sonra iddiaçının müraciətinə yenidən baxılacaqdır.

4. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçının xx.xx.1998-ci il tarixli, 1948 nömrəli sərəncamına əsasən İddiaçı 6 nəfər ailə tərkibi ilə (X3, X10, X5, X14 və X15) birlikdə ünvan 2 ünvanda yerləşən 8 nömrəli mənzilə dair order ayrılmışdır.

5. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçının xx.xx.1998-ci il tarixli 009896 saylı orderinə əsasən İddiaçı və onun 6 nəfərdən ibarət ailə üzvlərinə - X3, X13, X5, X14 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şossesi 41 ünvanda yerləşən 8 nömrəli mənzil ayrılmışdır.

6. İddiaçının ailə üzvləri arvadı – X3, oğlu – X5, qızı – X10, qızı – X11 notariat qaydasında təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən 8 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsinə etiraz etmədiklərini bildirilmişdirlər. Lakin ailə üzvlərindən X4 razılıq ərizəsi iş materiallarına əlavə olunmamışdır.

7. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 1948 saylı, xx.xx.1998-ci il tarixli sərəncamında və sərəncama əsasən verilmiş 009896 saylı xx.xx.1998-ci il tarixli orderdə İddiaçı təvəllüdü 1964-cü il qeyd olunsa da, ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsində İddiaçı təvəllüdü 1967-ci il qeyd olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********51 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, 2 və 3 saylı yaşayış otaqlarının arasındakı arakəsmə divarı ləğv edilmiş və otaqlar bir otaqda birləşdirilmişdir. 9 saylı 9,18 kv.m-lik yaşayış otağının qarşısındakı 10 saylı 4,3 kv.m-lik lociya sahəsi ilə arası açılıb birləşdirilmişdir və birlikdə yaşayış otağı kimi sahəsi 13,86 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lif şaxtası və digər şaxtalar, bacalar,sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 272 saylı Fərmanının 1.4cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 27-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini ünvan 2 ünvanda yerləşən 8 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının rekonstruksiyadan əvvəl ilkin texniki vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi dəyişdirmişdir.

9. Cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etməmişdir.

10. İdarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama-ölçü işləri ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, bina 41, 8 nömrəli mənzilin yerləşdiyi bina 8 girişli, 5 mərtəbəli, 90 mənzillidir. 2-3 arası və 9-10 arası rekonstruktiv birləşmə aparılmışdır. Mənzil 3 ədəd ayrı tikilidən ibarət 8 girişli, 5 mərtəbəli binanın 1-ci giriş bloku üzrə 4-cü mərtəbəsində yerləşir. Mənzilin ümumi sahəsi köməkçi sahələrin və lociya sahələrinin dəqiqləşdirilməsi hesabına müəyyənləşdirilmişdir. 2 və 3 saylı yaşayış otaqlarının arasındakı arakəsmə divarı ləğv edilmişdir və otaqlar bir otaqda birləşdirilmişdir. 9 saylı 9,18 kv.m-lik yaşayış otağının qarşısındakı 10 saylı 4,3 kv.m-lik lociya sahəsi ilə arası açılıb birləşdirilmişdir. Birlikdə yaşayış otağı kimi 13,86 kv.m-dir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) dəqiqləşmiş iddia tələbinin məzmununa uyğun izahat verdi.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. X18 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

19. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

20. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

25. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu təsdiq edilmiş, 2-ci bənddə “Dövlət reyestrindən elektron çıxarışda göstərilən məlumatlar” nəzərdə tutulmuş, həmin məlumatlar siyahısında “vətəndaşın təvəllüdü” göstərilməmişdir.

26. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş qüvvədə olan order mövcuddur. Həmin orderdə mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur. Evin və mənzilin nömrəsi ilə bağlı mübahisə və texniki yanlışlıq mövcud deyildir.

27. İddiaçının təvəllüdü ilə bağlı məlumatlarda yanlışlığa yol verilmişdir.

28. Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eləcə də həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir.

29. Odur ki, məhkəmə qeyd edir ki, fakt qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir.

30. Hazırda isə qeyd edilən sərəncamda şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə bağlı deyil, təvəllüdü ilə bağlı yol verilmiş yanlışlıqdır. Odur ki, qeyd edilən halda, hüquqmüəyyənedici sənədin şəxsə məxsusluğu faktının müəyyən edilməsi zərurəti yoxdur. Ailə üzvləri tərəfindən təsdiq olunmuş razılıq ərizələri hüquq sahibinin məhz xx.xx.1967-ci il təvəllüdlü İddiaçı olduğunu təsdiq edir.

31. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

32. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X7rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

33. İddiaçının ailə üzvləri tərəfindən təqdim edilmiş razılıq ərizələrində mənzilin iddiaçının adına özəlləşdirilməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsinə etiraz edilməmişdir. Odur ki, müvafiq qaydada verilmiş razılıq ərizələri əsasında (mənzil üzərində mülkiyyət hüququnun tanınmasına dair) iddiaçının mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq hüququ vardır.

34. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

35. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil.

36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1948 nömrəli sərəncamı və həmin sərəncama əsasən verilmiş xx.xx.1998-ci il tarixli 009896 nömrəli orderə əsasən orderdə göstərilmiş ailə üzvləri tərəfindən müvafiq razılıq ərizələrinin təqdim olunması şərtilə ünvan 2 ünvanda yerləşən 8 nömrəli mənzilə dair rekonstruksiyadan əvvəl ilkin texniki vəziyyətinə uyğun İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar