Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8195/2022 10.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Məmməd-zadə Orxan Oqtay oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviliyə əsasən 1994-cü ildə İddiaçı MMC yaradılmışdır. ARDNŞ İddiaçı MMC-nin fəaliyyəti həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. İddiaçı MMC isə, öz fəaliyyətini həyata keçirmək üçün ARDNŞ-nin təqdim etdiyi əsas vəsaitləri, ərazini və xariçi investorların qoyduğu sərmayələrdən istifadə edir və hər il fəaliyyət barədə təsisçiləri qarşısında hesabat verir. Həmin ərazi (torpaq sahəsi) 1:10000 xəritə ilə təsdiq edilmişdir. Hal-hazırda MMCnin istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onun qanunla qorunan hüquqlarınızı pozur və mənafelərinə toxunur. Onlara qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, onlar qurumun haqlı tələblərinə əhəmiyyət vermədən tikintini davam etdirirlər. İddiaçı MMC-nin qanuni istifadəsinə olan Sabunçu rayonu, Ramana qəsəbəsi, 39T 415851.61; ******* koordinatları üzrə yerləşən, 0.06 ha torpaq sahəsində vətəndaş X6 tərəfindən tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində Zərri Hüseynova həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 8 may 2008-ci il tarixli reyestrdən çıxarışı təqdim etmişdir. Halbuki, qeyd edilən torpaq sahəsi neft və qaz əməliyyatlarının aparılması üçün istifadəmizə verilmiş strateji əhəmiyyətli ərazidir və burada tikinti işlərinin aparılması qəti qadağandır. İddiaçı MMC-nin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyularm istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin MMC yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununun və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarının müddəalarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 111-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 239.2, 157.2, 157.8-ci maddələrinə, MPM-in 77.2-ci maddəsinə əsaslanaraq, İPM-in 2, 8, 25, 32, 45, 46, 68 – 70-ci maddələrini rəhbər tutaraq, məhkəmədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X2 mülkiyyət hüququnun qeydiyyatına dair verilmiş reyestrdən çıxarışın ləğv edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54-cü maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 avqust 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı MMC-nin iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Məmməd-zadə Orxan Oqtay oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı məhkəmə icraatında İddiaçı MMC müvafiq torpaq sahəsinə X4 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını mübahisələndirir. Lakin işdə olan sənədlərdən məlum olur ki, torpaq sahəsinə X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı onunla X5 arasında notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” əsasında aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırda müvafiq torpaq sahəsinə dair mövcud qeydiyyatı inzibati məhkəmə icraatı qaydasında deyil, alqı-satqı müqaviləsi ilə birlikdə mülki məhkəmə icraatı qaydasında mübahsələndirməlidir. Məhkəmənin qənaətinə görə İddiaçı MMC-nin hazırkı iddiasına məhkəmədə iddia qaldırılmamışdan əvvəl hazırkı cavabdeh inzibati orqana müraciət edib-etməməsindəın (cavabdehin dəlili bununla bağlıdır) asılı olmayaraq, inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz, odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8195/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8195/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver